AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Zərgər

Nümunənin reyestr kodu : DA0104000042

Azərbaycanda antik və orta əsr abidələrindən tapılmış geniş çeşiddə qızıl və gümüş məmulatları zərgərlik peşəsinin texniki cəhətdən yüksək inkişaf səviyyəsinə çatdığını əks etdirir. Zərgər təkcə qızıl və gümüş məmulatı istehsalını deyil, habelə qiymətli daşların, başqa sözlə, ləl-cavahiratın (mirvari, zümrüd, firuzə, yaqut, ləl, əqiq, almaz, brilyant və s.) işlənməsi ilə məşğul olur. Azərbaycanda zərgərlər zinətləri əsasən 6 texniki üsulla (döymə, basma, qarasavad, şəbəkəçilik, xatəmkarlıq, gümüşkarlıq və minasazlıq) bəzəyirdilər. Basma üsulu kəmər, düymə, qolbaqların düzəldilməsində işlədilirdi. Qarasavad üsulu ilə daha çox zinətlər (kəmər, bilərzik, sinəbənd, çarpaz, vəzn və s.) və silahlar (qılınc, xəncər, tapança və s.) bəzənərdi.

Zinət istehsalının mühüm texnoloji tələblərindən biri xammalın xalis halda deyil, başqa metallarla (mis, gümüş) qatışıq tərkibdə işlənməsindən ibarətdir. Qiymətli metalların istehsal prosesi üçün zəruri olan yumşaqlıq və elastiklik məhz bu yolla tənzimlənirdi. Az miqdarda qatışığı olan qızıl və ya gümüş ərintisinin sərtliyi və kövrəkliyi azaldığından döyülərkən yaxşı yaymalanır, ovulub dağılmır, sınıb korlanmırdı. Ərintidə xalis qızıl və ya gümüşün miqdarı tələb olunan həddən aşağı düşdükdə isə xammal özünün istehsal əhəmiyyətini saxlasa da, dəfinə dəyərini itirirdi. Ona görə də zərgərlər qızıl və gümüş ərintisinin keyfiyyətinin saxlanmasına xüsusi diqqət yetirirdilər. Ərintinin tərkibində xalis qızıl və ya gümüşün miqdarını müəyyən etmək məqsədilə tarixən xüsusi ölçü vahidi – əyar sistemi yaranmışdı. Qızıl və gümüşün rəsmi əyarı məhək daşı vasitəsilə müəyyənləşdirilirdi.

Zərgərlər qızıl məmulatının hazırlanmasında (zərgər kürəsi, körük, zindan, məngənə, çəkic, kəlbətin, həddə, simkeş, qələm, biz, sümbə, bıçaq, matqab, buta, hövnə, yeyə, sürtgəc, maqqaş, məhək daşı, zərrəbin və s.) əmək alətlərindən istifadə etmişlər. Zərgərlər əritmə, döymə, zolaqlama, hədələmə, burma, eşmə, oyma, cızma, taraşlama, lehimləmə və s. istehsal üsullarından yararlanmışlar. Zinət əşyalarının hazırlanması prosesində həndəsi, nəbati, zoomorf və astral motivli naxış ünsürləri tətbiq edilmişdi.

Baş zinətlərinin Azərbaycanda müxtəlif tiplərinə təsadüf edilirdi. “Dingə” (Qazax), “cıqqa” (Gəncə, Muğan) və s. adlarla bəlli olan tac zəmanəmizədək gəlib çatmış baş bəzəklərinin ən arxaik növlərindən olmuşdur. Zərgərlik sənətində zinətin bəzək dekorunun ön plana çəkilməsi ənənəsi sonralar baş bəzəyinin “alınlıq”, “başlıq”, “qabaqlıq” (Qərbi Azərbaycan), “cütqabağı”, “gəlintac” (Şirvan-Bakı), “qarabatdaq”, “təsəkqabağı” (Naxçıvan), “araqçın” (Ordubad) və s. istilahlarla geniş yayılmış xüsusi növünün yaranması ilə nəticələnmişdir. Baş bəzəklərinin bir qismi (məsələn, “qarmaq”) çalma və örpəkləri (bənarə, sərəndaz) bərkitmək, müəyyən hissəsi isə (“telbasan”, “birçəklik”, “qüllaba”, “ərcə”) saçın hörüyə gəlməyən cığa və birçəyini yığıb səliqəyə salmaq məqsədi güdmüşdür. “Sırğa” və “tana” kimi sinonim istilahlarla təmsil olunan qulaq bəzəklərinin çox geniş çeşidi (üçdüymə, beşdüymə, qırxdüymə, satıl, şarlı, buta, badamı, aypara, ay-ulduz, heydəri, piyalə-zəng və s.) yaranmışdı.

Boyun bəzəkləri metal (əsasən qızıl) və qiymətli daşlardan (inci, mərcan, mirvari, kəhrəba və s.) olmaqla iki növbədə düzəldilmişdir. Muncuq boyunbağıların hazırlanması ilə bilavasitə cavahirsazlar məşğul olmuşlar. Qızıl boyunbağıların forma, quruluş və naxış xüsusiyyətlərinə görə bir-birindən seçilən müxtəlif tipləri – həmayil, heykəl, aypərək (Qazax), hil, arpa, (Bakı), çəçik (Naxçıvan), xirtdəklik (Gəncə, Naxçıvan), məjdiyə (Salyan) yayılmışdır.

Qol, bilək və barmaq bəzəkləri tətbiq məqamına görə yaxın olsalar da, tipoloji cəhətdən bir-birindən xeyli fərqlənirlər. Əksər hallarda ləl-cavahiratla bəzədilmiş qızıl və ya gümüşdən hazırlanan bazubənd əsasən kişi zinəti kimi məhdud dairədə işlənmişdir. Bunun müqabilində qadın zinəti kimi qolbaq (bilərzik) və üzük daha kütləvi səciyyə daşımışdır.

Əsrlər boyu insan gözəlliyinə xidmət edən, onun məişətinə rövnəq verən zər-zibanın əsas kütləsini qadın zinətləri təşkil etmişdir. Orta əsrlərdə, o cümlədən XVI-XVII əsrlərdə metaldan düzəldilmiş bədii sənət nümunələrinin ayrılmaz bir qolunu zinət işləri təşkil edirdi. Bunlar əsas etibarilə qızıl və gümüşdən düzələrək, qadın və kişi bəzəyi kimi istifadə edilirdi. Tarixən qiymətli metallardan düzəldilmiş qızıl-gümüş bəzəkləri gəzdirilməsi və geyilməsinə görə 4 hissəyə bölünürdü. Orta əsrlərdən zərgərlər boyun bəzəkləri, qol və barmaq bəzəkləri, baş bəzəkləri, libaslara bənd olunan bəzəklər hazırlayırdılar.

Dəmirçilik və misgərliyə nisbətən zərgərlik peşəsi daha çox şəhərlərdə inkişaf etmiş, əsas zərgərlik mərkəzləri Bakı, Gəncə, Şamaxı, Şəki və Şuşa idi. Orta əsrlərdə olduğu kimi, XIX əsrdə də zərgər dükanları çox vaxt ayrıca təşkil edilirdi. Sürətlə böyüyən kapitalist Bakısı XIX əsrin sonralarında zərgərliyin ən böyük mərkəzinə çevrilmişdi. Şəhərin küçələrindən birinin indi də “Zərgər palan” adlanması buna sübutdur.