Kəlağayı dəzgahı
Nümunənin reyestr kodu : SD0402000008
Azərbaycanda xam ipəkdən tarixən müxtəlif növ ipək parçalar (siqlatun, kimxa, xitayi, atlaz, zərbaf, darayı, mov, tafta, qanovuz, alafa, bənarə, çarşab, kəlağayı və s.) toxunmuşdur. Xam ipəkdən hazırlanan məmulat növləri mütəhərrik ipək dəzgahlarında toxunurdu. Kəlağayı dəzgahı böyük təkamül yolu keçmiş mütəhərrik şərbaf dəzgahlarından biridir. Kustar kəlağayı toxuculuğu xırda əmtəə istehsalı səciyyəsi daşımışdır. Hər bir karxanada 2-3 kəlağayı dəzgahı qurulurdu. İstehsal proseslərinin xeyli hissəsi (nəqqatlıq, tərrahlıq, ipəkbişirmə, tovvermə, boyama və s.) sifarişlə evdə görüldüyündən kəlağayı karxanası üçün o qədər də geniş istehsal sahəsi tələb olunmurdu. Kəlağayı dəzgahının nəvərd, dəstək, xərək, yezbənd kimi əsas hissələrini, qarqat, külkə-bağara kimi köməkçi hissələrini yerli dülgər və xarratlar hazırlayırdılar.
Kəlağayı karxanaları bir sıra prosesləri icra etmək üçün ortaqlı qaydada peşəkar ustalara sifarişlə iş gördürürdülər. Məsələn, 2-3 şərbafın bir nəfər ortaqlı lüləvəkili (ara ipəyinin sarınması ilə məşğul olan sarıyıcı), yaxud tərrahı olurdu. Ortaqlı iş gördürmək nəqqatlar (xam ipək tellərinin seçilib yenidən güpü üzərinə sarınması ilə məşğul olan usta) arasında daha geniş yayılmışdı. Həm də hər bir nəqqatın özünün ayrıca müştərisi vardı. O, əlmuzdu almaqla xam ipəyi çarxa (küpü) üzərinə sarıyıb tamam edəndən sonra sahibinə qaytarırdı.
Şərbaf nəqqatdan aldığı ipəyin müəyyən hissəsini lüləvəkilə verib dövr (cəhrə) vasitəsi ilə lülə sarıtdırır, qalan hissəsini isə çilləçarxda karatan vasitəsi ilə çillə çəkdirirdi. İpək parça toxuculuğundan fərqli olaraq kəlağayı çilləsi tovlanmırdı. Çillənin uzadılıb qələməklərə bölünməsi ilə bilavasitə ya şərbaf özü, ya da köməkçisi məşğul olurdu. Bunun üçün əvvəlcə çilləni həyət barısına çalınmış qarmaqlı mıxçalara bənd etməklə açıb uzadır, sonra onu mərrə hesabı ilə bölüb qələməklərə dolayırdı. Çillə qələməklərinin sayı məmulatın enindən asılı idi. Qələməklərə bölünmüş çillə tərraha verilib nirə və şanadan keçirilirdi. Bir bəstan işin çilləsi nirə və şanaya tutulub qurtarandan sonra sahibinə qaytarılırdı.
Kəlağayı dəzgahının yelləncəkli dəftini quruluş etibarı ilə yezdimo dəzgahının ağır dəftinindən fərqlənirdi. Onun baş taxtasının hər iki ucunun altına bərkidilmiş dəmir yelləncəklər dəzgah qollarının üzərindəki pazşəkilli yarığa salınırdı. Bunun nəticəsində kəlağayı dəzgahının yüngül dəftini çox asanlıqla irəli-geri yelləməklə ara ipəyini vurub qabağa sıxlaşdıraraq kəlağayının toxunmuş hissəsinə bitişdirirdi. XX əsrin əvvəlinə qədər Gəncədə kəlağayı dəzgahında yezbənd işlənməmişdir. Bunun əvəzində karxananın arxa divarının yuxarısına bir cüt mıxça çalıb məftil bağlayırdılar. Məftilə 8-10 tağalaq keçirilirdi. Çillələrin hər birini qələməkdən açıb sıra ilə həmin tağalaqdan asırdılar.
İşin növbəti məsələsində nirə və şana bəndəklər vasitəsi ilə dəzgahın hərləmə ağacından asılırdı. Dəzgahın bu mütəhərrik hissələri yerbəyer ediləndən sonra çillənin başı karvankeş vasitəsi ilə nəvərdə qoşulurdu. Bunun üçün xəlfə (kargər) karvankeşin baş büküyünün arasına qoyulmuş mili nəvərdin yarığına salıb pəlkeş vasitəsi ilə nəvərdi fırladırdı. Nəvərd fırlandıqca karvankeşin başını özünün altına alır, onun sabit qalmasını təmin edirdi. Kargər nirələrin alt çubuğunu kəndir və ya ciyə vasitəsi ilə təpkənlərə qoşur, xərəyi çillənin üstünə basıb, çarpaz qarğılarını yerbəyer edəndən sonra dəzgahın arxasına keçib toxumağa başlayırdı.
Arşınuma toxunan ipək parçalardan fərqli olaraq kəlağayı ədədi qaydada toxunurdu. Bu məqsədlə xüsusi ölçü ipindən istifadə olunurdu. Hər dəfə 20-25 ədəd kəlağayı toxunandan sonra navərd dolur və kargərin işini çətinləşdirirdi. Ona görə də toxuma əməliyyatını dayandırıb navərdi geri açmaqla, hazır kəlağayıları kəsib götürürdülər. Bu halda navərdə dolanmaq üçün sonuncu kəlağayını saxlayıb onun vasitəsi ilə çilləni navərdə qoşurdular. Kargər (xəlfə) yenidən dəzgahın küngahında (oturacaq taxta) əyləşib pəstəkarın köməyi ilə toxuma prosesini davam etdirirdi. Bu qayda ilə bir bəstan işin çilləsi tamam qurtarıncayadək toxunurdu. Çillənin sona çatmasını gözləmədən kəlağayının hər bir dəstəsi toxunub hazır olandan sonra kəsildikcə boyaqxanaya verilib naxışlanır, yaxud “ağ mal” kimi boyaqçılara satılırdı.
Azərbaycanda Orta əsrlərdə kəlağayı örpəyi, güləbətinlə bəzədilmiş örtük, basmaqəlib üsulu ilə örpək istehsal olunması barədə tarixi məlumatlar vardır. XVII əsr mənbələrində Azərbaycanın bir sıra şəhərlərində hazır boya üzərində boya vasitəsi ilə naxışsalma texnikasının (qələmkar süfrə, çit və s.) geniş yayılması əksini tapmışdır. Məşhur səyyah Övliya Çələbi Naxçıvanda kişilərin qələmkar parçadan köynək geydiklərini xəbər verir. Basmanaxış üsulu ilə məmulatının bəzədilməsinin ən tipik nümunəsi olan kəlağayı özünün istehsal texnikasına görə, ənənəvi ipək məmulatı içərisində spesifik səciyyə daşımışdır. Azərbaycanın bir sıra etnoqrafik zonalarında “çarqat” adı ilə məlum olan bu zərif örpək növü ənənəvi şərbaflıq mərkəzlərinin hamısında istehsal olunurdu. XIX əsrin sonu-XX əsrin əvvəllərindən başlayaraq Quzey Azərbaycanın ənənəvi kəlağayı istehsalı (Şamaxı, Basqal, Şəki, Şuşa, Gəncə) obyektiv səbəblər üzündən, xüsusilə ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində tənəzzülə uğramışdır. XX əsrin əvvəllərində yalnız Basqal və Gəncədə kəlağayı toxuculuğu mövcud idi.
-
Kəlağayılar
Məhəmməd Nərimaoğlu
-
Ənənəvi baş örpəyi - kəlağayı
Dayandur Tağıyev
-
Şəki kəlağayı istehsalının xüsusiyyətləri
Nuridə Quliyeva
2010
-
Azərbaycanda şərbaflıq sənəti
Arif Mustafayev
1991
-
Kəlağayı
R.İbrahimbəyova, C.Tarıverdiyev
2015
- Tərtibçi və biblioqrafiya