AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çalma

Nümunənin reyestr kodu : SD0302000011

Çalma, başa təsək qoyulduqdan sonra onun üstündən bağlanan baş geyimidir. “Kitabi-Dədə Qorqud” dastanında oğuz bəylərinin başlarına qoyduqları “sarıq” və “dölbənd” əslində çalmanın arxaik formasıdır. Bu geyim tipindən Yaxın və Orta Şərq, Şimali Afrika, Orta Asiya və Qafqaz regionundakı müsəlman xalqlar arasında da geniş istifadə edilmişdir. Buralarda çalma ipək, yun, qumaş və ağ rəngli toxuma parçadan olub, çox vaxt fəs və ya araqçının üstündən dolanmışdır.

Azərbaycanda çalmanı əsasən orta və ahıl yaş qrupuna mənsub qadınlar qoyardılar. Qadınların qoyduqları çalmalar formasına görə fərqlənirdi. Bəzi əyalətlərdə çalmanı dördkünc böyük ipək parçadan, bəziləri isə uzunsov ağ toxunma parçadan düzəldərdilər. XVI əsr Təbriz miniatürlərində qadınların alabəzək parçadan çalma qoyduqları görünür.

Çalma müxtəlif üsullarla bağlanır. Adətən, ipək yaylığı qıyqac (üçkünc) edərək başa saldıqdan sonra sağ qulağı sol çiyin, sol qulağı isə sağ çiyin üstündən aşırmaqla, boynun arxasında çarpazlayıb qabağa gətirir və yenidən çənənin altında çalkeçir etdikdən sonra boynun arxasında düyünləyirdilər. Çalma bağlamağın digər üsulunda isə başa salınmış yaylığın uclarını boğazın altında çalkeçir etdikdən sonra bir ucunu sinə üstünə sərbəst buraxır, digər ucunu isə boyuna dolayıb kürəyə atırdılar. Çox vaxt çalmanın sərbəst ucu yaşmaq rolu oynayırdı.

Çalmanı başda möhkəm saxlamaq və yaraşıqlı görünməsini təmin etmək üçün, bir qayda olaraq, ərli qadınlar оnun üstündən qarmaq vururdular. Qarabağ, Lənkəran-Astara, Quba-Xaçmaz, Naxçıvan bölgələrdə çalmanı başda saxlamaq üçün onun üstündən başın dairəsi boyunca kiçik ləçək bağlamaq da adət idi. Gənc qadınlar çalmanın üstündən “heratı”, “hələbi”, “qonşuçatladan”, “gülvəngi”, “bağdatı” kimi əlvan rəngli kəlağayı bağlayırdılar. Yaşlı qadınlar isə tünd rəngli çalmaya üstünlük verirdilər.

Çalma həm də kişi baş geyimi olmuşdur. Orta əsrlərdə, eləcə də XIX-XX əsrin əvvəllərində Azərbaycanda kişi baş geyimlərinin içərisində çalmanın xüsusi yeri vardır. Çalmanı, bir qayda olaraq, nüfuzlu elm adamları, şairlər, mötəbər şəxslər, dövlət qulluqçuları gəzdirirdilər. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif və digər Azərbaycan şairlərinin portretlərində çalma baş geyimi kimi verilmişdir. XIX əsrin əvvəllərində Naxçıvan bölgəsinin yaşlı qadınlarının çalma bağladıqlarını V.Q.Qriqoryev də öz əsərində qeyd edir: “Onlar başlarına bir neçə qat böyük qara örtük sarıyıb ucunu kürəklərinə sallayırdılar”.

Çalmanın iki növü vardır: qadın və kişi çalması. Bundan başqa bu geyim tipi formasına, başa bağlanma tərzinə, ölçülərinə, rənginə görə də bir-birindən seçilirdi.

Müxtəlif xalqlarda parçanın rəngınə, keyfiyyətinə, böyüklüyünə, dolama tərzinə görə çalma sahibinin sosial təbəqə, məzhəb və təriqət mənsubluğunu təyin etmək olardı. Qadın çalması kəlağayı və ya ipək örtükdən, dördkünc və ya uzunsov formada olub, əsasən evdə geyilirdi. Naxçıvanda çalmanı Şahbuzun dağ kəndlərində, indiki Şərur və Sədərək rayonlarında, eləcə də Ordubadda bağlayırdılar. Şərur və Sədərək rayonlarında böyük yaylığı xatırladan, bu əraziyə xas olan xüsusi əndazə ilə başa sarınan çalma “kolxana” adlanırdı. L.F.Boqdanov Şərq ölkələrində rənginə, materialına, bağlama tərzinə görə çalmaların minə yaxın forması olduğunu qeyd edir. O.A.Suxareva isə çalmanın əksər Orta Asiya xalqları (özbək, tacik, qaraqalpaq, qazax, qırğız, hətta buradakı ərəb və yəhudilər) arasında da məlum olduğunu təsdiqləyir. Dərbənd azərbaycanlıları arasında “burma” adlanan çalma, bütün etnoqrafik bölgələrimiz üçün xarakterik olan qadın baş geyimi olmuşdur.