AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sür papaq

Nümunənin reyestr kodu : SD0302000025

Ənənəvi kişi baş geyimləri müxtəlif növ materiallardan (dəri, keçə, parça) hazırlanmaqla, həm tikili, həm də bağlama formasında olmuşdur. Tikili baş geyimlərinə müxtəlif formalı və adlı dəri və keçə papaqlar, araqçın (təsək və yaxud tərrik), başlıq; bağlama baş geyimlərinə isə baş dəsmalı (sarıq), çalma və əmmamə daxil edilmişdir. Baş geyimləri içərisində yerli qoyun dərisindən hazırlanmış papaqlar xüsusilə üstünlük təşkil edirdi. Bununla belə, varlı şəxslər öz papaqlarını Krım, İran və Orta Asiyadan (xüsusilə Türkmənistandan) gətirilmə aşılı qaragül dərisindən tikdirirdilər. Qaragül dərisinin tədarükçüləri quzu doğulan kimi onu dərhal kəsirdilər. Çünki, qoyun balasını yalayanda dərinin qıvrım tükləri açılır, nəticədə dərinin keyfiyyəti və yaraşığı itirdi. Sür dərinin rəngi adətən, qızılı və ya gümüşü olurdu. Yerli əhali arasında bu dəridən tikilən papaq “Buxara papaq” adlanırdı.

Qaragül dərisinin rənginə müvafiq olaraq “Buxara papaq”lar qara (ərəbi papaq), çal (Şirazi papaq və ya çalpapaq) və qızılı, yaxud gümüşü (sür papaq) kimi müxtəlif adlarla məlum idi. Bu cür papaqların başlıca müştəriləri imkanlı kişilər – bəylər, əsilzadələr, qoçular, varlı tacirlər, şəhər aristokratiyası və b. idi. Yerli börkçü-ustalar tərəfindən tikilən və ya satınalma olan sür papaqlar öz formasına görə “daqqa papaq”, ”çərkəzi papaq”, çapma papaq” və “qələmi papaq” olmaqla dörd qrupa ayrılırdı. “Daqqa papaq” əksərən qaragül dərisindən, bəzən də yerli körpə quzu dərisindən ülgü əsasında biçilib tikilirdi. Papaq gövdə, tərk və astardan ibarət olurdu. Onun tərkini (üst hissəsini) çox vaxt parçadan deyil, tumac və ya aşılı dəridən tikirdilər. İlin fəsillərindən asılı olaraq papağın astarı yun və ya pambıq parçadan qoyulurdu. “Qələmi papaq” yastı formalı “daqqa papaq”dan fərqli olaraq bütöv dəridən hündür şiş papaq formasında tikilirdi. Şirvan əhalisi arasında ona “şikarı papaq”, “qacarı papaq” və “qoçu papağı” da deyilirdi. “Çapma papaq” da qiymətli (qıvrım tüklü) sür dəridən tikilirdi. Ülgüsü verilərkən belə papağın tərk hissəsi uzunsov şəkildə çökək halına salınır, içinə astar çəkilir, çox zaman da elə “sür papaq” adlanırdı. “Çərkəzi papaq” isə iki hissədən ibarət biçilib tikilirdi. Papağın sağanağı biçilib hazır olandan sonra təpəliklə birləşdirilirdi. Papağın bu növündə “şahlıq” (tərk) həm də astarı əvəz edirdi. Daha səriştəli ustalar tərəfindən tikilən sür papağın əndazəsi (qəlibi) bir hissədən ibarət olurdu. Dərini əndazənin formasına uyğun biçib tikirdilər. Bütöv formalı bu tip papağın aşağı hissəsi bir qədər dar, yuxarı hissəsi isə nisbətən gen olurdu. Onun astarı qanovuz parçadan hazırlanırdı. Əndazənin formasına uyğun olaraq papağın hissələri və astarı ayrıca biçilirdi. Dəri ilə astarın arasına siyəzi və pambıqdan dairəvi “şahlıq” (tərk) sırınıb qoyulurdu. Papağın hissələri bir-birinə tikildikdən sonra “şahlıq” içəri salınır və astar öz yerinə tikilirdi. Astarın kənardan görünməməsi üçün papağın aşağı tərəfindən təxminən iki barmaq enində dəri içəriyə qatlanaraq astara tikilirdi. Bəzən həmin hissəyə bez də tikilirdi. Papağın bu növündən, başlıca olaraq kəndin hörmətli ağsaqqalları və mollalar istifadə edərdilər. Sür papaq cəsarət, ləyaqət, şərəf, qeyrət, ağalıq-bəylik simvolu hesab olunurdu.

Yerli börkçü-ustalar tərəfindən tikilən və ya satınalma olan sür papaqlar öz formasına görə “daqqa papaq”, ”çərkəzi papaq”, çapma papaq” və “qələmi papaq” olmaqla dörd qrupa ayrılırdı.

Bütün orta əsrlər boyu dəri papaqlardan az-şox istifadə olunsa da, artıq XVI əsrdən ona tələbat xeyli artır. Qoyun dərisindən tikilən hündür papaqlar nisbətən geniş yayılır. Bunu əsas etibarilə çobanlar, köçmə həyat tərzi keçirən maldar elat kişiləri geyərdilər. XVII-XIX əsrlərdə bu dəri papaqlar əhalinin daha geniş dairələrinin baş geyimi olmuşdur. Qaragül dərisindən hazırlanan sür papaqlar isə XIX əsrin sonu-XX əsrin əvvəllərindən başlayaraq Qafqaz və Orta Asiya xalqlarının, o cümlədən Azərbaycanın varlı təbəqələrinin baş geyimləri içərisində layiqli yer tutmuş, sür dəri (qaragül dərisi) məmulatlarından İran, Əfqanıstan, Rusiya və hətta Avropa və Amerika xalqları da yararlanmışlar.