Dilican
Nümunənin reyestr kodu : DA0203050003
Fransız dilində “çevik ekipaj” anlamına gələn “dilican” furqon tipli nəqliyyat vasitəsi olub, yarıyumşaq yaylı nəqliyyat növü idi. Onun “evi”nin üstü örtülü olduğu üçün ilin bütün fəsillərində sərfəli nəqliyyat vasitəsi hesab olunurdu. Şəhərlərarası sərnişin daşınmasında ictimai nəqliyyat kimi istifadə olunan “dilican”lar iki və daha çox atın qoşulduğu çoxyerli kareta sayılırdı. XIX əsrdə Bakı-Gəncə-Tiflis, Gəncə-Bakı, Bakı-Lənkəran, Bakı-Dərbənd, Naxçıvan-İrəvan və s. marşrutlarda fəaliyyət göstərən “dilican”lar Azərbaycan ərazisində XIX əsrin ortalarında yayılmışdır. Sayca faytona, qazalağa nisbətən çox az olan bu kareta növü sərnişin daşınmasında istifadə olunmuşdur. Poçt daşınması üzrə xüsusi dilicanlar fəaliyyət göstərmişdir. Yorğun düşmüş atların karvansaralarda tez-tez dəyişdirilməsi hesabına sürətli hərəkəti təmin edən dilicanlar XIX əsrin ortalarınadək əsas sərnişindaşıma vasitələrindən olmuşdur.
Tiflisdən Bakıya gələn dilicanclar 1-2 gün ərzində Gəncəyə, 3-4 gün ərzində Bakıya çatır, gün ərzində 100-150 verst (mil) yol gedirdi. 16-18 sərnişin yerləşən, atın dəyişdirilməsi, sərnişinləri dincəlməsi üçün marşrut ərzində bir neçə dəfə dayanan sərnişin dilicanına nisbətən poçt dilicanları (poçt karetaları) daha sürətlə hərəkət edirdi. 1864-cü ildə Bakı-Tiflis dəmiryolunun çəkilməsi ilə dilicanların əhəmiyyəti xeyli azalmışdır. Sonrakı dövrlərdə müxtəlif marşrutlarda işləsə də XX əsrin əvvəllərində dilicanlar tamamilə sıradan çıxmışdır.
Dilican atlarının qoşqu ləvazimatı bədənlik və arabadan ibarət idi. Bədənliyə uzun cilovlu yüyən, xamıt, gövdəbənd, qaltaq (yəhərcik) və qövs daxil idi. Cüt, çoxatlı dilincans və digər furqon tipli arabalarda cilovlar çarpaz şəkildə, bir ucu bir atın, digər ucu digər atın yüyəninin halqasına bağlanır, beləliklə, atların hərəkəti və idarəsi əlaqələndirilirdi. Atların boynuna keçirilən xamıt iki taxta kəlbətin hissədən, içərisi yumşaq parça (kəndir və s.) ilə dolu keçədən, gön üstlükdən, iki gön bağdan və iki gön halqadan ibarət idi. Qoşqu aləti (furqon) xamıta bağlanırdı, xamıt isə hər atın öz boynuna uyğun seçilirdi. Gövdəbənd atın gövdəsinə geyindirilən yan, arxa və bunları birləşdirən bel qayışlarından ibarət idi. Gövdəbəndin vəzifəsi enişdə arabanın basması nəticəsində xamıtın atın boynundan çıxmasının qarşısını almaq idi.
Şərəban (fransız dilində “char à bancs” – ağac skamya ilə daşıma) 8 nəfərə qədər sərnişin götürən üstü açıq at arabası idi. Şərəbanla 120 pud yük daşımaq mümkün idi. Yarıyumşaq nəqliyyat növü olan şərəbanla sərnişin daşınması adətən yaz və yay mövsümlərində olurdu. Şərəbanlar əsasən dördtəkərli, banında skamyaya bənzər oturacaqlardan ibarət idi. Şərəbanlar gəzintilər, səyahətlər, ov zamanı istifadə olunurdu. Dilican və şərəbanların banları Bakıda fəaliyyət göstərən sexlərdə hazırlanır, oxlu təkərləri isə Odessa və Mariupoldan gətirilirdi. Bu arabalar XX əsrin əvvəllərində sıradan çıxmışdır.
XIX ərsin ikinci yarısından başlayaraq Azərbaycanda kapitalist münasibətlərinin inkişafı, ticarət və sənaye mərkəzləri olan şəhərlərin əhəmiyyətinin artması, əhalinin sayının çoxalması və s. amillər yeni nəqliyyat vasitələrinin yayılmasına şərait yaratmışdır. Bu dövrdə Bakı, Gəncə və digər şəhərlərdə qazalaq, prilotka, fayton, şərəban, dilican və s. kimi yaylı nəqliyyat vasitələri meydana gəlmişdir. Bu nəqliyyat vasitələri Azərbaycana Rusiyadan gətirilmişdi.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində yeni nəqliyyat vasitələrindən, o cümlədən dilicanlardan istifadə ilk mərhələdə Çar Rusiyası ordusunun hərəkəti, təminatı, çar məmurlarının poçt və nəqliyyat ehtiyacları ilə sıx bağlı idi. Tədricən dilicanlardan yerli əhali də istifadə etməyə başlamışdır. Şəhərlərarası marşrutlarda işləyən sərnişin və poçt dilicanları, eləcə də poçt faytonları müəyyən qədər rəsmi statuslu olduğundan, hazırlanması kifayət qədər baha olduğundan yerli əhalinin məişətinə geniş şəkildə daxil olmamışdır.
-
Nəqliyyat vasitələri
F.Vəliyev, T.Kərimov
2007
-
Xalq nəqliyyat vasitələrinin tədqiqinə dair
L.İsmayılova
- Tərtibçi və biblioqrafiya