AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Hamam işçiləri

Nümunənin reyestr kodu : DB0202000002

Azərbaycan xalqının məişətdə hamam vacib yer tutur. Şərq memarlığının ayrılmaz hissəsi olan Azərbaycan hamamları ailə və ictimai məişətlə bağlı mərasimlərin keçirildiyi əsas məkanlardan sayılırdı. Etnoqrafik sorğular təsdiqləyir ki, keçmişdə hamam işçiləri arasında əmək bölgüsü vardı. Hamamlar həftənin tək günlərində kişilər, cüt günlərində isə qadınlar üçün xidmət göstərirdi. Qadın və kişi hamamlarındakı işçilərin öhdəlikləri azacıq istisna olmaqla eynilik təşkil edirdi.

Kərəneyçi və ya hamam şeypurçusu kişi işçilərdən olub, hər gün səhər tezdən hamamın suyu qızdıqdan sonra dama qalxıb hamamın açılmasını camaata car çəkirdi. Xəzinədar əsasən hamam sahibləri özləri olurdular. Onlar həm də xına, ruşur, sabun, dabandaşı və s. kimi hamam ləvazimatını satırdılar. Səkidar qapının ağzındakı səki üzərinə döşəkçə qoyub bardaş qurur, gəlib-gedəni gülə-gülə qarşılayıb, yola salırdı. Başmaqçı müştərilərin başmağını cütləyir, aralıqda gəzərək qulluğa göndərilirdi. Boğçadar və ya cumadar (“camedar” sözündən olub, “paltar saxlayan” deməkdir) paltar soyunulan yerdə əşyalara nəzarət edirdi. O, müştərilərə darayi və mərcani fitələrdən təqdim edirdi. Cumadarlar mərcani, yəni ipək fitəni varlılara, iplik materialdan olan darayi fitəni isə kasıblara verirdilər.

Hamamın aparıcı işçilərindən olan kisəkeş (kisəçi) və ya cansürtən müştərinin istəyinə əsasən onu kisələyirdi. Masajçı istixanada masaj edir, abgir isə müştərilərin başından su tökürdü. Bu masaj bədəni ovxalamaq, əzələləri sıxmaq, əymək və düzəltməkdən ibarət idi. Həcəmətçinin hamamda ayrıca guşəsi vardı. O, ülgüc, fitilə, küpə və ətirdən ibarət əşyalarla ehtiyac duyanların kürəyindən qan alırdı. Onun müştəriləri baharda çoxalırdı. Bu işə dəlləklər də qarışır, onlar bundan əlavə sünnət edir, diş çəkir, burxulmuş oynaqları, çıxmış qol-qıçı yerinə salırdılar. Dəlləklər bəzən “ustabaşı” da adlanırdılar. Ülgüc salanlar kişi hamamlarında müştərilərin saçını vururdular.

Hamamda təmizlik işlərinə baxan işçilər də fəaliyyət göstərirdilər. Fitələrin yuyub qurudulması və paylanması işinə fitəçi baxırdı. Süpürgəçi əlində süpürgə və xakəndaz səhərdən axşama kimi tör-töküntünü təmizləyirdi. Cumadar həm də təmizliyə diqqət yetirirdi. Aftavadar ayaqyolunda müştərilərə nəzarət edir, təmizlik işləri aparırdı.

Qadın hamamlarında pul alan işçiyə “zənussa” deyilirdi. O, bütün işçilərə nəzarət edirdi. Qadın hamamlarında dua yazanudumçi kimi peşə sahibləri də fəaliyyət göstərirdi. Dua yazan hamama gələn qadınların öz istəyi ilə onların başına dualı su tökür və onlara dua yazıb verirdi. Udumçi isə qorxunu çıxarır, gözdəyməni götürürdü. Qadın hamamlarına mamaçalar da dəvət olunurdular. Onlar yeniyetmə qızların qulağını deşir, ana bətnində uşağı çevirir və digər tibbi xidmətlər göstərirdilər. Hamamlarda camadarla yanaşı, “məşşatə(muşşatə) adlı işçilər də olurdu. Həmin peşə sahibləri qadınların üz-qaşlarını sapla alır, saçlarına xına yaxır, əl-ayaqlarına xınadan bəzək vururdular.

Hamamda müştərilərə yüngül yeməklər (firni, şirniyyat, çərəz, meyvə və s.), qəhvə, çay və qəlyan təklif olunurdu. Bu məqsədlə burada çayçı, qəlyançı kimi peşə sahibləri xidmət göstərirdi. Qəlyançılar həm də yemək paylayırdılar. Bəziləri üçün nərd taxtası da gətirilirdi. Hamamda dərvişlər də fəaliyyət göstərir, camaatı başlarına cəm edərək onlara hədis, mənzumə və dini-ictimai mövzularda hekayələr nəql edirdilər.

Müştərilərə xidməti vəzifələrlə yanaşı, hamamı işlək vəziyyətə gətirməkdən ötrü binada xeyli işçi çalışırdı. Kənkan su quyuları qazmaq və çirkab suyun axdığı yolları təmizləməklə məşğul idi. Mirab quyu suyu ilə təmin olunan hamamlarda xəzinəyə suyun çatdırılmasına nəzarət edirdi. Abdar quyudan su çəkib xəzinəyə verirdi. Abgir istixanada suyun bölüşdürülməsini tənzimləyirdi. Onlar qadın və kişilərdən ibarət 4-5 nəfərlik dəstə idilər və aralarındakı iş bölgüsünə abgirbaşı nəzarət edirdi. Hamamın qızdırılması işinə külxan (külxançı) və ya tün anbarçı cavabdehlik daşıyırdı. Odunçu taxtaları doğrayıb anbarda səliqə ilə çinləyirdi. Təzəkçi yaş təzəyi kəndlilərdən qəbul edib onu qurumaq üçün hamamın damına sərirdi. Quruduqdan sonra təzəkdən tünün yandırılmasında istifadə edirdi. Küllükçü tündə yığılmış külü vaxtaşırı yığışdırırdı.

Zaman keçdikcə texnikanın, inşaat mədəniyyətinin inkişafı, memarlıq üslubunun dəyişməsi və s. amillər ucbatından ictimai hamamlar öz görkəmini müasir tələblərə uyğun əvəzləyir və hamamda çalışan işçilər arasındakı əmək bölgüsü əməli əhəmiyyətini itirir. Lakin xalq arasında hamam və hamam işçiləri ilə bağlı folklor nümunələri hələ də istifadədədir: “Hamamçı hamamçını görəndə sandığını öpər”, “Hamamın ən pintisi tün anbarçıdır”, “Köhnə hamam, köhnə tas”, “Hamam suyu ilə dost tutmazlar”, “Xəzinəyə tüpürsən öz saqqalına yapışar”, “Yoxsul ilə varlı hamamda bəlli olar” və s.