Kosa-kosa
Nümunənin reyestr kodu : FO0202000004
Yazqabağı uşaqların, gənclərin oynadıqları mərasim oyunlarından biridir. “Kos-kosa”, “Keçəpapaq”, “Dodu gəzdirmək”, “Kosa bəzəmək” və sair adlarla tanınan bu oyunu Novruz bayramına bir neçə gün qalmış məhəllə uşaqları həyətləri gəzməklə oynayar, tamaşaçılardan xuşgəbar, pul toplayardılar. Oyun haqqında ilk dəfə Hüseynqulu Sarabskinin “Köhnə Bakı” əsərində məlumat verilir. Azad Nəbiyevin yazdığına görə, Bakıda indiki “Azad qadın” heykəlinin yerləşdiyi ərazi də daxil olmaqla, “beşmərətəbə”nin yaxınlığında böyük bazarlar olardı, həmin yerdə Novruz şənlikləri keçirilərdi. Hüseynqulu Sarabskinin “Köhnə Bakı” əsərində də həmin bazar meydanında oynanılan “Kosa-kosa” oyununun təsviri verilmişdir. Həmin təsvirə görə, rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə çevrilmiş kürk geyindirərdilər. Üzünə kağızdan hazırlanmış üzlük (maska) taxıb başına da kəlləqənd kağızından uzun şişpapaq qoyardılar. Belinə zınqırovlu bir kəmər bağlanar, boynundan da zınqırovlar asardılar. Məhəllə uşaqları kosanı araya alıb, həyətləri gəzərək xüsusi bir hava ilə nəğmələr oxuyar və qapılardan pay yığardılar. Təsvirdən də göründüyü kimi, bu oyun vaxtilə nəğmə oxumaqla oynanılmışdır, lakin sonralar müəyyən dram elementləri əlavə olunmaqla tamaşalaşdırılmışdır.
Bu oyun Azərbaycanın müxtəlif bölgələrində oynanılsa da, bölgədən bölgəyə müəyyən variantlılıq özünü göstərir. Məsələn, Bərdə rayonunun Ləmbəran kəndində bu oyun “Keçəpapaq” adı ilə tanınır. Oyun öz adını dəstənin başçısı olan eyni adlı personajdan alır. Dəstə üzvləri adətən 3-4 nəfərdən ibarət olur. Dəstə başçısı – keçəpapaq başına keçədən hazırlanmış ucu şiş papaq qoyur. Papağın üstünü ilbiz qabığı ilə bəzəyir, yeriyəndə də ilbizlər bir-birinə dəyib şaqqıllayır. Ondan əlavə dəstədə pay yığan, maral, nəğmə oxuyan, qarmon çalan və bir nəfər də dəstə üzvlərini itlərdən qoruyan uşaq olurdu. Maral rolunu oynayan uşaq əyninə qadın paltarı geyinir, başına torba keçirir, maral kimi hərəkət edirdi. Həmin gün darvazalar açıq olurdu. Maral hansı evə girirdisə, öncə ağzını yerə döyürdü. Ev yiyəsi təklif edirdi ki, maral, nə yeyirsən? O da nə istədiyini başa salır, ev yiyəsi də onun istədiyini bir qabda onun qarşısına qoyurdu. Maral yediyini yeyir, yemədiyini də torbalara tökürdülər. Dəstə üzvləri gecə yarıya qədər bu qaydada həyətləri gəzir, pay yığırlar. Yığılan pay dəstə üzvləri arasında bölüşdürülürdü. Dəstə üzvləri hamısı maskalı olur. Tanınmamaları üçün başlarına corab keçirir, oğlanlar əyinlərinə qadın paltarı geyinir, papaqlarını sifətlərinin üstünə çəkirdilər. Dəstə üzvləri ev yiyəsi ilə oynayır, paylarını aldıqdan sonra gedirdilər.
Zəngilanın Məmmədbəyli, Hacallı, Cahangirbəyli kəndlərində isə bu oyun “Dodu gəzdirmək” adı ilə tanınır. Bir oğlanın əyninə qadın paltarı geyindirər, başına yaylıq bağlayar, tanınmaması üçün başına corab keçirərdilər. Dodu adlandırılan həmin şəxsin başına on-on beş nəfər yığılardı. Dəstə üzvləri balaban, nağara və qarmon çalandan ibarət olardı, onlar çalıb-oxuyar, dodu da oynayardı. Dəstə üzvləri ev yiyəsini güldürmək üçün oyunun şirin yerində ucu qarmaq şəkilli ağacla dodunun ayağından çəkib yıxardılar. Dəstə üzvləri ev yiyəsindən pay almamış həyəti tərk etməzdilər. Ev yiyəsi də onları oynatmaq üçün qəsdən paylarını bir qədər gec verər, onlar da paylarını alana qədər oynayardılar. Uşaqlar bu şəkildə qapı-qapı gəzər, qapılardan düyü, yağ, soğan, kartof yığardılar. Yığdıqları ərzağı gətirib bir evdə bişirər, gecə səhərə qədər çillə çıxarardılar.
Zəngilan rayonunun Yeməzli kəndində isə həmin gün kosa bəzəyərdilər. Kənddə bir neçə qrup olardı və hər qrup özünə bir kosa düzəldərdi. Tanınmaması üçün bir oğlana qadın paltarı geyindirər, sifətini kömürlə boyayar, kömürdən bığ çəkər, keçi dərisindən saqqal düzəldərdilər. Onu ev-ev gəzdirərdilər. Qapıya gələndə ev yiyəsi onun kimliyini bilmək üçün kosanı oynadardı. Kosa da tanınmaması üçün oynamağını, səsini dəyişər, axırda da şirinliyini alıb gedərdi. Kosa evə gələndə kimisə oynamağa dəvət edərdisə, həmin şəxs etiraz edə bilməzdi, mütləq onunla oynamalı idi.
İbtidai təsəvvürlərdən qaynaqlanan bu oyun arxaik cizgilərini son dövrlərə qədər qoruyub saxlamışdır. Kosanın kürkünü tərsinə geyinməsi, onun çirkin və eybəcər təsvir olunması sadəcə ətrafdakılarda gülüş doğurmaq üçün uydurulan zahiri qüsur deyil, onun o dünyaya, sakral məkana bağlılığını göstərən əlamətlərdir. Həmin xüsusiyyətlərə əsaslanaraq Cəlal Bəydili “Kosa-kosa” oyununun təbiətə təsir etmək, ölüb-dirilməni simvolizə edən ritual xarakterli bir oyun olduğunu yazır. Elçin Aslanov və Muxtar İmanovun araşdırmalarında isə kosa günəşin simvolu kimi təqdim olunur. Oyunda kosanın ölüb yenidən dirilməsi isə günəşin yenidən dirilməsi kimi izah olunur.
-
Xalq oyunları və meydan tamaşalarında ritual-mifoloji qat
Muxtar Kazımoğlu
-
Yaz baramı ilə bağlı bir sıra mifoloji obraz və anlayışların simvolikasından
Cəlal Bəydili
2003
-
Azərbaycan Novruz bayramı və "Kosa-kosa" tamaşası
Tahir Orucov
- Biblioqrafiya və tərtibçi