Gümüşkarlıq (gümüşbəndlik)
Nümunənin reyestr kodu : DA0104000033
“Gümüşkarlıq”, yaxud “gümüşbəndlik” peşəsi gümüş məmulatının istehsalı üzrə dar ixtisaslaşma nəticəsində meydana çıxmışdır. Gümüşkarlıq məmulatı (kəmər, soyuq silahların dəstəyi və qını, boyun və baş zinətləri, vəznə, düymə, başmaq dabanı, bəzi məişət qabları) nisbətən ucuz başa gəldiyindən daha geniş ərazidə yayılmışdı. Bununla belə, hər bölgənin gümüşkarlığı özünəməxsus məhəlli xüsusiyyətləri ilə seçilirdi. Zərgərlikdə, qızıl məmulatının hazırlanmasında işlənən əmək alətləri (zərgər kürəsi, körük, zindan, məngənə, çəkic, kəlbətin, həddə, simkeş, qələm, biz, sümbə, bıçaq, matqab, buta, hövnə, yeyə, sürtgəc, maqqaş, məhək daşı, zərrəbin və s.) və istehsal prosesləri (əritmə, döymə, zolaqlama, hədələmə, burma, eşmə, oyma, cızma, taraşlama, lehimləmə və b.) müştərək səciyyə daşımaqla, eynilə gümüşbəndlik sənətində də tətbiq edilmişdir.
Keçmişdə varlı zümrələr zinət və cavahirata xüsusi əhəmiyyət verdiklərindən onların sifarişi ilə düzəldilən zinət şeyləri, bir qayda olaraq, mina ilə bəzədilirdi. Minalı məmulat istehsalının inkişafı zərgərlik sənətində spesifik istehsal texnologiyasına malik xüsusi bir sahənin – minasazlığın yaranmasına səbəb olmuşdur. Minasazlıq məmulatı, əsasən, qadın zinətlərindən – baş (alın, üz, qulaq), sinə, bilək, barmaq və paltar bəzəklərindən ibarət olmuşdur. Keçmişdə qılınc və xəncər qınının üzəri, məişət qabları, xüsusilə çay və xörək qaşıqları, dəmsüzən, habelə pərdə qotazlarının müvafiq hissələri də mina ilə bəzədilirdi.
Minalı məmulatın istehsal texnologiyası zərgərliyin başqa üsullarının (qələmkarlıq, basmaqəlib, şəbəkəçilik) davamı olmaqla, hazır zinətin üzərini mina maddəsi ilə bəzəməkdən ibarət olmuşdur. Mina həm bütövlükdə zinətin səthinə, həm də onun polad qələmlə açılmış oyma naxışlarına yaxıla bilirdi. Zinətin bədii tərtibatından və dekor tələbindən asılı olaraq abı, yaşıl, qızılı, çəhrayı, narıncı, sumağı, ağ rəngli minaların açıq, tünd, şəffaf və s. kimi müxtəlif çalarları tətbiq edilmişdir.
“Savad” adlanan qara mina ilə ən çox gümüş məmulatı bəzədilirdi. Azərbaycanda gümüşkarlığın başlıca məziyyətini “savad”ın həddən ziyadə davamlı olması təşkil etmişdir. Qarasavad kütləsinin tərkibi gümüş, qurğuşun, mis, kükürd, potaş (qələvi ağ maddə) və duzdan ibarət hazırlanırdı. Qarasavad texnikası məmulatın bədii təsir gücünü və estetik ifadəliliyini daha da artırdığından bəzən qızıl zinətlərdə də tətbiq edilirdi. Qara minanın fonunda işlənmiş naxış dekoru məhz gümüş üzərində daha aydın və səlis rəng uyarı yaradır. Gümüş məmulatının qabarıq naxışlarının şəffaflığı ilə savadın qara rənginin parıltısı cazibədar ahəngdarlıq əmələ gətirir. Bilavasitə savadlama əməliyyatına başlanılmazdan əvvəl gümüş lövhə döymə və ya qəlibkarlıq üsulu ilə işlənib məmulatın forma və ölçüsünə uyğun şəkildə biçilirdi. Sonra həmin ülgü üzərində cızma və qazıma yolu ilə naxış açılırdı.
Zinətin ornament və rəsmlərinin fonunu təşkil edən naxışlar “savad” kütləsi ilə doldurulurdu. Savad kütləsi iki üsulla: zərgərlikdə sıyıq xəmir yaxması, gümüşkarlıqda isə bilavasitə toz halında məmulatın üzərinə səpilirdi. Hazır məmulatın üzərinə savad vurulduqdan sonra o, vam yanan kürədə qızdırılırdı. Hərarət nəticəsində savad əriyib naxış və ya rəsmi əmələ gətirən oyuq və çökəkləri örtürdü. Daha sonra sürtmə yolu ilə zinət göydaş vasitəsilə dönə-dönə cilalanıb pardaqlanırdı. Şuşa zərgərləri arasında bu əməliyyat “aynalama” adlanırdı.
Azərbaycan minasazlığında pərdəli, divarəli, şəbəkəli və s. olmaqla müxtəlif mina məmulatı hazırlanmışdır. Zinət istehsalında tətbiq olunmuş bu texniki, üsullarla yanaşı, bir sıra sənətkarlıq məmulatlarını (xəncər, qılınc, tüfəng, tapança, əsa, ev avadanlığı) bəzəmək üçün xatəmkarlıq (qaxma, yaxud çaxma) üsulundan da istifadə olunmuşdur. Bu məqsədlə hazır məmulatın üzərində nəzərdə tutulmuş çeşni əsasında deşiklər açılır, sonra onlar çaxma yolu ilə qızıl və ya gümüş mıx, sədəf, sümük, qiymətli daş və s. kimi başqa materiallarla doldurularaq bəzənirdi. Çaxma əməliyyatı tamamlanandan sonra əşyanın üzü sürtülüb hamarlanırdı.
Gümüşkarlıq Azərbaycanın bütün etnoqrafik bölgələrində yayılmışdır. 1900-cu ildə Bakı Əyarlama İdarəsində yerli zərgərlərin qeydiyyatdan keçirilən gümüşkarlıq məmulatının çəkisi 112 pud 2 girvənkə 87 misqal olmuşdur. Hər bölgədə gümüşkarlıq məmulatlarının lokal xüsusiyyətləri olurdu. Gəncə, Qazax və Qarabağın gümüşkarlığı bəzək üslubu etibarilə Şirvan, yaxud Qubanın qarasavad məmulatına bənzəmirdi. XIX əsr və XX əsrin əvvəllərində gümüşkarlıqla sıx bağlı olan minasazlıq Bakı, Təbriz və Naxçıvanda inkişaf etmişdir.
-
Zərgərlik leksikasının tematik təsnifi
H.Əsgərov
2005
-
Azərbaycan zərgərlik sənətində istifadə olunan əmək alətləri
Gülzadə Abdulova
2008
-
Zərgərlik
Arif Mustafayev
2007
- Tərtibçi və bilbioqrafiya