Nəfəsli çalğı alətləri
Nümunənin reyestr kodu : ST0802000001
Azərbaycanda milli musiqi sənətinin inkişafinda nəfəs alətlərinin misilsiz rolu vardır. Bu alətlərin ilk sadə nümunələri miladdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmış, bu gün də ney, tütək, sümsü və onun növlərinin hazırlanmasında həmin ənənə davam etdirilir. Ümumilikdə, nəfəs alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən və digər materiallardan hazırlanır.
Musiqiçi Abbasqulu Nəcəfzadə Azərbaycan ərazisində müxtəlif dövrlərdə istifadə edilən 40-dan artıq nəfəsli çalğı alətinin olduğunu qeyd edir. Günümüzdə onlardan yalnız 5-6-dan istifadə olunur. Nəfəs alətlərinin səs mənbəyi alətin gövdəsindəki hava sütünudur. Onların texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Nəfəs alətləri arasında ən çox istifadə olunan zurnadır ki, səs düzümü iki oktavadan artıq deyil.
Səslənmə üsuluna görə nəfəs alətləri beş növə ayrılır: dodaqla, qamışla, müştüklə, dilçəklə və körüklə səsləndirilən nəfəs alətləri.
Dodaqlı alətlərə ney, ağ ney, əsa ney, mizmar, pişe, musiqar (çıncıq), cıbçıq və neçavər daxildir. Bu alətlərdə ifaçı dodaqlarını borunun baş hissəsinə və yan boru üzərində olan xüsusi dəliyə dayayıb onu üfürərək səsləndirir.
Qamışlı alətlərə zurna, balaban, sümsü, bülban, surnay, buğ, zəmir, zurna-balaban, şapır, neyvari və şaxnəfir daxildir. Qamışlı alətlər bir sıra alətlərin xüsusi milinə nazik, ikiqat, kiçik qamış bağlanaraq ifa olunur.
Müştüklü alətlərə şeypur, gərənay, gavdum, sur və nay daxildir. Müştüklü alətlər borusu üzərində heç bir çalğı dəliyi olmayan, gur səsli alətlərdir. Dodaqlı və qamışlı alətlərdə səslərin dəyişməsində əsas rolu ifaçının barmaqları oynayır. Müştüklü alətlərdə isə üç müxtəlif yüksəklikli səs ifa etmək mümkündür və bu səslərin ifasında barmaqların heç bir rolu yoxdur. İfaçı barmaqları ilə yalnız alətin gövdəsini saxlayır. Müştüklü alətlər qrupundan yalnız şeypur və gərənay dövrümüzə gəlib çatmışdı.
Dilçəkli alətlərə düdük, tütək, ney, bansuri, quş tütəyi, kələnay, tülək daxildir. Bu alətlər ifaçının ağız boşluğunda saxlanaraq səsləndirilir.
Körüklü alətlərə ərqan, tulum, qarmon və harmon daxildir. Körüklü alətlər iki üsulla səsləndirilir. Tulumda xüsusi qamış-borucuq vasitəsilə hava körüyə üfürülür, daha sonra körük sıxılaraq hava təzyiqlə səsoyadıcı boruya istiqamətləndirilməklə səs alınır. Ərqan, qarmon və harmon alətlərində isə körüyü açıb-örtərək içində olan təbii havanı təzyiqlə xüsusi kanallara istiqamətləndirməklə səs əldə edilir.
Nəfəs alətləri sadədən mürəkkəbə doğru inkişaf yolu keçmişdi. Məsələn, ney çalğı aləti öncə üç dəlikli kiçik diapazonlu musiqi aləti olaraq yaradılmış, sonralar isə daha üç dəlik əlavə edilməklə bu gün istifadə olunan ney formalaşmışdı. Digər nəfəs alətləri də sadə alətlərin inkişaf edərək təkmilləşdirilməsi nəticəsində formalaşmışdı.
Nəfəsli alətlərdən müxtəlif təyinatla istifadə olunmuşdu. Məsələn, zurna, zənur kimi nəfəsli alətlərin güclü və qüvvətli səsi olduğundan onlardan kütləvi tədbirlərdə istifadə olunmuşdu. Hərbi döyüşlərdə, meydan tamaşalarında, kəndirbazların çıxışı zamanı, toy-düyünlərdə daha çox səsləndirilmişdi.
Nəfəsli alətlərin yaranması və inkişafında peşəkar musiqiçilərdən başqa, ifaçılıq qabiliyyəti olan müxtəlif peşə sahiblərinin (ovçuların, çobanların və b.) böyük xidmətləri olmuşdu. Abbasqulu Nəcəfzadənin fikrincə, sümsü, tütək və tulum kimi nəfəs alətlərini çobanlar yaratmışlar. Bu səbəbdən el arasında onların əvvəlinə çoban sözü əlavə olunaraq adlandırılır: çoban tütəyi, çoban sümsüsü və s.