AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Fayton

Nümunənin reyestr kodu : DA0203050004

XIX ərsin ikinci yarısından başlayaraq Azərbaycanda kapitalist münasibətlərinin inkişafı və yaranması ilə əlaqədar şəhər əhalisi də çoxalırdı, bu da öz növbəsində yeni nəqliyyat vasitələrinə ehtiyac yaradırdı. Bu dövrdə Bakı və Gəncə şəhərlərində qazalaq, prilotka, fayton, şərəban, dilican kimi yaylı nəqliyyat vasitələri meydana gəlmişdir. “Prilotrka”, “fayton” və “qazalaq” kimi rahat nəqliyyat vasitələri Azərbaycana Rusiyadan gətirilmişdi.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı, Gəncə, Şuşa, Nuxa, Quba, Lənkəran, Şamaxı şəhərləri ilə yanaşı, Ağstafa, Şəmkir, Yevlax, Ləki, Ucar, Kürdəmir, Hacıqabul və s. dəmiryolu stansiyaları daxili ticarətdə, eləcə də sərnişindaşımada mühüm mərkəzlərə çevrilmişdi. Bu şəhərlərdə, dəmiryolu stansiyalarında faytonlarda geniş istifadə olunurdu. XIX əsrin axırlarında Bakıdan müxtəlif istiqamətlərə işləyən 418 fayton qeydə alınmışdı. Qatarların gəldiyi vaxt Bakı dəmiryolu vağzalının qarşısındakı meydanda sərnişinləri daşımaq üçün faytonlar növbəyə dururdu. Faytonlarda gediş haqqını göstərən xüsusi qiymət cədvəli də olurdu. Dəmir lövhə üzərinə yazılmış cədvəl faytonun açıq görünən tərəfində bərkidilirdi. Hər bir faytonda faytonçudan başqa 3-4 adam otura bilirdi. Faytonun xarici görkəmini gözə çarpdırmaq üçün fayton sahibləri çalışırdılar ki, qoşqu üçün xüsusi seçilmiş atların hər ikisi eyni böyüklükdə və eyni rəngdə olsun.

Fayton minik məqsədilə hazırlanmış cütatlı nəqliyyat vasitəsidir. Fayton yeddi əsas hissədən – dal və qabaq olmaqla ox və təkərlər, dörd ədəd yay, çanaq (faytonun evi), iki ədəd qanad, çətir və dişlədən ibarət idi. Cüt qоşqulu аrаbаlаr təkqоllu düzəldilirdi. Qollar qаrşı tərəfdən аrаbаnın оrtа hissəsinə, аrаbаnın müхtəlif tərəflərə yönələ bilməsini təmin еtmək məqsədi ilə оnun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənirdi. Dişlə arabanın hərəkətinə istiqamət vermək, onu enişdə saxlamaq və bir cüt atın xamıtını mərkəzə bağlamaq üçün idi. Dişləli qoşquda qaltaq (yəhərcik) və qövs lazım olmurdu. Faytonun dişləsi arabaya qoşulmuş qoşa atın arasında olub, qabaq təkərlərin oxuna bənd edilən uzun ağac idi. Belə qoşqularda at arabanı bir ucu xamıta, digər ucu isə dartqıya bağlanmış yan qayışlar vasitəsi ilə çəkirdi.

Fayton atın hərəkəti üçün rahat, yüngül, möhkəm olmalı idi. Hərəkət zamanı iki cür müqavimət yaranır: birincisi arabanın təkərlərinin öz oxu ətrafında fırlanmasından, ikincisi isə təkərlərin yerə sürtünməsindən yaranır. Bu sürtünmə səthləri nə qədər az olarsa, müqavimət də bir o qədər azalır, at öz qüvvəsini məhsuldar işə, yəni faytonu sürətlə aparmağa sərf edir. Bu cəhətdən dəmir oxlu və yaylı faytonlar çox əlverişli sayılırdı. Sahibləri faytonun səliqə ilə, saz vəziyyətdə saxlanmasına, yağlanması, təmir edilməsinə xüsusi diqqət yetirirdilər. Xüsusi ilə şəhər mərkəzlərində fəaliyyət göstərən arabaçılar faytonların təmiri üzrə də ixtisaslaşmışdılar.

Fayton çanağının içərisində iki yumşaq oturacaq düzəldilirdi. Qabaq təkəri üstündə- çaxçağın uc hissəsində olan üçüncü oturacaq faytonçu üçün idi. Faytonçunun ayağını qoyduğu taxtaya şaquli istiqamətdə bərkidilmiş fayton hissəsi “iş-tox” adlanırdı. Nazik dəmir lövhədən, yaxud taxtadan hazırlanmış “iş-tox”un əsas vəzifəsi hərəkət vaxtı atların ayaqlarından qalxan tozun qarşısını almaqla faytonçunun rahatlığın təmin etmək idi. Çanağın yanlarına bərkidilmiş “qanad” adlanan hissələr təkərlərin üstünü örtməklə qalxan tozun qarşısını alır, həm də dal və qabaq təkərləri arasından aşağıya tərəf qövs şəklində əyilərək faytona çıxmaq üçün ayaqlıq təşkil edirdi.

Çanağın arxa hissəsinə bərkidilmiş “çətir” adlanan hissə yağışdan, gündən və küləkdən qorunmaq məqsədilə faytonun üstünü örtürdü. Yayların köməyilə çətir istənilən vaxt açılıb-yığıla bilirdi. Gecə vaxtı yolu işqılandırmaq məqsədilə faytonçunun əyləşdiyi oturacağın yanlarına neftlə işləyən və ya şamla işıqlandırılan iki ədəd fənər də bərkidilirdi. Faytonlar zınqırov və fənərlərlə bəzədilirdi Varlılar faytonuna “otuzluq fənər”, sərnişin daşınması ilə məşğul olanlar isə “onluq fənər” asırdılar.

Faytonların əsas hissələri Rusiya zavodlarında hazırlansa da, Bakıda da fayton hazırlanması ilə məşğul olan sexlər fəaliyyət göstərirdi. Faytonlara əlavə edilən avadanlıqlardan asılı olaraq əhali arasında “rezin çarxlı fayton”, “dəmir çarxlı fayton”, “bir abbasılıq fayton”, “üç şahılıq fayton” və s. fərqləndirilirdi.

Varlılar, yüksək səlahiyyətli məmurlar şəxsi faytonlara sahib idilər, mehtərlər eyni zamanda faytonçu işini də görürdülər. Toyda gəlinin “qumrovlu fayton”, “zınqırovlu fayton”da aparılması, müxtəlif tədbirlər zamanı faytonların bir-birinin ardınca qatarlanması və s. əhali arasında xüsusi maraqla qarşılanırdı.

“Fayton” sözü yunan mifologiyasındakı günəş tanrısı Heliosun oğlu Faentondan götürür. Bir nəqliyyat vasitəsi kimi fayton Avropada kəşf edilmiş, buradan dünyaya yayılmışdır. Üzəri açıq faytonlar “lando”, kabinalı, saraylarda istifadə olunan faytonlar isə “kupa” adlandırılmışdır. Azərbaycanda bu nəqliyyat vasitəsi “fayton” kimi tanınmışdır. XIX-XX əsr Azərbaycanın görkəmli yazıçılarının əsərlərində faytonun əhalinin məişətində tutduğu yer bədii obrazlar vasitəsi ilə, müxtəlif süjet xətləri ilə geniş şəkildə əksini tapmışdır. Bu təsadüfi deyildi, çünki həmin dövrdə fayton müasir minik avtomobillərini əvəz edirdi.

Rahat nəqliyyat növü olduğundan cütatlı fayton XX əsrin birinci yarısında geniş yayılmış, İkinci dünya müharibəsindən sonra isə sıradan çıxmışdır. İndi turizm məqsədi ilə belə faytonlardan istifadə edilir.