Su nəqliyyatı vasitələri
Nümunənin reyestr kodu : DA0203040001
Azərbaycanda tarixən çay və dəniz nəqliyyatı vasitələri təşəkkül tapmışdı. Qobustan qayaları üzərindəki qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin hələ e.ə. XIII-X minilliklərdə, yeni Mezolit dövründə qayıqdan istifadə etdiklərini göstərir.
Çay maneələrini keçmək, yaxud onların vasitəsilə bir sıra zəruri yükləri daşımaq ehtiyacından yaranan bəsit nəqletmə vasitələri (kötük, sal, tuluq, pələ və s.) tədricən təkmilləşdirilmiş, yükdaşıma vasitələrinin daha mükəmməl növlərinin (kolaz, kəraçi, pələ, kələk, qayıq, bərə və s.) yaranmasına gətirib çıxarmışdı. Baş verən irəliləyişlər öz növbəsində böyük yük tutumuna malik olan və daha uzaq məsafələri qət edə bilən kirjim, səndəl, yelkənli gəmi və s. kimi dəniz nəqliyyatı vasitələrinin yaranmasına təkan vermişdi.
Çay nəqliyyatının ilk təkmil növlərindən biri olan salı düzəltmək üçün eyni ölçülü ağac gövdələrini yan-yana düzəndən sonra tənək, yaxud digər elastik ağac çubuqları və ya sıyrımı ilə bir-birinə bağlayırdılar. Sal düzəltmək üçün gərəkli olan lazımi ağac material tapılmadıqda, onu qamış və ya qarğı qomu ilə əvəz etmişlər. Meşə massivi olmayan ərazilərdə çayı keçmək üçün tuluq, pələ, kələk kimi bəsit su nəqliyyatı növləri yayılmışdı.
İçərisi yonulub tutumlu hala salınmış təkgövdəli çay nəqliyyatı vasitəsi olan kolazın arxa tərəfi enli, qabaq hissəsi (burnu) isə dar, həm də yuxarıya doğru maili formada düzəldilirdi. Kolaz, adətən, 2-3 və 4-5 metr uzunluqda hazırlanırdı. Çay nəqliyyatının ən təkmil növü sayılan qurama gövdəli qayıqlar mənşə etibarilə kolazdan törəmiş, çay nəqliyyatında başlıca yükdaşıma vasitəsinə çevrilmişdi. Kolazdan fərqli olaraq, qayıqla həm çayın axarı boyunca, həm də onun əksinə yük daşınır. Müasir dövrümüzdə belə qayıqlar ovçuluqda və balıqçılıqda işlədilir.
Ənənəvi çay nəqliyyatının qədim növləri arasında yüksək yük tutumuna görə bərə xüsusi rol oynamışdı. Qədim karvan yollarının dirəndiyi iri çayların üzərində çoxtağlı körpülər salınanadək ağır yükləri dərin sulardan bərə ilə keçirmişlər. Bir qayda olaraq, çayın iki sahilində yoğun dirəklərə bağlanmış “buraz” (vərənə) üzrə hərəkət etdirilən bərə diyirlənən girdə “bağara” vasitəsilə üzdürülürdü. Bunun üçün bərənin başı kəndirə bənd edilirdi. Hazırda bərədən təkmilləşdirilmiş formada çay gəmiçiliyində istifadə olunur.
Səndəl təknəvari formada inşa edilir, onun alt təknəsi üzərində “göyərtə” adlanan üst meydançası da düzəldilirdi. Yüklər, adətən, səndəlin “anbar” adlanan alt təknəsində, sərnişinlər isə onun göyərtəsində yerləşdirilirdi. Bir qayda olaraq, səndəlin ortasına dor ağacı bərkidilirdi. Orta və kiçik ölçülü səndəllər tək dorlu, böyük səndəl isə iki dorlu düzəldilir. Səndəl həm avar, həm də yelkən vasitəsilə hərəkət etdirilə bilir. XIX əsrdə Azərbaycanda Rusiyadan gətirilmiş yastı dibli qayıqlardan (şlyubka) bu gün də müəyyən dəyişikliklərlə istifadə olunur.
Hələ orta əsrlərdən Azərbaycanın Xəzəryanı liman şəhərlərində (Dərbənd, Niyazabad, Bakı, Salyan, Lənkəran və s.) gəmiqayırma tərsanələri yaradılmışdı. Ənənəvi gəmiqayırma tərsanələrində tarixən göyərtəsiz və göyərtəli olmaqla iki tip gəmi düzəldilirdi. “Kirjim” və “səndəl” adlanan yerli gəmilər XIX əsrə qədər gəlib çatmış, adətən, avar vasitəsilə hərəkət etdirilən yerli gəmilər tədricən yelkən ilə təchiz edilməyə başlamışdı. Yerli gəmilər, əsasən Bakı-Dərbənd, Bakı-Salyan, Bakı-Lənkəran və Bakı-Ənzəli marşrutları ilə yük daşıyırdı. Xanlıqlar dövründə Azərbaycanda gəmiqayırma işinin əsas mərkəzi Bakı limanı idi. Burada kirjim və səndəl inşa edilən gəmi tərsanəsi fəaliyyət göstərirdi. XIX əsrin 30-cu illərində də Bakı limanında 6 gəmiqayırma tərsanəsi fəaliyyət göstərirdi. XIX əsrin 60-cı illərində Xəzər dəniz gəmiçiliyini genişləndirmək məqsədilə təsis edilən “Qafqaz və Merkuri” SC-nin ixtiyarında 24 gəmi var idi ki, bunlardan 6-sı motor və yelkənlə işləyən şxun, 3-ü pərli gəmi, 3-ü buxar gəmisi, 12- si isə ağacdan hazırlanmış yelkənli gəmi idi. Ticarət və yük dövriyyəsinin genişlənməsi ilə əlaqədar Xəzər dənizində “Drujina”, “Şərq cəmiyyəti”, “Nobel qardaşlığı” və s. dəniz cəmiyyətləri də yaranmışdı. XIX əsrin 60-70-ci illərində Xəzər dənizində buxar gəmilərinin sayının çoxalmasına baxmayaraq ənənəvi donanma hələ də öz əhəmiyyətini itirməmişdi.