AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qala

Nümunənin reyestr kodu : DA0204000005

Qala – dairəvi və uzunmüddətli müdafiə üçün hazırlanmış daimi qarnizonu, silah, ərzaq və içməli su ehtiyatları olan, eləcə də müstəqil şəkildə idarə olunan möhkəmləndirilmiş müdafiə məntəqəsi kimi fəaliyyət göstərmişdir. Bəzən ayrıca götürülmüş bir tikintini, həmçinin tikililər kompleksini də qala adlandırırlar. İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində olmuş və əsasən dağlıq ərazilərdə yerləşmişdir. Çünki iqtisadi və hərbi-strateji tələblərə cavab verən dağlıq ərazilər Azərbaycan ərazisinin ilk sakinlərinin təbii fəlakətlərdən və düşmən hücumlarından mühafizə edilməsində müstəsna rola malik olmuşdur. Burada çoxluq təşkil edən qalaçaların əksəriyyətinin müdafiə məqsədləri üçün tikildiyi ehtimal olunur. Bu məskənlər ilk əvvəllər iri qaya parçalarından düzəldilsə də, sonralar torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Bəzən qala divarlarının ətrafına xəndəklər çəkib içərisini su ilə doldururdular ki, düşmən onu tuta bilməsin.

Orta əsrlərdə inşaat işlərinin təkmilləşdirilməsi, ucuz işçi qüvvəsinin mövcudluğu, yeni və möhkəm tikinti memarlığının meydana gəlməsi qədim şəhərlərin ətrafında kvadrat və dairəvi şəkildə qüdrətli divarlar çəkməyə əlverişli şərait yaratmışdır. Bəzən bu divarların hündürlüyü 9-10 metrə, bəzən də 30 metrə qədər çatırdı. Qala divarlarının eni isə onun hündürlüyünün 1/3 hissəsinə bərabər götürülürdü. Adətən, düşmən hücumunu dəf etmək üçün qala divarlarının yuxarı hissəsində mazğallar düzəldilir və hörgü dişvari şəkildə tamamlanırdı. Qala divarlarının qapısı ağır olub, üzəri dəmir və ya gümüş, qurğuşun təbəqəsi ilə örtülürdü. Düşmən məğlub etdiyi şəhərdə bir şey əldə edə bilmədikdə, qala qapılarını qənimət kimi aparardılar. 1139-cu il zəlzələsindən sonra Cəncə şəhərinə hücum edən gürcü işğalçıları Gəncə qala qapılarını qənimət kimi aparmışlar. Hər bir qalada bürclərin tikintisi də nəzərdə tutulurdu. Bürclər çoxmərtəbəli tikililər şəklində olub, müstəqil müdafiə üçün ucaldılırdı. Bürclərin sayı müxtəlif olurdu. Məsələn, Qafqaz Albaniyasının şimal sərhədlərini düşmən hücumlarından qoruyan Gilgilçay müdafiə istehkamlarının baş qalası olan Çıraqqalanın 17 möhkəmləndirilmiş bürcü olmuşdur. Düşmən hücumu təhlükəsi olduqda onun baş bürcündə tonqal qalanar, bununla ölkə ərazisinə siqnal çatdırılarmış. Bəzən şəhərlərin ətrafına bir neçə qat qala divarları çəkilirdi. Qədim Suz şəhərinin müdafiə sədləri buna misal ola bilər.

Qala-şəhərlər dünyanın bütün dövlətlərinə xas olmuşdur. Quldar şəhərlərdən Roma, Bizans, Karfagen, Afina, Babil, Nineviya və b. ətrafının qala divarları ilə əhatə olunduğu tarixdən məlumdur. Belə tikililərin içərisində onun idarəçiliyini həyata keçirən adamların yerləşdiyi son dayaq məntəqəsi rolunu oynayan “içqala” da olurdu ki, bu yunanlarda “akropol”, romalılarda isə “kapitoli” adlandırılırdı. Müdafiə qalalarının içərisində yaşayış və ictimai binalar, tövlələr, hovuzlar, ovdanlar, bulaqlar, anbar, təndirxana, yeraltı su xətti – kəhriz və s. olması vacib idi. Biz bunu Naxçıvanda yerləşən Əlincə qalasının timsalında aydın görürük. Xanlıqlar dövründə Azərbaycan şəhərlərində qalabəyi adlanan qala rəisi vəzifəsi olmuşdur. O, asayişin qorunması və qalanın müdafiəsi üçün cavabdehlik daşıyırdı. Onun ixtiyarında olan silahlı keşikçi dəstəsi (qorçular) bu işdə fəallıq göstərirdilər. Sonrakı dövrlərdə (XIX əsrin sonu-XX əsrin əvvəllərindən başlayaraq) daha taran tipli silah növlərinin yaradılması və yeni döyüş taktikalarının tətbiqi nəticəsində qalalar əvvəlki hərbi əhəmiyyətini itirərək tarixi abidə kimi qorunub saxlanmışdır.

Azərbaycan ərazisində qədim dövrlərdən başlayaraq bir çox qalalar inşa edilmişdir. Onları tipoloji cəhətdən 3 qrupda birləşdirmək olar: 1. Məbədlərin və din xadimlərinin əmlakını qorumağa xidmət edən qalalar (Qax rayonunda Ləkit məbədi, Ağdam rayonunda Govurqala, Pirsaat çayı sahilində Xanəgah və s.). Onlar Azərbaycanda azlıq təşkil edir. 2. Feodal şəhərlərinin yaranması ilə meydana gəlmiş şəhərtipli qalalar. Bu tipli qalalar bəzən iki və üçqat divarla və xəndəklə əhatə olunur, dördkünc, dairəvi və ya yarımdairəvi bürclərlə təchiz edilirdi. Qəbələ, Dərbənd, Şuşa, Gəncə, Beyləqan, Bakı, Təbriz və s. şəhər-qalalar buna misaldır. 3. Sığınacaq rolu oynayan və əlçatmaz yerlərdə tikilən qalalar (Əlincə, Cavanşir qalası, Koroğlu qalaları, Çıraqqala, Gülüstan qalası, Gələsən-Görəsən qalası, Şahbulaq qalası, Buğurt qalası və s.).

Azərbaycanda ən qədim qalalar siklop tikintiləri hesab olunur. Azərbaycanın Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Naxçıvan bölgələrində xeyli siklop tikililəri aşkar edilmişdir ki, yerli əhali onları “qalaça” adlandırır. Onların əksər hissəsi Son Tunc və Erkən Dəmir dövrünə (miladdan əvvəl II minilliyin sonu-I minilliyin əvvəlləri) aid edilir. Sonralar da Sasanilər dövründən XVIII əsrin sonlarına qədər Azərbaycan ərazisində çoxsaylı və müxtəlif təyinatlı qalalar inşa edilmişdir. Qalalar Azərbaycanın iri şəhərlər məskunlaşan bölgələrində, eləcə də dağlıq bölgələrdə daha çoxluq təşkil etmişdir.