AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şəbəkəçi

Nümunənin reyestr kodu : DA0104000053

Azərbaycan zərgərliyində qədim zamanlardan başlayaraq zinətin bədii formasını və dekorativ bəzək (naxış) məziyyətini gücləndirmək məqsədilə bir sıra texniki üsullar tətbiq olunmuşdur. Zinət ustaları iş prosesində həm yekcins metal (qızıl və ya gümüş), həm də cavahiratdan (ləl, yaqut, firuzə, inci, brilyant, əqiq və s.) ibarət müxtəlif materialların ahəngdar qatışığından istifadə etdiklərindən həmin üsulların hamısına bələddilər. Zinətlərin hazırlanmasında həndəsi, nəbati, zoomorf və astral motivli naxış ünsürləri tətbiq edilirdi. İstehsal texnikasına görə zərgərlik məmulatı sadə, yaxud mürəkkəb quruluşda hazırlanırdı. Mürəkkəb naxışlı zinət növləri qarışıq tərkibli olmaqla, qızıl və ya gümüşün ləl-cavahiratla qatışığından ibarət müxtəlif komponentlərdən düzəldilirdi. Bu növ zinətlər yerlik, haşiyə və mərkəz sahə olmaqla, müxtəlif bəzək ünsürlərindən, çox vaxt isə əlavə bəndləyici hissələrindən ibarət düzəldilirdi. Zinətin növündən asılı olaraq məmulatın ümumi özülü, yaxud onun ayrı-ayrı bəzək ünsürləri işlənib hazırlanarkən bu hissələrin hər birinin məzmununa uyğun material və nəqş motivi seçilirdi. Nəqş ünsürünün istehsal tələbinə uyğun olaraq, zinət növləri müvafiq texniki üsullarla düzəldilirdi.

Zərgərliyin ən qədim və bəsit üsullarından biri qəlibkarlıq olmuşdur. Azərbaycanın müxtəlif etnoqrafik bölgələrində bu üsul “basma”, “basmaqəlib”, “çaxma” və ya “çaxmaqəlib” adı ilə geniş yayılmışdı. Qəlibkarlıq texnikasından sonra yaranan şəbəkə üsulu ilə kəmər (belbağı), boğazaltı, bilərzik, sırğa və s. kimi ən qiymətli və zərif zinətlər düzəldilirdi.

Zərgərlikdə nazik, dolama simlərdən düzəldilmiş naxışlara şəbəkə deyilirdi və şəbəkə üsulu ilə qızıl-gümüş tellərlə zinət əşyası hazırlanır, yaxud da zərgərlik əşyasının üzəri bəzənirdi. Böyük ustalıq və gərgin zəhmət tələb edən mürəkkəb nəqşli şəbəkə məmulatı, bir qayda olaraq, yüksək əyarlı qızıldan hazırlanırdı.

Şəbəkə texnikasının ilk istehsal mərhələsini dekorativ telin hazırlanması təşkil edir. Bunun üçün vərəqə halına salınmış qızıl ilk növbədə qayçı ilə doğranıb zolaqlara ayrılır, sonra onlar “həddə” adlanan polad alətin deşiklərindən keçirilirdi. Həddə deşiklərinin ölçüsü kimi, formaları da müxtəlif idi. Deşiklərin hər birinin diametri müntəzəm surətdə daraldığından qızıl və ya gümüş telləri onlardan növbə ilə keçirildikcə tədricən nazilir və hazırlanacaq zinətin şəbəkə ünsürü üçün zəruri olan dekorativ forma kəsb edirdi. Bu və ya digər şəbəkə ünsürü eyni ölçülü teldən düzəldiyindən həddənin müvafiq deşiklərindən keçirilmiş bəzək telləri forma və quruluşuna görə ayrıca qruplaşdırılırdı. Həddələnmiş tellər üzərində cızma, burma, hörmə üsulu ilə bir sıra əlavə bəzək işi görülürdü. Bu məqsədlə qruplara ayrılmış tellər əvvəlcə bir-bir zərgər kürəsində qızdırılıb yumşaldılır, sonra burma üsulu ilə onlardan “eşmə” düzəldilirdi.

İkinci qrup eşmələr nisbətən yoğun olmaqla haşiyə bəzəyində işlənirdi. “Haşiyə gəzmələri” adlanan bu qrup eşmələr cızma, burma və ya hörmə yolu ilə dekorativ şəkildə işlənəndən sonra onlardan “hörük”, “hörük-buruq”, “çaharqat”, “zəncirə”, “ilan-tac” və s. adlı şəbəkə ünsürləri düzəldilirdi. Üçüncü və dördüncü qrup eşmələr zinətin özülü üçün hazırlanırdı. Mikrometrik miqyası daha qalın olan özül eşmələri doğranmazdan öncə cilalanıb nəfis hala gətirilirdi. Zinətin növündən asılı olaraq, özül üçün bəzək ünsürlərinin dekorativ tərtibatı hər dəfə dəyişdirilirdi. Buna müvafiq olaraq, şəbəkəçilik sənətində “həyətlik”, “əncamə”, “divarə”, “bəndəm” kimi bir-birindən fərqli dekora malik bəzək ünsürlərindən istifadə olunurdu.

Daşişləmə və ağacişləmə sənəti daxilində də şəbəkəçilik mövcud olmuşdur. Zinət hazırlanmasında şəbəkəçilik əsasən texnoloji üsul sayılsa da, daşişləmə və ağacişləmədə şəbəkəçilik dedikdə daha çox peşə istiqaməti, dar ixtisaslaşma başa düşülmüşdür.

Qəlibkarlıq texnikasından sonra yaranan şəbəkə üsulu Bakı, Şəki, Təbriz, Qazax, Şuşa, Gəncə və Naxçıvan zərgərliyində geniş yer tutmuşdur. Kəmər (belbağı), boğazaltı, bilərzik, sırğa və s. kimi ən qiymətli və zərif zinətlər bu üsulla düzəldilirdi.