AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Pinəçi

Nümunənin reyestr kodu : DA0104000039

Azərbaycanın milli geyim fonduna daxil olan ayaqqabı növlərinin hazırlanmasında başmaqçı, şəkməçi, çustçu, çarıqçı və s. peşələrin nümayəndələri fəaliyyət göstərmişlər. Çəkmə, başmaq, məst, çarıq kimi ayaqqabı geyim növləri hazırlayan ustaların bir qismi pinəçiliklə də məşğul idilər, yəni hazırladıqları ayaqqabının təmirini də həyata keçirirdilər. Bu peşələrlə sıx bağlı olan pinəçilik isə ayaqqabı istehsalında müstəqil peşə kimi sənətdaxili ixtisaslaşma nəticəsində ortaya çıxmışdır. Bir neçə növ ayaqqabının təmiri üzrə ixtisaslaşmış pinəçilik peşəsi ayaqqabı istehsalı ilə məşğul olan digər peşə növləri ilə müqayisədə fabrik məhsullarının ortaya çıxmasına uyğunlaşmışdır. Pinəçilik peşəsi insanların zövqlərinin inkişaf etməsi, şəhər həyatının inkişafı ilə sıx bağlı idi. Müştərinin çox olması səbəbindən pinəçilər əsasən şəhər yaşayış məskənlərində fəaliyyət göstərirdilər.

Pinəçilər həm kişi, həm də qadın ayaqqabılarını təmir edirdilər. Müxtəlif ayaq geyimlərini hazırlayan sənətkarlardan fərqli olaraq, pinəçi əksər ayaqqabı növlərinin təmirini həyata keçirirdi. Eyni zamanda pinəçi bazar üçün deyil, yalnız sifarişlə iş görür, müştərilərin sifarişi ilə ayaqqabılarını təmir edirdi. Pinəçilik daha çox şəhər peşəsi sayılırdı. Çünki kənd yerləri üçün xarakterik olan ayaq geyim növləri (məsələn, çarıq) əksər hallarda kustar üsullarla bacarıqlı şəxslər və ya ayaqqabı sahibi tərəfindən təmir edilirdi.

Xırda əmtəə istehsalı səciyyəsi daşıyan pinəçi dükanları sənət və ticarət mərkəzlərinin hamısında, şəhərlərin gur ticarət həyatına malik mərkəz hissələrində, bazar və məscid meydanlarının kənarlarında yerləşirdi. Bir sıra hallarda başmaqçı, çəkməçi, çarıqçı, çustçular pinəçi funksiyasını da yerinə yetirirdilər. Fabrik məhsullarının geniş yayılması başmaqçı, çarıqçı, çəkməçi və s. peşə növlərini sıradan çıxarsa da, pinəçilik işi mövcudluğunu saxlamış, yenidən ixtisaslaşma baş vermiş, ayaqqabı təmiri fabrik ayaqqabı istehsalı ilə uzlaşdırılmış, yeni iş üsullarından, alətlərdən istifadə edilmişdir.

Pinəçinin əmək alətləri ayaqqabı ustalarının əmək alətləri ilə müqayisədə sayca az idi. Pinəçilər iş zamanı bıçaq, tişə, biz, iynə, çəkic, ip, mum və s. əmək alətləri və vasitələrdən istifadə edirdi. Pinəçi işi miz üzərində icra olunduğundan işıq düşmək üçün dükanın pəncərələri döşəməyə çox yaxın düzəldilirdi. İş zamanı ayaqqabı ya yamanır, yaxud da müəyyən bir hissə dəyişdirilərək yenidən tikilirdi. Buna görə də pinəçilər də müxtəlif rəng və keyfiyyətdə sağrı, gön, müşkü, tumac, müşənbə, ətvi ehtiyatı görürdülər, yaxud ayaqqabı sexləri ilə sıx əlaqə qurub dükanını zəruri materiallarla təmin edirdi.

Pinəçinin işi təmir olunacaq ayaqqabının vəziyyətindən asılı olur. Ayaqqabıya yeni altlıq salmaq tələb olunursa, pinəçi əvvəlcədən tədarük gördüyü, müxtəlif ölçülərdə, eləcə də fərqli materiallardan hazırlanmış altlıqlardan istifadə edir. Altlıqlar mismarlanır, yapışdırılır, yaxud da ayaqqabının üstünə çiriş vasitəsilə tikilir. Bəzi hallarda yeni alınmış ayaqqabıların ayağa rahat oturması üçün pinəçi onu qəlibə salır, müəyyən qədər genəlməsinə nail olur. Yaxud da, yeni ayaqqabının altlığı daha etibarlı olması, yağışda, qarda qopmaması üçün yenidən çirişlə üzlüyə tikilir. Pinəçilər həm əməli, həm də dekorativ məqsəd daşıyan müxtəlif tikiş növlərinə üstünlük verirlər.

Pinəçilik Azərbaycanda qədim peşələrdən biridir. Adətən bu peşəni nəsil davamçıları bir-birinə ötürərək yaşatmışlar. XIX əsrdə xırda əmtəə istehsalı səciyyəsi daşıyan çəkməçi, başmaqçı, çustçu ayaqqabı dükanları, əsasən, şəhərlərdə mərkəzləşmişdi. 1849-cu ildə Gəncədə 75 nəfər çəkməçi işləyirdi. Çəkmə istehsalının qabaqcıl mərkəzlərindən olan Şamaxı şəhərində 1859-cu ildə 30 nəfər çəkmə ustası var idi. 1854-cü ildə Ordubadda çəkməçilərin sayı 24 nəfərə çatırdı. XIX əsrin 30-cu illərində Azərbaycan şəhərlərində 327 nəfər başmaqçı var idi. XIX əsrin ortalarında onların sayı 579 nəfərə çatmışdı. Başmaqçılığın inkişafı baxımından Şamaxı və Nuxa şəhərləri xüsusilə fərqlənirdi. XIX əsrin ortalarında Şamaxıda 227, Nuxada isə 147 nəfər başmaqçı işləyirdi. XX əsrdə fabrik istehsalının artması tədricən çəkməçilik, başmaqçılıq, çustçuluq peşəsinin tənəzzülə uğramasına səbəb olmuş, eyni zamanda pinəçilik peşəsinin inkişafına, yeniliklərə uyğunlaşmasına gətirib çıxarmışdır.