AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yaylı nəqliyyat vasitələri

Nümunənin reyestr kodu : DA0203050001

XIX ərsin ikinci yarısından başlayaraq Azərbaycanda kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar şəhər əhalisi çoxalırdı, bu da, öz növbəsində, yeni-yeni nəqliyyat növlərinə ehtiyac yaradırdı. Həmin dövrdə Bakı və Gəncə şəhərlərində bir sıra yaylı nəqliyyat vasitələri təşəkkül tapmışdı. “Prilotka”, “fayton” və “qazalaq” kimi yaylı nəqliyyat vasitələri məhz bu dövrdə Azərbaycanda yayılmağa başlamışdı.

Tək at qoşulan “qazalaq” quruluşuna görə ikitəkərli at arabasına oxşasa da, ondan yaylı olması ilə fərqlənirdi. XIX əsrin sonlarına doğru sərnişin daşınmasına tələbatın artması ilə əlaqədar, qazalağın quruluşunda da dəyişiklik edilmiş, yumşaq olması üçün ona yay əlavə olunmuşdu. Qazalağın dördbucaqlı çardağı (banı) oxa bərkidilmir, yayların üstündə dururdu, çardaqda 4-5 adam otura bilirdi. Təkərləri “Bakı” və “Şamaxı” arabalarının təkəri kimi diametrcə çox iri olurdu. Azərbaycanda “qazalaq”, əsasən Bakıda hazırlanmışdı. Sərnişinlərin rahatlığını təmin etmək üçün qazalağın içərisinə döşəkçələr qoyulurdu. Hazırda kənd yerlərində qazalaq müəyyən məqsədlə işlədilir.

Quruluşca qazalağa oxşayan “prilotka”ya bir at qoşulurdu. Dörd əsas hissədən (ox, təkərlər, ox üzərindəki iki ədəd yay, arabanın “evi” və qolları) ibarət olan “prilotka” qazalağa nisbətən daha rahat nəqliyyat növü idi. Onun banının (kabinəsinin) içərisində hazırlanmış yumşaq oturacaqda iki adam əyləşə bilirdi. Oturacağı döşəmədən xeyli hündürdə yerləşir, təkərlərin üstünə “qanad” adlanan hissələr bağlanırdı. “Pritlotka”nı daha yumşaq nəqliyyat növü etmək üçün onun təkərlərinə son zamanlar rezin şinlər keçirilmişdi. Toy günlərində gəlini “prilotka”da gətirməyə çalışırdılar.

Fayton cütatlı nəqliyyat vasitəsidir. Rahat nəqliyyat növü olduğu üçün ölkəmizdə, xüsusilə turizm sahəsində faytondan hazırda da istifadə olunur. XIX əsrin axırlarında Bakıdan müxtəlif istiqamətlərə işləyən 418 fayton qeydə alınmışdı. Qatarların gəldiyi vaxt Bakı dəmir yolu vağzalının qarşısındakı meydanda sərnişinləri daşımaq üçün faytonlar növbəyə dururdu. Faytonda faytonçudan başqa 3-4 adam otura bilir. Fayton yeddi əsas hissədən (dal və qabaq olmaqla ox və təkərlər, dörd ədəd yay, çanaq (faytonun kabinəsi), iki ədəd qanad, çətir və dişlər) ibarətdir. Fayton çanağının içərisində iki yumşaq oturacaq düzəldilir. Qabaq təkəri üstündə – çaxçağın uc hissəsində olan üçüncü oturacaq faytonçuya məxsusdur. Faytonçunun ayağını qoyduğu taxtaya şaquli istiqamətdə bərkidilmiş fayton hissəsi “iş-tox” adlanır. Nazik dəmir lövhədən, yaxud taxtadan hazırlanmış “iş-tox”un əsas vəzifəsi hərəkət vaxtı atların ayaqlarından qalxan tozun qarşısını almaqla faytonçunun rahatlığını təmin etməkdir. Çanağın yanlarına bərkidilmiş “qanad” adlanan hissələr təkərlərin üstünü örtməklə qalxan tozun qarşısını alır, həm də dal və qabaq təkərlər arasından aşağıya tərəf qövs şəklində əyilərək faytona çıxmaq üçün ayaqlıq funksiyasını yerinə yetirir. Çanağın arxa hissəsinə bərkidilmiş “çətir” adlanan hissə yağışdan, gündən qorunmaq məqsədilə faytonun üstünü örtür.

XIX əsrin axırlarında uzaq məsafələrə sərnişin daşımaq üçün çoxlu yerli nəqliyyat növləri də mövcud idi ki, bunlardan “şərəban”, “dilicans” və “kareta” ən çox Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Lənkəran istiqamətlərində istifadə olunurdu.

“Şərəban” səkkiz nəfərə qədər sərnişin götürən üstü açıq at arabasıdır. Yarıyumşaq nəqliyyat növü olan şərəbanla sərnişin daşınması, adətən, yaz və yay mövsümlərində olurdu.

“Dilicans” furqon tipli nəqliyyat vasitəsi olub şərəbana nisbətən daha çox – 16-18 sərnişin götürə bilirdi. “Dilicans” da yarıyumşaq nəqliyyat növü idi, onun çanağının (kabinə) üstü örtülü olduğu üçün ilin bütün fəsillərində sərfəli nəqliyyat vasitəsi sayılırdı.

“Şərəban” və “dilicans”a nisbətən “kareta” kiçik və yumşaq nəqliyyat növü idi. “Dilicans”ın bir növü sayılan, altı nəfərə qədər sərnişin götürə bilən kareta Azərbaycanda yalnız Bakı şəhərində, əsasən poçt sahəsində işlədilmişdi.