AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xalat

Nümunənin reyestr kodu : SD0304000029

Xalat (ərəbcədən tərcümədə “hila” – fəxri geyim; türkcədən tərcümədə isə “hilat”- sözündən olub, kaftan deməkdir) keçmişdə həm kişi, həm də qadın geyimi olmaqla, Qərbi, Orta və Mərkəzi Asiyada, eləcə də Yaxın və Orta Şərq ölkələrində geniş yayılmış ənənəvi geyim tipidir. Biçim üsuluna və tikiş texnologiyasına görə xalat uzun və geniş biçimlı, uzun qollu, kəmərlə beldən yığılan və ya kəmərsiz olur, yaxa kəsiyi boğazın altından ətəyinin sonuna kimi açıq saxlanılırdı. Onu yun, pambıq, saya və gözəgəlimli miləmil ipək parçalardan tikir, içi bəzən sırıqlı astarlı, bəzən də astarsız olurdu. Qadın xalatı kişi xalatından nisbətən gödək biçilib tikilirdı.

Xalat İranda, Şimali Hindistanda və Orta Asiyada kişi və qadın üst geyim tipi olmuşdur. Asiya ölkələrində üzəri qiymətli daş-qaş və zər-zəbərcədlə yaxşıca bəzədilmiş xalat şərəfli bir hədiyyə, fəxri mükafat kimi istifadə olunmuş, əziz qonağa, hökmdara, dövlət işlərində, döyüşlərdə, incəsənət aləmində fərqlənən şəxslərə təqdim olunmuşdur. Misal olaraq Səfəvi şahı Təhmasibin oğlu Məhəmməd Xudabəndənin türk sultanı III Murada hakimiyyətə gəlməsi münasibətilə göndərdiyi, qızılı saplarla bəzədilmiş məxmər əbanı – xalatı göstərmək olar. Güləbətin tikmələrlə əla şəkildə bəzədilmiş bu geyim tipi hazırda İstanbulun Topqapı saray-muzeyində saxlanılmaqdadır. Xalatın çiyinlərini, qol ağızlarını, boyunluğunu və kürəyini bəzəyən bitki ornamentli təsvirlər şəbəkəli qızıl ornamentlər olub, zərgərlik sənətində və güləbətin tikmələrdə istifadə olunur. I Şah Abbasın da 1590-cı il İstanbul sülhünün bağlanmasına görə Osmanlı sultanına göndərdiyi hədiyyələr içərisində başdan-başa qızıl saplarla işlənmiş doqquz ədəd əba-xalat var idi. Xalat geyim tipi öz zamanında bir çox xalqların sosial vəziyyətinin simvolu olaraq da seçilmişdir.

Tipoloji baxımdan xalat qadın və kişi geyimi kimi iki qrupa ayrılır. Qadın xalatı kişi xalatından ölçülərinin kiçik olmasına, əlvan rəngli parçalardan biçilib tikilməsinə görə fərqlənirdi.

Xalat geyim tipi ilkin orta əsrlərdən XIX əsrin sonlarına kimi Azərbaycanda mövcud olmuş, kübar cəmiyyətində qadın və kişi üst geyimi dəstinə daxil edilmişdir. Zənnimizcə, xalat “Kitabi-Dədə Qorqud” eposunda xatırladılan qadın və kişi geyimi olan cübbə əsasında yaranmışdır. Bu fikri “Kitabi-Dədə Qorqud” dastanından sonrakı Azərbaycan şifahi xalq yaradıcılığında cübbə geyim tipinin adının çəkilməməsi, xalatın isə tez-tez xatırlanması da təsdiq edir. Ancaq cübbədən fərqli olaraq xalatın yaxası boyaboy açıq olur, qurşaq və ya kəmərlə beldən yığılıb bağlanırdı.

Orta əsr miniatür sənət nümunələri içərisində əyninə xalat geymiş personajlara tez-tez rast gəlinir. Artıq XIV-XV əsrin əvvəllərində xalat geyimində boyunduruğun peyda olmasını müşahidə edə bilirik ki, orta əsrlərdə nə Şərq, nə də Avropa geyimlərində belə element olmamışdır. Miniatürlərdə xalatın rəngindən asılı olmayaraq boyunduruqlar qara rəngdə təsvir olunmuşdur. Bunu Nizaminin “Xosrov və Şirin” əsərinin 1405-1410-cu illərə aid əlyazmasında verilmiş və hazırda Vaşinqtonun Frir Qalereyasında saxlanılan “Şapur Fərhadı Şirinin yanına gəririr” miniatüründə saray qadınlarının təsviri də təsdiqləyir. XVI əsrin əvvəllərində Səfəvilər təxti-səltənətə yiyələnəndən sonra kübar təbəqənin geyimlərində sərbəst biçimli, gen ətəkli geyimlərin artma tendensiyası müşahidə edilirdi. XV əsrin son rübünün Herat geyim dəbini rədd edən Səfəvi qızılbaş əyanları bədənə kip oturan, çiyinlərinə, qol ağızlarına mirvarilər düzülmüş və yaxası sağdan sola – çəpyaxa olmaqla üst-üstə gələn, kəmərlə beldə bağlanan qaftan – qəba geyinir, onun üstündən isə qolları dirsəyə çatan, qiymətli xəzlə süstlənmiş xalat geyinirdilər. XVI-XVII əsrlərdə kişilər kimi qadınlar da (xüsusən varlı təbəqələr) çiyinlərinə bəzək üçün uzunqollu xalat salardılar. Bu xalatın altından isə dabanlarına qədər uzanan köynəklər geyərdilər. Orta əsrlərdə yaşlı qadınların xalatları cavan qızların və gəlinlərin xalatlarından rənginə görə seçilərdi. Cavanların qırmızı, sarı, çəhrayı və digər əlvan rəngli xalatlarından fərqli olaraq, yaşlı qadınlar göy, palıdı, darçını, qəhvəyi kimi tünd rənglərə üstünlük verərdilər.

XVI əsrdə Azərbaycanda kişi geyimləri içərisində qəbanın üstündən geyilən, başlıca olaraq yaşıl, çəhrayı, narıncı rəngli enli, gödəkqollu, döşü və çiyinləri naxışla bəzənmiş xalatlar xüsusilə geniş yayılmışdır. Bu dövrün xalatlarının yaxası artıq sağa tərəf düymələnirdi. Qeyd edək ki, təyinatı dəyişmiş formada Azərbaycanda xalatdan müasir dövrümüzdə də istifadə edilir. Belə ki, insanlar ondan istehsalatda, tibb sahəsində (həkim xalatı), ev şəraitində (hamam xalatı), hərbi əməliyyatlar zamanı (maskalanma geyimi) geniş şəkildə yararlanırlar.