AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şiş papaq

Nümunənin reyestr kodu : SD0302000021

Ənənəvi kişi geyim kompleksinin mühüm elementlərindən biri də baş geyimləridir. Xalq arasında papaq həmişə şərəf, qeyrət və namus simvolu kimi dəyərləndirilmiş, ictimai yerlərdə, ailədə başıaçıq gəzmək qəbahət sayılmış, papağın itirilməsi və ya oğurlanması təkcə şəxsin özünün deyil, onun mənsub olduğu nəslin də təhqir edilməsi hesab olunmuşdur. Azərbaycanlı kişilər namazqabağı dəstəmaz ayini istisna olmaqla nə süfrə başında, nə də gecə yatağında başıaçıq olmağı qəbul etməmişlər. Yataq zamanı ya papaq dəyişdirilərək gecə papağı ilə (şəbkülah) əvəz olunmuş, ya da başa sarıq bağlanmışdır. Buna görə də XIX-XX əsrin əvvəllərində Azərbaycanda kişi baş geyimlərinin məhəlli-etnik xüsusiyyətlərinə, formasına, materialına, geymə tərzinə və hətta rənginə görə fərqlənən çoxlu növləri olmuşdur. Ənənəvi kişi baş geyimləri müxtəlif növ materiallardan (dəri, keçə, parça) hazırlanmaqla, həm tikili, həm də bağlama formasında olmuşdur. Tikili baş geyimlərinə müxtəlif formalı və adlı dəri və keçə papaqlar, araqçın (təsək); bağlama baş geyimlərinə isə baş dəsmalı (sarıq), çalma və əmmamə daxil edilmişdir. Baş geyimləri içərisində yerli qoyun dərisindən hazırlanmış papaqlar xüsusilə üstünlük təşkil edirdi. Onlardan biri də şiş papaq olmuşdur. Azərbaycanın ayrı-ayrı bölgələrində varlı kişilərə məxsus olan bu papağa “Bəy papağı”, “Şikarı papaq”, “Qacarı papaq”, “Qoçu papağı” “Qələmi papaq”, həmçinin, “Zərnəva papağı”, “Molla papağı”, “Qəbələ papağı”, “Züllə papaq” da deyilmişdir.

Şiş papaq konusvari formada olub, çox hündür (“züllə”) formada ülgülənməklə, qıvrım tüklü dəridən tikilirdi. Onu adətən, 3-4 hissədən, bəzən də bütöv dəridən ibarət biçib tikirdilər. Şiş papağı əl tikməsi ilə tərs üzünə tikir, astar çəkdikdən sonra avand üzünə çevirirdilər. Papağın astarına sırıq vurulurdu. Şiş papaq ən çox qara və ağ rəngli saçaqlı quzu dərisindən tikilirdi. Onun saçaqlarını xüsusi alətlə burub qıvrımlayırdılar. Azərbaycanın Quba bölgəsində bu cür papaq “Qarmuq papaq”, Qərb bölgəsində isə “Armudu papaq” və “Ayrım papağı” adlanırdı. Muğan bölgəsində “Kopan papaq” adlanan şiş papaq qoyun dərisindən hazırlanır, ucu şiş olur, qulaqların üstünü yarıya qədər tuturdu. Onun içərisinə keçə qoyulur və yenidən dəri ilə örtülürdü. Şiş papaqların başlıca müştəriləri bəylər, əsilzadələr, qoçular, varlı tacirlər, mötəbər ziyalılar və b. idi. Yerli börkçü-ustalar tərəfindən tikilən bu papaqların astarını ilin fəsillərindən asılı olaraq, yun və ya pambıq parçadan qoyurdular.

Şiş papaq ad mənsubiyyətinə, dəri materialının növünə və varlı zümrələrə məxus olmasına görə digər dəri baş geyimlərindən seçilirdi. Bunlardan başqa onun heç bir xüsusi əlaməti olmamış, onların hamısı eyni ülgü əsasında biçilib tikilmişdır.

Miladdan əvvəl VII-VI yüzilliyə aid edilən Elam möhürü üzərindəki midiyalı atlı-arizantın başında göndən hazırlanmış konusşəkilli şiş papağın olması bu baş geyiminin qədimlərdən istifadə olunmasını təsdiqləyir. XVI əsrdə Şamaxıda Abdulla xanın qonağı olmuş ingilis səyyah A.Cenkinson hökmdarın geyiminin təsvirini vermişdir: “Hökmdar özü orta boylu və zəhmli adam idi, uzun ipək parçalardan bahalı mirvarilər və daş-qaş düzülmüş paltar geyinmişdi. O, başına şiş uclu, yarım yard uzunluğunda (ingilis ölçü vahididir, təxminən 1 yard=91,44 sm) zəngin qızılı parçadan türban (papaq – F.V.) qoymuşdu, üstündən 20 yard uzunluğunda, qızılı sapla tikilmiş hind ipəyindən çalma bağlamışdı. Türbanın sağ tərəfində, mina ilə zərif bəzədilmiş və daş-qaş düzülmüş qızıl lüləyə lələk çələngi taxılmışdı”.

Azərbaycanda XVIII əsrin sonu – XIX əsrdən başlayaraq müxtəlif adlarla məlum olan şiş papaq çox dəbdə olmuşdur. Əslən Qarabağdan olan məşhur şair Qasım bəy Zakirin, eləcə də şair Mirzə Şəfi Vazehin baş geyiminin şiş papaq olduğu onların rəsmlərindən bəlli olur. Əbədiyaşar şairimiz M.Ə.Sabir satiralarının birində yazırdı:

Dudkeş kimi bir züllə papaq başında,

Ağ tükləri bəllidir qaşında.

Gərçi qocadır babam yaşında,

Xortdandı, xoxandı, qoyma gəldi!

Kirdarı yamandı, qoyma gəldi!

XIX əsrdə və XX əsrin əvvəllərində bəylərin, Bakı qoçularının, mötəbər şair-ziyalıların baş geyimi kimi dəbdə olan şiş papaq XX əsrin 30-cu illərindən sonra baş geyimləri dəstindən çıxmışdır.