AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Cəlili

Nümunənin reyestr kodu : FM0101000002

Forma etibarilə sadə quruluşlu, melodik cəhətdən xalq mahnılarına yaxın, Orta Mahur intonasiyalarına əsaslanan, lirik və həzin xarakterli aşıq havasıdır. Melodik ibarələrin kadans sonluğu Mahurun kadansları ilə həmahənglik təşkil edir. Bəzi aşıqların havanın ifası zamanı muğam parçasından da istifadə etməsi müşahidə olunur. İstedadlı saz ifaçısı Aşıq Ədalət Nəsibovun ifasında həm muğam parçası, həm də havanın instrumental girişinin inkişaflı versiyası səslənir. Havanın vokal partiyasının melodiyası da məhz mayə səsi ətrafında qurulur.

“Cəlili” havasının müxtəlif ifalarında müşahidə edilən digər bir fərq havanın tempi ilə bağlıdır. Belə ki, bir sıra aşıqlar havanı daha ağır və təmkinlə, bir qismi isə nisbətən oynaq tərzdə ifa edir. Məsələn, Ə.Nəsibovun ifasında bu hava daha həzin və mülayim tempdə təqdim edilir, Aşıq Əkbər Cəfərovun ifasındakı variantda isə “Cəlili” havasının instrumental girişi balabanın ifasında səslənir. Lakin havanın mülayim və həzin xarakteri burada da qorunub saxlanmışdır. Aşıq Murad Niyazlının ifasında səslənən Cəlili havasında da asta temp instrumental girişdən hiss olunur. Balabanın iştirakı həm girişdə, həm də araçalğılarda əsas mövzunun ifası ilə ön plana çıxır. Bu ifada diqqəti cəlb edən daha bir məqam havanın orta hissəsində istinad pərdəsinin dəyişməsi ilə müşahidə edilir. Lakin onun ətrafında melodik inkişaf baş vermir və vokal partiyada yenidən mayə istiqamətinə qayıdış həyata keçirilir. Aşıq Yəhyanın ifasında səslənən variantda isə vokal partiya bir qədər reçitativ-deklomasiyalı xarakter daşıyır. Bu baxımdan melodik cümlələrin ilk motivləri mayənin üst mediantası ətrafında daha çox gəzişmələr edir. Hətta belə demək olarsa, onun mayə istiqamətində dönüşü yalnız son misranın ifası zamanı baş verir.

Əksər aşıq havalarında olduğu kimi, “Cəlili” havasında da instrumental partiya vokala nisbətən daha inkişaflı və variantlı şəkildə təqdim edilir. Yaradıcılıqlarında instrumental ifaçılığa üstünlük verən aşıqların ifasında bunu daha aydın hiss etmək mümkündür. Bu baxımdan Aşıq Ədalətin, Aşıq Xanların ifasını misal göstərmək olar.

“Cəlili” havasının müxtəlif ifalarına nəzər saldıqda belə nəticəyə gəlmək olur ki, bu hava həm vokal-instrumental, həm də instrumental şəkildə ifa olunur və ifa zamanı bir sıra variant dəyişikliyinə məruz qalır. Bu da aşıq havacatı üçün təbiidir. Çünki variantlılıq şifahi ənənəli xalq musiqisinin xarakterik cəhətlərindən biridir. “Cəlili” havasının təhlili göstərir ki, onun aşıq ədəbiyyatında adları keçən “Baş Cəlili”, “Ayaq Cəlili” kimi variantları yoxdur. Ümumiyyətlə, aşıq ifaçılığında “Baş Cəlili” adlanan havaya rast gəlinmir, “Ayaq Cəlili” adlanan hava isə “Süsənbəri” havasının variantıdır.

Ustad aşıqların söylədiyinə görə bu hava Dərələyəz aşıq mühitinin nümayəndəsi Aşıq Cəlil tərəfindən yaradılmışdır. Bu mühitlə bağlı elmi mənbələrdə Aşıq Cəlilin Dərələyəz mahalının Sallı kəndində anadan olduğu, erməni hücumlarından qaçaraq Naxçıvanın Məmmədrza Dizəsi kəndində məskunlaşdığı və ömrünün sonuna qədər burada yaşayıb yaratdığı qeyd olunur.