Basmanaxışçı
Nümunənin reyestr kodu : DA0104000013
Basmanaxış üzəri rənglənmiş xüsusi qəliblər vasitəsi ilə parçaya naxış salınmasından ibarət qədim xalq sənətinin adıdır. Parça üzərinə naxış salma əməliyyatı “basmaqəlib” və “təpmə” olmaqla iki üsulla həyata keçirilirdi. İstifadə etdikləri parçadan və istehsal üsulundan asılı olaraq basmanaxış ustaları bəzən “çitsaz”, “tavakeş”, “qəlibsaz” da adlandırılırdı. Basmanaxış ustaları “haşiyə” (“kənarə”), “köbək” (göl), “xonça” və “ara sahə” (aralıq) olmaqla bir-birindən fərqli basmanaxış ünsürlərindən istifadə etmişlər. “Haşiyə”, “köbək”, “xonça” və “ara sahə”nin bəzədilməsində əsasən “çiçək haşiyə, “kölgə buta”, “yarpaq haşiyə”, “quyrum haşiyəsi”, künc naxışlarının salınmasında isə “künc gülü”, “künc-paxlava”, “badambura”, “köbək dövrəsi”, “şah buta” qəliblərindən istifadə olunmuşdur. Basmanaxışçılar bu qəlib nümunələrini öz bəzək tələbinə, zövqünə, bazarın tələbinə uyğun olaraq ya özləri hazırlayır, ya da onların hazırlanması üçün dülgərlərə sifariş verirdilər.
Basmanaxışçılar parça üzərinə naxış və ya bəzək salma əməliyyatını xüsusi hazırlanmış “boyaq yağı” və “rəngab” vasitəsi ilə görürdü. Saqqız, mal piyi və arı mumunu qarışdırıb mis qazan və ya tiyanda qaynatmaqla “boyaq yağı” hazırlanırdı. Karxana şəraitində boyaq yağını, adətən, kiçik tavalara bölüb isti qalmaq üçün vam yanan kömür kürəsi və ya köz üzərində saxlayırdılar. Hər bir basmanaxış ustasının əlinin altında daim isti saxlanılan yağ tavası olurdu. Bu səbəbdən də kəlağayı istehsalında basma-qəlib ustası çox vaxt “tavakeş” adlanırdı. Basmanaxış əməliyyatı bilavasitə tavada isti saxlanılan və məmulat üzərinə basıldıqdan sonra tezliklə donmayan, qalın örtük əmələ gətirən yağ vasitəsilə icra olunurdu. Basmanaxışçılar buna “gül götürmə” deyirdilər.
Basmanaxışçılar ənənəvi olaraq, bez toxunuşlu, nazik pambıq parçalardan basma qəlib üsulu ilə al-əlvan bəzədilmiş çit hazırlayırdılar. Çitsaz ustalar, başlıca olaraq, nəbati naxışlı qəliblərdən istifadə etdikləri üçün belə çitlərə el arasında çox vaxt “güllü çit” deyilirdi.
Basmaqəlib üsulu ilə bəzədilmiş toxuma məmulatı arasında kəlağayı istehsalı mühüm yer tuturdu. Kəlağayı ədədi qaydada toxunub qurtarandan sonra basmaqəlib üsulu ilə al-əlvan boyalarla naxışlanıb bəzəkli hala salınırdı. Kəlağayı, üzərində ornamental səciyyəli müxtəlif nəqş nümunələri olan ağac qəliblər vasitəsi ilə bəzədilirdi. Kəlağayının bəzədilməsi müxtəlif rənglərdən “gül götürmə” prinsipi əsasında icra olunduğundan xüsusi tərkibə malik “kəlağayı yağı”və rəngablardan istifadə edilirdi.
Azərbaycanda parçaları basmanaxış üsulu ilə bəzəmək ənənəsinin tarixi çox qədim zamanlara gedib çıxır. Miladdan əvvəl V əsrdə yaşamış görkəmli yunan tarixçisi Herodot Qafqazdan bəhs edərkən yazırdı ki, bu yerlərin meşələrində elə ağaclar bitir ki, yerli əhali onların yarpaqlarını əzərək su ilə qarışdırır və bu məhlul ilə paltarlarına naxışlar vururdu. Bu naxışlar silinməyib parça köhnələnə qədər qalırdı.
Azərbaycanın Gəncə, Şəki, Naxçıvan şəhərləri, Şamaxı və onun ətraf kəndləri (Basqal və Mücü) parça üzərinə ağac qəliblərlə basma naxışlar köçürtmə işində mahir idilər. Basma qəliblər xüsusi qəlibkeş ustalar tərəfindən, əsasən, tilişkə və çat verməyən armud ağacından hazırlanırdı. Bu məqsədlə ağacdan müəyyən ölçüdə “pəstaha” kəsilir, polad qələm və çəkic vasitəsilə qazma və qaşıma yolu ilə onun üzərinə lazımi naxış-bəzək motivi salınırdı. Çox vaxt hər bir rəng üçün ayrıca qəlib nümunələri hazırlanırdı.