AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kəlağayı ustası Mürşüd Talıbov

Kəlağayı ustası Mürşüd Talıbov İsmayıllı rayonu Basqal kəndi sakinidir. Heç kəsə sirr deyil ki, Basqal kəndi kəlağayının məskəni hesab edilir. Bu səbəbdən də M.Talıbovun ailəsinin dədə-baba fəaliyyətinin məhz kəlağayı ilə bağlı olması heç də təsadüfi deyil.
 
Mürşüd Talıbovun babası kənddə və ümumiyyətlə Azərbaycanda tanınmış kəlağayıçı olub. Hətta Mirzə Ələkbər Sabir sənətkara 1818-ci ilə məxsus olan tiyan hədiyyə edib. Bu tiyan hazırda da Mürşüd Kamilov tərəfindən göz bəbəyi kimi qorunur. Babasının əl işləri də Azərbaycan Tarixi  Muzeyində sərgilənir. Lakin 1937-ci illərin repressiyaları və SSRİ-nin Azərbaycan mədəniyyətini unutdurmaq siyasəti onu bu işi davam etdirmək məqsədilə Vətənini tərk edərək Türkmənistana köçməyə vadar etdi. O, orada yenidən təzyiqlərə məruz qalaraq Gürcüstana qaçır, sonra isə Vətən həsrətinə dözməyib Əmircanda məskunlaşır və kəlağayı sənətini gizli şəkildə davam etdirir. Lakin sahib olduğu qəliblər haraya getsə əlindən alınırdı: “Atam müharibə veteranı olduqdan sonra partiya və komsomol bileti aldı. Bununla da hakimiyyət ailəmizi təqib etməyi dayandırdı”.
 
Təqiblər dayandıqdan sonra basqallılar yenə də öz sevdiyi işi davam etdirə bildilər. O zaman kəlağayı istehsalı üzrə artellər, kiçik müəssisələr yaranırdı. 1972-1979-cü illərdə artellərin birinin rəhbəri Mürşüd Talıbovun atası idi. O, özü də uşaqlıq illərində qardaşı ilə birlikdə orada atasına köməklik edib: “İpək toxumağı, lülə sərməyi, dəzgahda ipəyi fırlatmağı və kəlağayıların boyanmasını bacarırdıq. Yəni bütün prosesləri əzbər bilirdik. Barama o zamanlar kəndimizdə də vardı. Hətta onu yığmağa da özümüz gedirdik. Kəlağayının təbii boyanması da çox maraqlı prosesdir. Bunun üçün yovşan, biyan, süpürgə kötüyü, sarağan, cır almanın qabığı və digər bitkiləri də özümüz yığırdıq”.
 
Sənətin sirlərini uşaqlıqdan aşkar edən Mürşüd Talıbov məktəbi bitirdikdən sonra daha çox qəliblərin hazırlanması üzrə mütəxəssis olmaq arzusu ilə Rəssamlıq Akademiyasına daxil olur və orada ağac üzərində oyma fakültəsini müvəffəqiyyətlə bitirir. Sonra elə bu və daş üzərində oyma sənəti üzrə fəaliyyətinə davam edir. Qardaşı isə heykəltəraşlıq sahəsini seçir.
“Kəlağayı sənəti UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildikdən sonra mən kəlağayının “ikinci doğuluşunun, yeni nəfəsinin” şahidi oldum və bu inkişafda mənim də rolumun olmasını, dədə-babalarımın ruhunu şad etmək istədim. Eyni zamanda “ABAD”ın yaranması və bununla da bizim artıq satış barəsində rahat olmağımıza, daha çox işimiz haqqında düşünməyə səbəb oldu. Artıq iki ildir ki, yeni qəliblər hazırlayıram. Qəliblər milli naxışlarımız, gerbimiz, abidələrimiz, hətta Qobustan qayalarındakı təsvirlər ilə çox mürəkkəbdir. Buna baxmayaraq bu işdən heç yorulmuram. Kəlağayıları da kəndimizdə hazırlayıram. Babamdan bugünədək qalan qəlibləri, tiyanları, mis qabları da sevərək istifadə edirəm.  2019-cu ilin “Nəsimi ili” elan olunması şərəfinə Nəsiminin təsviri ilə qəlib də hazırlamışam”.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı