AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şur

Nümunənin reyestr kodu : FM0302100001

Şur muğamı

Azərbaycan professional musiqisində ikinci əsas muğam olan “Şur” muğam dəstgahları arasında ən əhatəli, irihəcmli olması ilə fərqlənir. “Şur” muğam dəstgahı şur məqamı əsasında qurulmuşdu. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyli şifahi ənənəli professional musiqi nümunələri içərisində “Şur”u ən geniş yayılmış hesab edərək bu muğamın dinləyiciyə təsirini xüsusilə vurğulayır və yazır ki, “Şur” dinləyicidə şən, lirik əhval-ruhiyyə oyadır. “Şur” muğamına dərin lirika, təmkinli, axıcı melodiya xasdır. Güman edilir ki, “Şur” muğamının özülünü qədim klassik 12 muğamdan biri olan “Nəva” təşkil etmişdi. “Şur” muğam dəstgahı yalnız Azərbaycan və İran professional muğam sənətində müşahidə olunur, ərəb, Türkiyə, Orta Asiya xalqlarının musiqisində bu muğama təsadüf olunmur.

Musiqişünas alim Məmməd Saleh İsmayılov bəzi orta əsr mənbələrinə əsaslanaraq “Şur” terminini XVI əsrdən sonrakı dövrə aid edir. XIX əsrin musiqişünas alimi Mir Möhsün Nəvvabın məşhur “Vuduhul-ərqam” əsərində “Şur” dəstgahı şöbə kimi göstərilsə də, onun müasiri görkəmli tar ifaçısı, dəstgahların qeydə alınmasında, musiqi məktəblərində muğamat dərsləri proqramının tərtib olunmasında yaxından iştirak etmiş Mirzə Fərəc Rzayev (1847-1927) “Şur”un Mayə, Dəraməd, Şur, Muyə, Busəlik, Səlmək, Zirkeş, Gülriz, Siyahruh, Cidayi, Şəhr-aşub, Nişibi-fəraz, Xocəstə, Şikəsteyi-fars, Səmayi-şəms, Hicaz-Bağdadi, Hicaz-ərəbi, Raz-Məcnuni, Gəbri, Gövhəri, Sarənc-Əbu-Əta, Qəməniz, Məhti-Zərrabi, Şəkk-Şahnaz, Kürd-Şahnaz, Şur-Şahnaz, Şahi-Şahnaz, Şahnaz-xarə, Dilkəş, Cövhəri, Şur kimi 30 şöbə və guşədən ibarət olduğunu yazır.

Keçən əsrin 20-ci illərində Türk Musiqi texnikumunda Ü.Hacıbəylinin rəhbərliyi və bir çox muğam bilicilərinin iştirakı ilə “Şur” dəstgahının tədris proqramı işlənib hazırlanmış, əvvəlki “Şur” dəstgahında olan bir sıra şöbə və guşələr ləğv edilmişdi. Nəticədə “Şur” dəstgahının Dəramədi-Şur, Mayeyi-Şur, Muyə, Bayatı-Türk, Şikəsteyi-fars, Nişibi-fəraz, Səmayi-şəms, Hicaz, Sarənc, Qəməngiz, Şahnazi-şəq, Şahnazi-kürd, Dilkəş, Səlmək, Busəlik, Şur kimi 16 şöbə və guşəsi göstərilmişdi. İllər ötdükcə proqramda olan bəzi şöbə və guşələrin özü də təkmilləşdirilmiş və “Şur” muğam dəstgahı forma cəhətdən kamil və bitkin bir şəkil almışdı.

“Şur” muğam dəstgahı xanəndələrimizin repertuarında, eyni zamanda Orta İxtisas musiqi məktəblərinin və konservatoriyanın tədris proqramında 11 şöbə və guşədən – “Bərdaşt”, “Mayeyi-Şur”, “Şur-Şahnaz”, “Bayatı-türk” (“Bayatı-Qacar” və “Dügah”), “Şikəsteyi-Fars”, “Əşiran”, “Səmayi-Şəms”, “Hicaz”, “Sarənc”, “Nişibi-Fəraz”, “Şura kadensiya”dan ibarətdir. “Şur”un geniş yayıldığını sübut edən faktlardan biri də odur ki, bu muğamın səs düzümü üzərində kiçik həcmli muğamlar – “Əbu-Əta”, “Dəşti”, “Bayatı-kürd”, “Şahnaz” qurulmuşdu. Digər muğam dəstgahlarına nisbətən “Şur” səs düzümü üzərində oxunan zərbli muğamlar daha çoxdur. Mövcud 10 zərbli muğamdan üçü – “Səmayi-şəms”, “Mani” və “Arazbarı” bu muğamın səs düzümünə əsaslanır.

“Şur”u oxumaq üçün xanəndə bəmdən zilə iki oktava yarımdan artıq səs diapazonuna malik olmalı, eyni zamanda uzun nəfəs, şaqraq zəngulə və böyük ustalıq nümayiş etdirməlidir. Azərbaycanda “Şur” muğamının Məşədi İsi, Hacı Hüsü, Mirzə Güllər, Xanlıq Şükür, Zabul Qasım, Seyid Şuşinski, Xan Şuşinski, Əbülfət Əliyev, Qulu Əsgərov, Nəriman Əliyev, Ağababa Novruzov, Səxavət Məmmədov, Ağaxan Abdullayev və başqaları kimi çox görkəmli ifaçıları olmuşdu. Hazırda tanınmış muğam ustadları Alim Qasımov, Mənsum İbrahimov, Zabit Nəbizadə, Ruzə İbişova, Nəzakət Teymurova, Zakir Əliyev, Təyyar Bayramov və başqalarının ifasında “Şur” muğam dəstgahı uğurla təqdim edilir. “Şur” dəstgahının qadın xanəndələr arasında klassik ifaçıları Yavər Kələntərli və Sara Qədimova hesab edilir. Sara Qədimovadan başqa qadın xanəndələr arasında heç kim bu dəstgahı öz kökündə ifa etməmişdi.