AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dülgər (xarrat)

Nümunənin reyestr kodu : DA0104000028

Azərbaycanda ağacişləmə sənəti ilə bağlı termin və anlayışların (dülgər, şəbəkəçi, naccar, xarrat, çanaxçı, qudaqsaz, sandıqsaz, sazbənd və s.) çoxluğu bu səhədə inkişafın göstəricilərindən biridir. Bol ağac materialı, yerli əhalinin ağacdan hazırlanan məişət avadanlığı və istehsal alətlərinə olan tələbatı ağacişləmədə ixtisaslaşmanın baş verməsinə səbəb olmuşdur.

Dülgər taxtadan, digər ağac materiallarından hazırlanan məmulat və detalları quraşdıran və təmir edən sənətkardır. O, tikinti-inşaat işlərində çalışır, çərçivə, arakəsmə, birləşmə, dayaq və qəliblər, eləcə də pilləkənlər, qapı və pəncərə çərçivələri, döşəmələr, mətbəx avadanlıqları hazırlayır, quraşdırır. Əsasən “bazarı”, yəni satış üçün məhsul istehsal edən, doğramaçı xarratlardan fərqli olaraq dülgərlər daha çox sifarişlə iş görürdülər. Bir çox hallarda dülgər və xarrat sözləri sinonim kimi işlədilirdi. Dülgərlərin özlərinə məxsus gündəlik iş geyimi olmuş, dəridən hazırlanmış döşlük taxmış, şalvarın balağını açıq qoymuşlar.

Dülgərlər hər bir təsərrüfat aləti və ev əşyası üçün daha münasib ağac növü seçərkən onların istehsal, fiziki xüsusiyyətlərini nəzərə alırdılar. Məsələn, şana, kürək, bel sapı əsasən fıstıq və nil ağaclarından, təknə, tabaq, hövsər qoz və qızılağacdan, saz tut ağacından, araba təkərləri və kotanın çarxları, dəndə, vəl palıd və qarağacdan, çömçə, qaşıq cır armud, yemişan və fıstıq ağaclarından düzəldilirdi. Ağac üzərində ilk əməliyyat onun yonulmasından başlanırdı, bu məqsədlə balta, nacaq və kərkidən istifadə edilirdi. Material balta ilə kobud şəkildə yonulub müəyyən formaya salınır və işin tələbindən asılı olaraq digər əmək alətləri ilə işlənirdi.

Ağac məmulatı üzərində müxtəlif bəzək, hamarlama, oyma və deşmə işləri aparılırdı. Bu məqsədlə xüsusi alətlər işlədilirdi. Ağac materiallarının yonulmasında tətbiq olunan əmək alətlərinin ən mürəkkəbi “xarrat dəzgahı” adlanan mexaniki yonma çarxı idi. Xarrat çarxının əl və su qüvvəsi ilə hərəkətə gətirilən növü olmuşdur. Quba, Lənkəran, Şəki-Zaqatala bölgələrində geniş yayılan su dəzgahında əsasən təknə-tabaq və araba topu hazırlanırdı. Burada su novla dəzgahın ağac pərləri üzərinə tökülərək onun sürətli hərəkətini təmin edir və bunun nəticəsində usta dəzgaha keçirilən ağac materialını hazırlayırdı. Ağacişləmə ustaları hazırladıqları alət və əşyalara forma və bəzək vermək üçün tişə, xətkeş, lisə, əyri və s. əmək alətindən istifadə edirdilər. Təkər topu hazırlamaq üçün əl çarxından da istifadə olunmuşdur. Quruluş etibarilə su çarxından o qədər də fərqlənməyən bu mexaniki yonma alətinə el arasında “xarrat” da deyilirdi. Fəaliyyətində bu mexaniki yonma alətindən istifadə edən dülgərlər də çox vaxt “xarrat” adlandırılmışlar.

Azərbaycanda ağacişləmə sənəti qədim tarixə malikdir. Arxeoloji qazıntılar zamanı Xanlar rayonu ərazisindən Tunc dövrünə aid ağac vəl, Mingəçevirdə küp qəbirdən ağac qənddan (m.ə. II minilliyin sonu), ilk orta əsrlərə aid çömçə, təknə və üzərində zərif naxışlar olan ağac vəlin tapılması Azərbaycanda ağacişləmə sənətinin, xüsusi ilə dülgərlik peşəsinin qədimdən inkişaf etdiyini sübut edən maddi nümunələrdir.

Azərbaycanda ağacişləmə sənətinin başlıca mərkəzləri Quba, Lənkəran, Şamaxı, Şəki və Naxçıvan qəzaları, habelə Kiçik Qafqaz ərazisi olmuş, zəngin ağac növlərinə malik olan meşələr ağacişləmə sənətinin inkişafına şərait yaratmışdır. Qarağac, palıd, göyrüş, vələs, qaraçöhrə, cökə, nil, dəmirağacı, zoğal, alça, yemişan, əzgil, qoz, fındıq və s. ağac növlərindən ev əşyaları, məişət qabları, təsərrüfat alətləri və nəqliyyat vasitələrinin hazırlanmasında və inşaat işində geniş istifadə olunurdu.

Orta əsr müəlliflərinin əsərlərindən və Azərbaycanda olmuş səyyahların yol qeydlərindən burada ağacişləmə sənətinin yüksək inkişaf səviyyəsinə çatdığı aydın olur. XIV əsrdə yaşamış Həmdullah Qəzvini Ərdəbildə əhalinin ağacişləmə sənəti ilə məşğul olması və müxtəlif təsərrüfat alətləri ilə yanaşı, təknə-tabaq düzəltməsi haqqında məlumat verir. XVII əsrdə Azərbaycanda olmuş fransız səyyahı J.Şarden burada yerli ustaların əla naxışlı qapı, pəncərə və tavan düzəltdiklərini yazır.

Ağacişləmə sənətinin səciyyəsinə görə ayrı-ayrı etnoqrafik bölgələri bir-birindən fərqlənirdi. Quba qəzasının Çiçi, Nügədi, Amsar, Rustov kəndləri araba, Xaltan, Quşçu, Kömür, Zıxır kəndləri isə vəl, kürək, şana, təknə-tabaq istehsalı üzrə ixtisaslaşmışdı. Şəki bölgəsinin Tüntül, Xaçmaz, Xalxal, Vardanlı, Tərkəş, Sincan, Filfili, Baş Zəyzid kəndləri təkər istehsalı ilə məşğul olurdu. Şamaxı qəzasının Cülyan, Ximran kəndləri təknə-tabaq hazırlayırdı. XIX əsrin ikinci yarısında neft sənayesinin və şərab istehsalının inkişafı Bakı və Gəncə şəhərlərində çəlləkdüzəltmə sənətinin daha da inkişafına səbəb olmuşdu. Salyanda arabaçılıq, Lənkəran, Göyçay və Naxçıvanda təknə-tabaqçılıq daha geniş inkişaf etmişdir.