Kəlağayı ustası Əmiraslan Şamilov
Əmiraslan Şamilov Şəkidə qədim kəlağayı sənətini yaşadan sənətkarlardan biridir. 48 ildir bu sənətlə məşğul olan Ə.Şamilovun dediyinə görə, kəlağayı sənəti ona ulu babalarından keçib. Atası Şövkət-Ziya Sərkərov Azərbaycanın ən tanınmış kəlağayı ustalarından biri olub. Atasının xüsusi bir emalatxanası da olub. Onun istifadə etdiyi baramaaçan və toxucu dəzgahlar indi də qalmaqdadır. Şəkili ustanın istehsal etdiyi kəlağayılar, əsasən, “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin birinci mərtəbəsində yerləşən sənətkarlıq dükanlarından birində satışa çıxarılır. Xarici turistlər buta naxışı olan kəlağayıları həvəslə alırlar. Yay aylarında, xüsusilə bayram günlərində Şəkiyə gələn turistlərin sayı çoxaldığı üçün satışları da xeyli artır.
Sənətkarın bildirdiyinə görə, kəlağayının naxışlanması üçün taxta və dəmirdən hazırlanmış xüsusi qəliblərdən istifadə edir. Onda olan qəliblərin əksəriyyəti qədimdən qalmadır. Bu qəliblərdən birinin hətta 200-dək yaşı var. Vaxtilə həmin qəlib dəstində 15 ədəd qəlib olub, indi isə yalnız biri qalıb. Qəliblər hazırlanarkən milli ornamentlərə, xüsusilə buta formasında olan naxışlara üstünlük verir. Ustanın son vaxtlar sifarişlə hazırladığı qəliblər arasında “Bakı-2015” birinci Avropa Oyunlarının loqosu olan narın, Qobustanın qayaüstü rəsmlərinin, muğam üçlüyünə aid tar, kamança və qavalın əks olunduğu qəliblərə də rast gəlmək mümkündür.
Əmiraslan Şamilov “ABAD” ailəsinin üzvüdür. Dediyinə görə, indiyədək “ABAD”-a 100-dən çox kəlağayı təqdim edib. Bu kəlağayılar “İçərişəhər”də və “ABAD”ın sənətkarlıq mərkəzində satışa çıxarılıb. “ABAD”a qoşulmaq sənətkarın ailə büdcəsinin formalaşmasına da müsbət təsir göstərib. Kəlağayı ustası bu əməkdaşlığı gələcəkdə daha da genişləndirmək fikrindədir.