Həndəsi ornamentlər
Nümunənin reyestr kodu : DR0102030001
Həndəsi ornamentlər riyazi qanunauyğunluqla qurulmuş elə təsviri silsilələrdir ki, onlar estetik zövq vermə ilə yanaşı müəyyən semantik məzmun da daşıyırlar.
Həndəsi ornamentlərin təkrarlanan elementi xaç, kvadrat, romb, altıüzlü və ya səkkizguşəli ulduz kimi müxtəlif həndəsi fiqurlardan, bəzən həndəsiləşdirilmiş nəbati və heyvani formalardan seçilə bilər. Həndəsi naxışlar iki qrupa bölünür: sadə və mürəkkəb. Sadə həndəsi naxışlar sırasına düz, sınıq və dalğavarı xətlərdən ibarət, həmçinin günəşin, ayın, ulduzların təsvirini əks edən rəsmləri daxil etmək olar.
Mürəkkəb həndəsi naxışların əksəriyyəti memarlıq abidələrinin – daş, taxta, gəc oymalarında, kərpic və kaşı üzərindəki sahələrdə tor şəklində qurularaq müəyyən fiqur və xətlərin təkrar olunmasından alınır.
Azərbaycanın ərazisində mövcud olan Manna, Midiya, Atropatena və Qafqaz Albaniyası kimi dövlətlərin incəsənətləri üçün səciyyəvi olan, hətta Tunc dövrünə (e.ə. III-II minilliklər) və daha sonrakı dövrə (e.ə. IX-IV əsrlər) aid daş, metal və keramika əşyalarının üzərində həkk olunan həndəsi ornament elementlərini bugünkü Azərbaycan xalçalarında görmək mümkündür. Bunlar arasında ən sadəsi və ehtimala görə ən ilki sınıq dalğalı xətlərdir. Bunlara Qazax, Xanlar və Naxçıvan ərazisində tapılmış yaşı 4,5 min ilə çatan saxsı qablar üzərində təsadüf olunur.
Xalça naxışları ətrafında aparılmış elmi araşdırmalar göstərir ki, bir çox həndəsi ornamentlər (düz, qırıq və dalğavarı xətlər; üç, dörd, beş, altı, səkkiz və on iki guşəli ulduzlar; üçbucaq, dördbucaq, dairə və s.) qədim dövrdən bəri inkişaf edərək, ənənəvi şəkil alıb müasir zamanadək sənət əsərlərində dönə-dönə işlənməkdədir.
Hazırda sadəcə bəzək kimi anlaşılan bu ornamentlərin hər biri uzaq keçmişdə xüsusi məna kəsb etmiş, insanların həyat və məişətdə rast gəldikləri bir çox real canlı və cansız obrazları əks etdirmişlər. Naxçıvan MR Şahtaxtı kəndindən tapılmış qırmızı gildən hazırlanmış küpənin (e.ə. XVIII-XVII əsr) gövdə hissəsində horizontal düz xətlər arasında verilən ördək təsvirləri onların su üzərində süzməsinə işarədir. Xalça və tikmələrimizin yelənində (haşiyəsində) verilən bu tip bəzək motivinə el ustaları bugün də “su” deyirlər. Sadə həndəsi naxışlar arasında paxlavavari naxışlar vardır ki, get-gedə mürəkkəbləşərək onlar “kətəbə” adı ilə yayılmışdır. Bu bəzək növü artıq dekorativ-tətbiqi sənət növlərimizin – xalça, parça, tikmə, daş oymalarının və s. ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Mürəkkəb həndəsi naxışlara əsas etibarı ilə memarlıq abidələrinin bədii tərtibatında rast gəlmək olur. Bunların əksəriyyəti tarix etibarı ilə orta əsrlərə aiddir. Əsasən ara sahələrin bəzədilməsində istifadə edilən bu naxışların ən gözəl və mürəkkəb nümunələrini XIII-XIV əsrlərdə yaradılmış memarlıq abidələrində görürük. Bu tipli mürəkkəb həndəsi torvarı naxışların gözəl örnəklərinə Naxçıvan MR Culfa şəhəri yaxınlığındakı “Gülüstan” türbəsi, Bakı və onun ətrafında yerləşən memarlıq abidələrində – Sınıq-qala minarəsinin şərəfəsi (1087-ci il), Şirvanşahlar kompleksindəki Seyd Yəhya Bakuvinin türbəsi və Divanxanada verilən ornamentlər (XV əsr) və s. rast gəlirik. Torvari həndəsi naxışlar bir sahəni bütünlüklə örtmək məqsədi ilə (düzbucaq, romb, üçbucaq, paraleloqram və altıbucaq kimi) həndəsi fiqurların zəncirvari şəkildə düzülüşündən əmələ gəlmişlər.