Rəqs yallıları
Nümunənin reyestr kodu : FM0401020001
Müəyyən əhval-ruhiyyəni – qəhrəmanlığı, gümrahlığı, gəncliyi və cəldliyi tərənnüm edən rəqs nümunələridir. Bu yallılara “Tənzərə”, “Siyaqutu”, “Sürütmə” (“Qədim yallı” da adlanır), “Naxçıvan”, “Şahbuz” (“Bayram yallısı” da adlanır), “Havarı”, “Daşbulağı”, “Yeqara”, “Tala”, “Ürfanı”, “Ağbulaq”, “Ağbaba”, “Yellicə” (“Novruzu” da adlanır), “Papılı” və başqaları daxildir. Zarafat, yarışma kimi əyləncə vasitələri ilə zəngin olan oyun-yallılarından fərqli olaraq, rəqs yallıları yeriş elementləri ilə zəngindir.
Rəqs yallılarını icra edən kollektiv kişi və ya qadınlardan, bəzən də qarışıq olur. Yallı dəstəsinə düzülən iştirakçıların dəqiq sayı yoxdur. Dəstə üzvlərinin sayı 20-30 nəfərdən başlayır, açıq havada keçirilən el şənliklərində 60-80 nəfərə qədər çatır. Oyun zamanı iştirakçılar əl-ələ verərək və ya qollarını yana açmaqla əllərini digər iştirakçının çiyninə qoyaraq rəqs edirlər. Bu zaman hər bir iştirakçı “yallıbaşı”nın etdiyi hərəkətləri olduğu kimi, onunla eyni vaxtda təkrar etməlidir. Hər hansı bir hərəkəti düzgün oynamayan iştirakçı ya cəzalandırılır, ya da dəstədən kənarlaşdırılır. Yallı dəstəsinin aparıcısı – yallıbaşı əlində dəsmal və ya çubuq tutaraq dəstəni istiqamətləndirir.
Bəzi rəqs yallıları iki dəstə şəklində ifa olunur. Üz-üzə dayanmış iki yallı dəstəsi ardıcıllıqla müxtəlif hərəkətlər nümayiş etdirirlər. Bir dəstənin etdiyi hərəkəti digər dəstə təkrar etməyə çalışır. Sonda hər iki dəstənin başçısı güləşir və qalib gələn başçı dəstələri birləşdirməklə onlara rəhbərlik edir.
Rəqs yallıları mahnı (reçitativ) və ya musiqinin (instrumental) müşayiəti ilə ifa olunur. Mahnı ilə müşayiət olunan yallılarda instrumental ifa yoxdur. Belə yallılar musiqi çalğısı olmadan, yalnız mahnı kimi oxunur. Dəstə üzvləri hansısa bir şeiri, mətni xorla, mahnı kimi ifa etməklə yallı gedir, oxuduqları mahnının ritmini isə ayaq hərəkətlərinə əsasən təyin edirlər. Belə yallılara Naxçıvanda “dil yallıları” da deyirlər. Bu yallıların hər biri ayaq hərəkətlərinə uyğun ritmə və ritmik quruluşa malikdir. Bu səbəbdəndir ki, bir çox yallılar “ikiayaq”, “üçayaq” və “dördayaq” adlanırlar. Belə yallılar öz quruluşu etibarilə “halay”ların quruluşuna çox yaxındır.
İnstrumental musiqi ilə müşayiət olunan rəqs yallılarında isə zurna və zərb alətlərindən istifadə olunur.
Şifahi ənənəli musiqi nümunələrində olduğu kimi yallı rəqslərində də variantlılıq vardır. Bununla əlaqədar, yallıların ad, melodiya və ifa tərzində bölgədən bölgəyə müəyyən fərqlilik özünü göstərir. Məsələn, eyni yallı bir bölgədə “Sürütmə”, digərində “Qədim yallı” adı ilə tanınır, yaxud bir bölgədə “Şahbuz” adlanan yallı, digərində “Bayram yallısı” adlanır.
Qobustan ərazisindəki qayaüstü təsvirlər, Ordubad ərazisində Gəmiqaya dağındakı əl-ələ verib dövrə vuraraq rəqs edən insan şəkilləri, arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif əşyaların üzərindəki yallı oynayan insan rəsmləri, alimlərin apardıqları elmi araşdırmalar Azərbaycanda yallının tarixinin eramızdan əvvəlki minilliklərə aparır. Yallılar ağaclara, heyvanlara, göy cisimlərinə müqəddəs məxluqlar kimi sitayiş edən ibtidai insanların bu fövqəlqüvvələrin şəninə icra etdikləri mərasimlərin tərkib hissəsi olmuşdur. Sonralar mərasimdən ayrılaraq müstəqil oyun nümunələrinə çevrilmiş və əsrlərin süzgəcindən keçərək günümüzə gəlib çatmışlar.
-
Azərbaycan xalq rəqslərinin təsnifatı
Rauf Bəhmənli
2017
-
Yallı
Ədalət Kərimli
2004
- Biblioqrafiya və tərtibçi