AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Rəngkarlıq

Nümunənin reyestr kodu : SV0500000001

Azərbaycan rəngkarlığı təsviri incəsənətin qədim və zəngin tarixə malik olan əsas növlərindən biridir. İlk rəngkarlıq nümunələri hələ ibtidai icma quruluşu dövründə meydana gəlmişdi. Rəngkarlıq sənəti bədii-estetik cəhətinə görə monumental rəngkarlıq, teatr-dekorativ rəngkarlıq, dəzgah rəngkarlığı, miniatür rəngkarlıq növlərinə bölünür. Dəzgah boyakarlığına aid əsərlər molbert üzərinə bənd edilmiş kətan, taxta lövhə, karton və divar üzərində yağlı boya ilə çəkilir, məzmununa və funksiyasına görə müstəqil səciyyə daşıyır.

Rəngkarlıqda tempera, pastel, akvarel texnikasından istifadə olunur. Rəngkarlıq məzmun etibarilə mifoloji, məişət, mənzərə, natürmort, tarixi və s. janrlara bölünür. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv və ritm kimi təsvir vasitələri ilə konkretləşdirilir. Kolorit, rəngkarlıq əsərinin başlıca təsvir vasitəsidir. Rənglərin bir-birinə uyarlığı, ahəngdarlığı əsərin koloritini təşkil edir. Əsərin hansı rəng tonunda işlənməsi onun məzmunundan asılı olaraq dəyişir. Ona görə də tablonun koloriti isti və soyuq, açıq və ya tutqun, yumşaq və ya sərt, cazibədar və ya sönük ola bilər.

Azərbaycan dəzgah rəssamlığının banisi Mirzə Qədim İrəvani hesab olunur. O, Avropa üslublarını rəsm və dekorativ rənglərlə birləşdirərək portret rəssamlığına keçirdi. İrəvaninin “Gənc oğlanın portreti” və “Gənc qadının portreti” kimi əsərləri bu qəbildəndir.

XVII əsrdən XIX əsrədək Azərbaycan rəssamları yağlı boyadan istifadə edərək yaşayış yerlərinin, sarayların, hamamların bəzədilməsində iştirak edir, təkcə dekorativ motivlər yox, həmçinin tarixi portretlər, ov və müharibə səhnələri çəkirdilər. XVIII əsrdə feodallara aid evlərdə, əsasən nəbati motivlərdən ibarət divar rəsmləri ortaya çıxırdı. Bu rəsmlərə quş, heyvan və insan şəkilləri də daxildir. Bu dövrdə tikilmiş Şəki xan sarayının yuxarı mərtəbəsinin tavanındakı rəsmlər Abbasqulu adlı rəssam tərəfindən çəkilmişdi.

Orta əsrlərdə Azərbaycan rəssamları, əsasən kalliqrafiya (xəttatlıq) ilə məşğul olurdular. Bu dövrdə Azərbaycanda kitablara illüstrasiya çəkilməsi ənənəvi hal almışdı. Azərbaycan dilində yazılmış XVIII əsrə aid “Kəlilə və Dimnə” əlyazmasındakı sulu boya, lələk və mürəkkəblə çəkilmiş rəsmlər belə illüstrasiyalardandır. Əvəzəli Muğani ("Kəlilə və Dimnə", 1809), Mirzə Əliqulu ("Şahnamə", 1850), Nəcəfqulu Şamaxılı ("Yusif və Züleyxa", 1887) dövrün məşhur miniatürçüləri kimi tanınırdılar.

Mir Möhsün Nəvvab akvarel rəsmlər, kitab miniatürləri, bina və məscidlər üzərində bəzəklər çəkirdi. Müstəvi, dekorativ, ornamental divar rəsmləri, gül və quş təsvirli rəsmlər, şəxsi əlyazmalarındakı illustrasiyalar onun yaradıcılığı üçün xarakterikdir.

1920-ci ildə Bakıda ilk rəssamlıq məktəbi açılmış, 1932-ci ildə Azərbaycan Rəssamlar İttifaqı yaradılmış, 1940-cı ildə Azərbaycan rəssamlarının ilk qurultayı keçirilmişdi. Qəzənfər Xalıqov, İsmayıl Axundov, Altay Hacıyev, Kazım Kazımzadə kimi görkəmli rəssamlar həmin dövrdə yaşayıb yaratmışlar.

Azərbaycanda realist dəzgah rəngkarlığının banilərindən biri olan Bəhruz Kəngərlinin çəkdiyi mənzərə rəsmlərində təbiət gözəllikləri, mədəniyyət abidələri, ilin fəsilləri əks olunmuşdu. O, Əzim Əzimzadə ilə birlikdə Sovet Azərbaycanında təsviri sənətin əsasını qoymuşdu. Əzim Əzimzadə Bakıda rəssamlıq məktəbi açan ilk peşəkar rəngkarlardan biridir. Müasir Azərbaycan yağlı boya rəssamlığının banisi isə “Bibi-Heybət məscidi” və “Şeyxülislamın portreti” əsərlərinin müəllifi Əli bəy Hüseynzadədir.

XX əsrin ikinci yarısında yaşayıb-yaratmış məşhur rəngkarlardan Əzim Əzimzadə, Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Vəcihə Səmədova, Davud Kazımov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Rasim Babayev, Tahir Salahov, Fərhad Xəlilov, Cavad Mircavadov, Əşrəf Muradov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Tofiq Cavadov, Sənan Qurbanov, Altay Sadıxzadə, Arif Əzizov, Fərman Qulamov və başqalarının adını qeyd etmək olar.