Qazalaq
Nümunənin reyestr kodu : DA0203050002
XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Bakı, Gəncə, Lənkəran və s. şəhərlərdə əsas nəqliyyat vasitələri kimi at arabaları, fayton, kareta ilə yanaşı qazalaq və prilotkadan geniş istifadə edilirdi. Bakıda Qara şəhər, Ağ şəhərə və Bayıla konka işləyirdi. Sabunçu, Suraxanı, Ramana, Bibiheybət, Keşlə, Ağşəhər, Qaraşəhərdə nisbətən orta təbəqə fayton, qazalaq, priliotka, varlılar isə kareta və maşından istifadə edirdilər. Qazalaq və prilotka yüngül yüklərin daşınması üçün də münasib idi.
Tək at qoşulan “qazalaq” öz quruluşuna görə ikitəkərli at arabasına oxşasa da, ondan yaylı olması ilə fərqlənirdi. Şəhər emalatxanalarında hazırlanan qazalağın çardağı (banı) oxa bərkidilmir, yayların üstündə dururdu, çardağı dördbucaqlı idi. Taxtadan hazırlanmış çardaqda 4−5 adam otura bilirdi. Banı nisbətən kiçik, təkərləri iri olan qazalağın təkərlərinin üstünə rezin çəkilirdi, bununla da səssiz və sürətlə hərəkət edirdi. Sonralar qazalağa avtomobil təkərləri quraşdırılmışdır. Bu, arabanın səssiz və sürətlər hərəkət etməsinə imkan verirdi. Bəzən qazalağa uzunqulaq da qoşurdular. Toy mərasimlərində “gəlin gətirmək” üçün işlədilən qazalaqları bəzəmək məqsədilə yanlarından rəngbərəng xalçalar asılırdı. Sərnişinlərin rahatlığını təmin etmək üçün qazalağın içərisindəki oturacağa kiçik döşəkcələr qoyulurdu.
Quruluşca qazalağa oxşayan prilotkaya bir at qoşulurdu. Prilotka dörd əsas hissədən – ox və təkərlər, ox üzərindəki iki ədəd yay, arabanın “evi” (banı) və qollarından ibarət idi. Bu arabanı quraşdırmaq üçün əvvəlcə ox və təkərlər hazırlanır, yaylar oxun üstünə bərkidilirdi. Sonra qollar üzərində qurulmuş prilotkanın “evi” yayların üstünə qoyularaq xüsusi dəstəklə onlara bağlanırdı. Prilotka qazalağa nisbətən daha rahat nəqliyyat növü idi. Onun banının içərisindəki yumşaq oturacaqda iki adam əyləşirdi. Oturacağı döşəmədən xeyli hündürdə yerləşirdi. Toz-torpağın qarşısını almaq məqsədilə təkərlərini üstünə “qanad” adlanan hissələr bağlanırdı. XX əsrin 30-cu illərinə qədər işlədilmiş prilotkanı daha yumşaq nəqliyyat növü etmək üçün onun təkərlərinə rezin şinlər də keçirilirdi. Toy günlərində yerli əhali gəlini prilotkada gətirirdilər.
At arabası, fayton və s. nəqliyyat vasitələri kimi qazalaq və prilotkanın banının hazırlanması ilə “bançı” adlanan ustalar məşğul olurdular. Bu sahə dülgərliklə bağlı olub ayrıca peşə idi. Xüsusi peşə hazırlığı və spesifik əmək alətləri tələb edən təkər istehsalı ilə bilavasitə təkərçi məşğul olurdu. Keçmişdə təkərə tələbatın çox olması üzündən təkərçilik ayrıca sənət sahəsinə çevrilmişdi. Təkərçilik peşəsi digər bir sıra sənət sahələri (dülgərlik, xarratlıq və dəmirçilik) ilə üzvi surətdə bağlı idi.
XIX ərsin ikinci yarısından başlayaraq Azərbaycanda kapitalist münasibətlərinin inkişafı və yaranması ilə əlaqədar şəhər əhalisi çoxalırdı, bu da öz növbəsində yeni-yeni nəqliyyat növlərinə ehtiyac yaradırdı. Həmin dövrdə Bakı və Gəncə şəhərlərində bir sıra yaylı nəqliyyat vasitələri meydana gəlmişdir.
“Prilotrka”, “fayton” və “qazalaq” kimi yaylı nəqliyyat vasitələri XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda yayılmağa başlamışdır. Məlumatlara görə, Azərbaycanda qazalaq yalnız Bakıdakı sənətkar emalatxanalarında hazırlanmışdır. XIX əsrin sonlarına doğru sərnişin daşınmasına tələbatın artması ilə əlaqədar olaraq, qazalağın quruluşunda müəyyən dəyişiklik yaranmış, yumşaq olmaq üçün ona yay əlavə olunmuşdur. Gecə vaxt yolu işqılandırmaq məqsədilə fayton kimi, qazalaq və prilotkaya da neftlə və ya şamla işıqlandırılan iki ədəd fənər bərkidilirdi.
-
Nəqliyyat vasitələri
F.Vəliyev, T.Kərimov
2007
-
Müstəqillik illərində xalq nəqliyyat vasitələrinin tədqiqinə dair
Ləman İsmayılova
2016
- Tərtibçi və biblioqrafiya