Şirvan qrupu xalçaları
Nümunənin reyestr kodu : SD0101080001
Azərbaycanın şimal-şərqində yerləşən Şirvan xalçaçılıq qrupu Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Qazıməmməd kimi xalçaçılıq ocaqlarını və onlara daxil olan xalçaçılıq məntəqələrini əhatə edir. Qobustan rayonunda xalça istehsalı əsasən Çuxanlı, Mərəzə, Nabür, Sündi, Şorbağça, Udullu, Paşalı kəndlərində, Ağsu rayonunda – Bicov, Göylər kəndlərində, Kürdəmir rayonunda – Şilyan, Mollakənd, Pirhəsənli, Padar kəndlərində, Qazıməmməddə – Hillə, Qarabağlı, Çaloğlu, Kolanı, Qaradonlu kəndlərində, Göyçay rayonunda – Qarayazı, Zərdab, Mollakənd, Cülyan, Mərəzə kəndlərində, Qəbələ rayonunda isə – Filfili, Qarabulaq, Qalacıq, Qəmərvan kəndlərində cəmləşmişdir. Qəbələ və Salyan zonasının xalçaları da texniki və bədii cəhətdən Şirvan xalçaları ilə eyni olduğu üçün onlar da bu qrupa daxil edilir. Bu qrupa məxsus məşhur xalça çeşniləri bunlardır: “Qobustan”, “Şamaxı”, “Şirvan”, “Qəşəd”, “Ərciman”, “Cəmcəmli”, “Qarxun”, “Qəbələ”, “Salyan” və s.
Şirvan məktəbində toxunan xalçalar kompozisiya baxımından müxtəlifdir. Sıx toxunuşu ilə seçilən Şirvan xalçalarında köhnə, qədim kompozisiyalardan daha çox istifadə olunur. Bu xalçalar faunanı, insan siluetlərini, mistik təsəvvürlərlə bağlı mücərrəd qrafik təsvirləri, islam dini ilə bağlı çeşidli motivləri özlərində yaşadırlar. Bu məktəbin “Ovçuluq”, “Narlı” kimi məşhur xalçalarında yaşadılan sakral təsəvvürlər isə bəşəri mahiyyət kəsb edir. Şirvana məxsus olan və “Ovçuluq” xalçaları qrupuna aid edilən “Şahinlə ov edən” adlı xalça Azərbaycanda ovçuluq motivlərinin işləndiyi ən qədim xalça hesab olunur. XIX əsrə aid olan bu xalçada XVI əsr ovçuluq xalçalarına məxsus motivlər işlənmiş və kökü etibarı ilə o dövrün miniatür boyakarlığına gedib çıxır. Miniatür boyakarlıq Təbriz miniatür məktəbinin təsiri altında Şirvanda da inkişaf etmişdir.
Əl-ələ mərasim rəqsini ifa edən insan təsvirləri, buta çeşidləri, nəbati motivlər, svastika, qarmaqlı romblar, göllər, mifoloji quşlar, islam dini ilə bağlı – qəndil, gülabdan, möhür təsvirləri və digər naxışlar “Ərciman”, “Mərəzə”, “Sor-sor”, “Şamaxı”, “İsrafil”, “Cəmcəmli”, “Qəşəd”, “Qabıstan”, “Narlı”, “Ovçuluq”, “Pirhəsənli” və s. xalçaların əsas bəzək elementlərini təşkil edir. Bu xalçalarda zərif üslubda toxunan göllərlə birlikdə, orta əsr miniatür sənətindən bəhrələnmiş süjetlər, çoxsaylı mehrab təsvirləri də əks olunur. Bu naxışların hər biri qədim insanların dini-mifoloji, kosmoqonik təsəvvürləri ilə bağlı olub, onların baxışını, görüşünü əks etdirir.
Şirvan məktəbində geniş yayılmış və ibadət üçün nəzərdə tutulan “Namazlıq” xalçalarına xas elementlərin təsvirlərindən “Sor-sor”, “Qabıstan”, “Mərəzə”, “Bicov” çeşnilərində və başqa sərbəst kompozisiyalarda istifadə olunur. Azərbaycan xalçaçılıq məktəblərinin hamısında toxunan namazlıq xalçalar bir adamın, bəzən iki-üç adamın eyni anda ibadət etməsi üçün istifadə olunurdu. XVI əsr miniatürlərində namazlıq xalçaların təsvirlərinə rast gəlinməsi onların tarixinin daha qədim olduğunu göstərir.
Şirvan, həmçinin özünün xovsuz xalçaları – palaz və kilimləri ilə, qədim dövrlərdə isə sumaxları ilə məşhur olmuşdur. Paşalı və Udullu kəndlərində toxunan xovsuz xalçalar dünya şöhrəti qazanmışdır. Şirvan qədimdən bəri həm də müxtəlif xalça məmulatları – çuval, xurcun, məfrəş, çul və s. hazırlanması ilə də məşhurdur.
Orta əsr ərəb tarixçisi Əbu Cəfər Məhəmməd Təbəri Şirvanda hicri tarixi ilə 22-ci ildə (miladi 642) çox yaxşı xalçalar toxunduğunu, X əsr ərəb tarixçisi Müqəddəsi isə Şirvanın Məxfur xalçalarının məşhur olduğunu yazırdı. 1860-cı ildə Şamaxıda 678, ətraf kəndlərdə isə 590 toxuculuq karxanasının olması haqqında statistik məlumatlar xalçaçılığın Şirvan əhalisinin təsərrüfat həyatında nə qədər əhəmiyyətli rol oynadığını göstərir. XII-XIII əsrlərdə Şirvanda toxunmuş xalça nümunələri İstanbulda “Türk və İslam əsərləri” muzeyində bu gün də saxlanılır.
-
Bakı, Şirvan. Quba xalçaları. Kataloq
Elmi redaktoru Nailə Vəlixanlı
2013
-
Азербайджанские ковры. Ширванская группа
Видади Мурадов
2011
- Biblioqrafiya və tərtibçilər