AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kilimarası

Nümunənin reyestr kodu : FO0203000003

“Kilimrarası” kilimin arxasında oyuqların iştirakı ilə oynanılan oyun növüdür. Oyuqları oynadan kilimin üzərində arxası üstdə uzanır, iki nəfər köməkçisi də kilimin kənarlarından tutub qal​dırır. Kilim bir növ pərdə rolu oynayır və oyuqları oynadan şəxsi tamaşaçılardan gizlətməyə xidmət edir. Oyun üç oyuqla oynanır. Oyuqlardan biri qadını, ikisi kişini təmsil edir. Bir nəfər tərəfindən idarə olunan bu oyuqların ikisi ələ, üçüncüsü isə dizə geyindirilir və eyni vaxtda idarə olunur. Oyunda danışıqdan istifadə olunmur, amma oyuqların hərəkətindən, bədən dillərindən oyunun məzmununu oxumaq mümkündür.

Oyun qadını təmsil edən oyuğun səhnəyə çıxması ilə başlayır. “Qadın” əlindəki ağ dəs​malı yellədib camaatı, çalğıçıları salamladıqdan sonra zurnada “Heyvagülü” havası çalınır və o, rəqs edir, camaat da ona əl çalır. “Qadın” xeyli rəqs etdikdən sonra onun əri səhnəyə çıxır, ərlə arvad ikisi bir yerdə oynayır, qucaqlaşırlar. Camaatın gözü qabağında ərinin onu öpməsi qadının acığına gəlir, onunla dalaşır. Kişi acıq eləyib səhnədən çıxır və bir kənarda yatır. Bundan sonra səhnəyə qadının məşuqu daxil olur, onlar bir yerdə rəqs edirlər. Həmin fiqur diz ilə idarə olunur. Qadınla məşuqu rəqs edən vaxt əri yuxudan oyanır, arvadının onu aldatdığını görüb xəncərlə onu və məşuqunu öldürür.

Oyunda istifadə olunan oyuqların hazırlanması vaxtilə xeyli vaxt tələb edirdi. Elçin Aslanovun yazdığına görə, oyuqlar baş barmaqlar istisna olaraq hər iki əlin barmaqlarına 15-20 sm uzunluqda çubuqlar bağlanmaqla hazırlanırdı. Orta çubuq kuklanın başını, yan çubuqlar isə onun əllərini təmsil edirdi. Dizə taxılan kuklanın əlləri isə hərəkətsiz qalırdı. Oyuqların baş nahiyələri orta çubuğun ucuna pambıq qoyulmaqla hazırlanırdı. Oyuqların bədəninə balaca uşaqlara məxsus gerçək paltarlar geyindirilir, həqiqi qurşaq bağlanır, qadının təmsil edən oyuğun başına kəlağayı, kişi oyuğun başına isə motal papaq qoyulurdu. Kuklaların sifət cizgiləri – göz, qaş, ağız, burun nahiyələri isə olmurdu.

Ailə-məişət mövzusunda qurulan bu oyun vaxtilə toylarda bəylə gəlinin önündə oynanılardı. Söyləyicilərin dediyinə görə, gəlini atdan düşürdükdən sonra bəyi gətirərdilər. Bəy sağdiş-soldişlə həyətin bir tərəfində, gəlin də üzündə örpək bir tərəfdə durardı. Onların qarşısında əvvəl “Maral oyunu”, sonra “Kilimarası” oynanardı. Bu oyunlara tamaşa etdikdən sonra gəlinin ayağı altında qurban kəsilər və evə keçərdi. Vaxtilə Azərbaycanın qərb və şimal-qərb rayonları üçün xarakterik olan bu oyun hazırda Kəlbəcər rayonunda yaşadılır.