AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Keramika

Nümunənin reyestr kodu : ST0401000001

Keramika – yüksək temperaturda yandırılaraq gildən hazırlanmış məmulatdır. Öz təyinatına görə tikinti keramikası, texniki və bədii keramika (heykəllər, qab-qacaq, dekorativ güldan və boşqab, bəzək əşyaları və kiçik plastika), məişət və təssərrüfat keramikasına bölünür.

Terrakota, mayolika, çini və farfor keramikanın əsas texnoloji, yəni hazırlanma növlərindəndir.

Qədim dövr Azərbaycan sənətkarlığının əsas sahələrindən olan dulusçuluq iki hissəyə bölünür – qırmızı gil keramika, cilalanmış qara rəngli keramika. E.ə. II minillikdə Naxçıvan (Kültəpə, Şahtaxtı ə s.) qırmızı keramikanın əsas mərkəzi olmuşdur. Qırmızı keramika nümunələri əlvan rəngli olduğu üçün ona boyalı keramika da deyilmişdir. Bu tip keramika məmulatları üzərində dalğavari, sınıq və mürəkkəb şəkilli düzxətlər, romb, üçbucaq formalı naxışlarla yanaşı, quş, heyvan, hətta stilizə edilmiş insan fiqurlarına da rast gəlinir. Bunlar qablar üzərində bir qayda olaraq qara, göy, sarı, qəhvəyi boyalarla çəkilirdi. Cilalanmış qara rəngli keramikanın yayılma ərazisi daha geniş olmuşdur (Xanlar, Mingəçevir, Daşkəsən, Qazax). Qara keramika üzərində rast gəlinən müxtəlif mahiyyətli şəkil, naxışlar iki üsulda icra olunurdu – cızma və inkrustasiya (materialın üz səthini təşkil edən və materialdan fərqli maddədən hazırlanan naxış və bəzək xarakterli təsvirlər). Qazıntı zamanı əldə edilən saxsı məmulatları göstərir ki, bu əsrlərdə Azərbaycanın şəhər və kəndlərində külli miqdarda müxtəlif formalı və bəzəkli saxsı qablardan istifadə edilmişdi. Bunlardan küp, kuzə, sürahi, kasa, nimçə, çıraq və s. göstərmək olar. Bu dövr saxsı məmulatları həm şirli, həm də şirsiz olurdu. Şirsiz saxsı məmulatların əksəriyyəti böyük küplər, bardaqlar və çıraqlardan ibarət idi. Şirsiz saxsı məmulatlarının istehsalında boyadan istifadə olunmadığı üçün bəzəklər, əsasən cızma və qabartma üsulu ilə edilirdi. Belə bəzəklər içərisində biz nəbati, həndəsi ornamentlərlə bərabər, müxtəlif heyvan, quş, hətta insan fiqurlu motivlərə də rast gəlirik.

Qədim dövr dulusçuluq sənətinin maraqlı səhifələrindən birini fiqurlu keramikalar təşkil edir. Bunlar, əsasən, qab şəklində və kiçik heykəllər formasında düzəldilirdi. Boyalarla işlənmiş keramika məmulatları dekorunun üslub xüsusiyyəti, müxtəlif variasiyalı ornamental kompozisiyaları və zəngin koloritinə görə IX-X əsr şirli keramika növləri içərisində xüsusi yer tutur. Əsasən həndəsi və stilizə edilmiş nəbati naxışlarla zəngin bu keramika məmulatının bəzəyində nadir hallarda heyvan, quş və insan təsvirinə də rast gəlinir. VIII-X əsrin dekorlu, boyalarla işlənmiş şirli keramikası Beyləqanda yüksək inkişaf səviyyəsinə çatmışdır.

XI-XV yüzillikdə Beyləqanda istehsal olunan keramika nümunələrində ov səhnələri ilə yanaşı, feodalların əyləncələrini əks etdirən mövzuları da görmək mümkündür. XVI-XVII əsrlərdə də keramika sənəti öz inkişafını davam etdirmişdir. Müxtəlif şəhərlərdə istehsal edilən keramika ticarət vasitəsilə bir sıra şərq və qərb ölkələrinə yayılırdı. Bu əsrlərdə Azərbaycanda düzəldilmiş saxsı və kaşı məmulatları həm texniki icrası, həm də bədii tərtibatına görə mürəkkəbliyi ilə seçilir. Lakin texniki üsulların inkişafına, rəsmlərin, ornament motivlərinin mürəkkəb kompozisiyalarda verilməsinə baxmayaraq, onlar yenə də əvvəlki dövrlərdə olduğu kimi, sırf yerli xüsusiyyət daşıyırdı. Bu xüsusiyyət əsas etibarilə özünü əşya üzərində tətbiq olunan bəzəklərin forma və məzmununda göstərirdi. Bu əsrlərdə düzəldilmiş keramika nümunələrinin üzərində dövrün ən geniş yayılmış ornamentlərinə, süjet və motivlərinə rast gəlinir. Əvvəlki əsrlərə nisbətən üslub etibarilə xeyli real təsvir edilmiş bu bəzəklər arasında mahir sənətkar əli ilə yaradılmış çoxlu gül-çiçək, quş, heyvan və bəzi məişət əşyalarının da təsviri vardır. XVI-XVII yüzilliklərdə Azərbaycanda istehsal edilən keramika sənət nümunələri əsas etibarilə üç texniki üsulda bəzədilirdi. Bunlardan mina ilə boyanmış, kobalt boyalı və Çin rəsmli işləri göstərmək olar.