Döl bayramı
Nümunənin reyestr kodu : DB0204010005
Qoyunlar quzulayan zaman keçirilən mərasimdir. İqlim şəraitindən asılı olaraq bayramın keçirildiyi tarix bölgədən bölgəyə dəyişir. Məsələn, Balakən-Zaqatala zonasında qış sərt keçdiyi üçün qoç sürüyə bir qədər gec – sentyabr ayında qatılır, döl isə fevral-mart aylarına düşür. Kolxoz dövründə döl zamanı ən azı on-on iki çoban sürünün içərisində olur və döl qurtarana qədər sürüdən ayrılmırdılar. Quzuları yaxşı tanıyan çobanlardan əmizçilər tutulur və yeni doğulan quzular onlara həvalə olunurdu. Döl qurtarandan sonra da onlara mükafat olaraq bir-iki qoyun verilirdi. Dölü başa vurduqdan sonra yaxşı bir qoç kəsilir, və yaxud sürüdə qaçaq doğan qoyunlar olduqda onların balası ayrıca bəslənir, döl qurtaran vaxt həmin quzu kəsilib bayram edilirdi.
Dölün uğurlu keçməsi üçün bir sıra mərasimlər keçirilir: hədik bişilir, qovut hazırlanır və s. Hədik dölün yaxşı keçməsi, bərəkətli olması məqsədilə döl ərəfəsində bişirilirdi. Hədiyin hazırlanmasında istifadə olunan ərzaqlar bişən zaman şişdiyi, artdığı üçün insanlar bu vasitə ilə qoyunların daha çox bala vermələrini diləyirdilər. Döl hədiyi buğda, qarğıdalı, noxud, lobya və qoyun ayaqlarından hazırlanırdı. Bu ərzaqların tədarükünə hələ qabaqcadan başlanırdı. İl ərzində kəsilən qoyunların ayaqları qurudulub saxlanılmaqla hədik üçün ehtiyat yığılırdı. Həmin ərzaqların hər biri ayrı-ayrı qazanlarda bişirilib sonra yekə qazanda bir araya gətirilirdi. Həmin hədikdən həm qohum-əqrabaya paylanılır, həm də qışlaqdakı çobanlara göndərilirdi. Paylanan zaman hədik kasaya çəkilir, üstünə də bir ayaq qoyulurdu. Hədik verilən boşqab boş geri qaytarılmır, mütləq içərisinə şirniyyat qoyulub qaytarılırdı.
Hədikdən əlavə, döl vaxtı həm də qovut hazırlanırdı. Qovudu bişirmək üçün qarğıdalı ilə buğda öncə qovrulur, sonra dəyirmanda üyüdülürdü. Üzərinə süd töküb qarışdırılır, ovucun içində sıxmalar halına salınırdı. Həmin sıxmalardan qışlaqdakı çobanlara da pay göndərilirdi. Qovut doyumlu olduğu üçün çobanları tox saxlayırdı.
Dölün uğurlu keçməsi üçün ziyarətgahlara qurban deyilirdi. Zaqatala rayonunun Meşleş kəndində döl qurtardıqdan sonra çobanlar Kəsikbaş ziyarətgahında qurban kəsirdilər.
Zaqatala rayonunda dölün başlamasına on-on beş gün qalmış dölün məhsuldar olması üçün qodu-qodu oynanılırdı. Bir nəfəri keçi kimi bəzəyirdilər: dərini tərs üzünə çevirib onun əyninə geyindirirdilər. İki nəfər də onu müşayiət edirdi. Qodunu müşayiət edənlər uşaqları keçiyə yaxına gəlməyə qoymur, uşaqlar keçinin dalına düşəndə isə onları qorxudub qaçırırdılar. Keçi mələyə-mələyə qapıları gəzib pay yığırdı. Bu oyuna rayonun Suvagil kəndində “Bazbal” deyilir. “Bazbal” axşamlar oynanılırdı. İki nəfəri birini dişi, digərini erkək keçi formasında bəzəyib başına buynuz taxır, bədəninə keçə sarıyırdılar. Tanınmamaları üçün başlarına keçədən maska taxırdılar. Keçilər dəstənin önündə hoppana-hoppana, dalaşa-dalaşa gedir, onların arxasınca sümsü, dəf çalanlar gəlirdi. “Bazbalına pay, pay”, “bazbalına pay, pay” deyib qapılar gəzir, oxuyurdular:
Qodi, qodi, görmadi,
Qodiyə salam vermədi.
Xəppə evli xa evli (= Buğda unu çox ver)
Qılbi evli qık evli (= Qarğıdalı unu az ver).
Bazbal oynadanlar camaatı güldürmək üçün bəzən keçini yerə yıxıb bəyirdirdilər. Girdikləri qapıdan da pay almamış çıxmırdılar. Onlara verilən pay un, qaxac edilmiş ət və s. olurdu. Dəstənin içində verilən ətləri yığan xüsusi adam olurdu. O, fürsət gözləyir, ev yiyəsinin başı qarışan kimi anbarda saxlanan qaxac edilmiş ətdən, lobyadan, undan və s. oğurlayıb xurcunun gözünə atırdı. Sonra bir evə yığışıb yığdıqları paydan xəngəl bişirib yeyirdilər.