AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dulusçuluq

Nümunənin reyestr kodu : ST0400000001

Azərbaycan ərazisinin zəngin gil yataqları və ucuz odun ehtiyatına malik olması, əhalinin məişətində dulus məmulatına zəruri tələbat, sənətkarlıq təcrübəsi və s. saxsı məmulatı istehsalının uzun müddət davam etdirilməsində başlıca rol oynamışdı. Ümumiyyətlə, dulusçuluq gil məmulatından istifadə etməklə əl və ayaq çarxında müxtəlif formalı qabların hazırlandığı qədim sənət sahələrindən biridir.

Dulusçuluğun özünəməxsus istehsal texnikası vardır. Bu alətlər arasında başlıca yeri dulus çarxı tutur. Saxsı məmulatının formalaşmasında müstəsna rol oynayan bu alətin əl çarxı və ayaq çarxı olmaqla iki növü vardır. Əl çarxı vasitəsilə saxsı qabların istehsalında, əsasən, qadınlar fərqlənmişlər. Yuvarlaq şəkildə olan əl çarxının üst səthi hamar, alt üzü şiş formada çıxıntıya malikdir. Əl çarxının mərkəz çıxıntısı onu fırlatmaq üçün ox rolunu oynamışdı. Ayaq çarxında da həmin elementlər inkişaf etmiş formada təkrarlanır.

Arxeoloji qazıntılardan aşkar olunmuş saxsı məmulatı üzərindəki simmetrik cizgilərə əsasən, demək olar ki, Azərbaycanda m.ə. IV minillikdə sürətlə fırlanan ayaq çarxından istifadə edilmişdi. Dulusçuluqda ayaq çarxının yastı və konusvarı olmaqla iki forması yayılmışdı. Dulus ustaları iş prosesində ağacdan düzəldilmiş üçbucaqlı, düzbucaqlı və trapesiya formalı xüsusi dulus bıçağından istifadə etmişlər. Hündürboylu qabların dibini hamarlamaq üçün tranc, darboğazlı qabların boğazını formalaşdırmaq üçün qarğı çilik, hamarlama və bəzək tərtibatında satıl, iy, lələk, qaraqulaq tikanı və başqa əmək alətləri işlənir.

Dulus məmulatı texnoloji cəhətdən “çarxı” və “qeyri-çarxı” olmaqla iki əsas qrupa bölünür. Qeyri-çarxı məmulat növləri (təndir, quyubaşı, bulaq sərnici, kürə və s.) “bad üsulu” ilə, həm də əl ilə hissə-hissə formalaşdırılırdı. Əl çarxı vasitəsilə hazırlanan qablar “oyma” və “piçənə” üsulu ilə müəyyən şəklə salınırdı. Oyma üsulunda bütöv kündəni əl çarxının üzərində tədricən ortasını əllə basıb genəltmə yolu ilə müvafiq formaya salırdılar. Piçənə üsulunda isə gil xəmiri götürüb əl çarxı üzərinə qoyur və onu müvafiq formaya salandan sonra kənarı boyunca “piçənə” adlanan palçıq loğağı bərkidirdilər. Piçənə sığanıb tələb olunan qalınlığa çatdırıldıqca qabın gövdəsi əmələ gəlirdi. Bu qayda ilə onun üzərinə növbəti piçənə əlavə olunurdu, calaqlar, adətən, dulus bıçağı ilə hamarlanırdı. Sürətlə fırlanan ayaq çarxı dulusçuluq sənətində əsaslı dönüş yaratmış, qısa müddət ərzində kütləvi surətdə simmetrik və zərif qablar istehsal etməyə imkan vermişdi.

Dulus məmulatının hər birinin özünəməxsus bəzək növü vardır. İri küplərdə oyma, basma və yapma naxışlar, xırda qablarda isə cızma naxışlar və boyalı rəsmlər tətbiq edilir. Gil məmulatının bir qismi təndir və əl kürələrində bişirilmişdi. “Dəm” adlanan açıq tipli kürə növü Lənkəran bölgəsində qeydə alınmışdı.

Azərbaycanın dulus ustaları müxtəlif növ gil məmulatı: su qabları, təsərrüfat küpləri, xörək qabları, çıraqlar, qızdırıcı vasitələr, su təchizatı vasitələri istehsal etmişlər. Təkcə su qablarının bir neçə qrupu yaranmışdı. Su daşımaq üçün səhəng, cürdək, kuzə, su saxlamaq üçün müxtəlif ölçülü küplər, süfrədə işlətmək üçün sürahi, qurqur, dolça, parç, tayqulp, yuyunmaq və dəstəmaz almaq üçün lüləyin, aftafa, fəşir və s. keçmiş məişətimizdə mühüm yer tutmuş, müasir dövrümüzdə də bölgələrimizdə peşəkar ustalar tərəfindən hazırlanır. Mətbəx qabları arasında dizə (saxsı çölmək), qazança, küvəc, piti dopuları, aşsüzən, həlimdan və s. milli xörəklərin hazırlanmasında müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycanda sənətkarlığın ən qədim sahələrindən biri olan dulusçuluq sənəti Neolit dövrünün mühüm nailiyyətlərindən sayılır və bu dövrdə toxuma, hörmə və dulusçuluq sənətinin meydan gəlməsi yeni məişət qablarının xalqın gündəlik həyatına daxil olmasını şərtləndirdi. Xüsusilə Eneolit dövründə dulusçuluq daha da inkişaf etmiş, əsas sənət növlərindən birinə çevrilmişdi. Dulus məmulatı istehsalı özünün əməli əhəmiyyətini XIX əsr və XX əsrin əvvəllərində də saxlamış və bu dövrdə Gəncə, Ərdəbil, Quba, Təbriz, Lənkəran, Şamaxı, Naxçıvan, Şəki, Bakı şəhərləri dulusçuluq məmulatının istehsal olunduğu başlıca mərkəzlər sayılırdı. Müasir dövrümüzdə bu qədim sənət növü bəzi bölgələrimizdə tanınmış ustalar tərəfindən yaşadılır.