AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şxun

Nümunənin reyestr kodu : DA0203040007

XIX əsrin ikinci yarısından başlayaraq Bakıda neft sənayesi sürətlə inkişaf edirdi. Neftdən müxtəlif məhsulların alınması neft milyonçularının və ayrı-ayrı imkanlı mütəxəssislərin diqqətini bu sahəyə yönəltmişdi, artıq 1872-ci ildə Bakıda 60-a yaxın neftayırma müəssisəsi fəaliyyət göstərirdi. Nəticədə Bakıda neft hasilatı ilbəil artır, bu isə neftin və neft məhsullarının Rusiya bazarlarına və xarici ölkələrə çıxarılması zərurətini yaradırdı.

XIX əsrin 70-ci illərində artıq Bakıda neft hasilatı ilə məşğul olan iri səhmdar cəmiyyətlər yaranırdı. Neftayırma müəssisələrində kerosinlə yanaşı, müxtəlif sürtkü yağları da istehsal olunur və bu məhsullara tələbat günbəgün artırdı. Belə bir tələbat şəraitində neftin və neft məhsullarının Rusiyaya yeganə daşınma yolu Xəzər dənizi idi.

Neft sənayesi sahəsində baş verən sıçrayış Xəzər gəmiçilik təsərrüfatının daha da təkmilləşdirilməsini tələb edirdi. Hələ 60-cı illərin əvvəllərində Bakı zavodlarında istehsal olunan kerosin və digər neft məhsulları taxta çəlləklərə doldurulur və yelkənli gəmilərlə daşınırdı. Bu zərurət Bakıda çəlləkçilik sənayesinin də inkişafına təkan vermiş, çoxlu çəllək emalatxanaları yaradılmışdı. Lakin neft məhsullarının çəlləklə daşınması böyük itkilərə səbəb olur, həm də neftin maya dəyərini artırırdı.

Xəzərdə neft daşımalarının çoxalması ilə əlaqədar gəmiçilik təsərrüfatı da təkmilləşdirilirdi. Bu istiqamətdə 1864-cü ildə ilk addımlar atılmışdır. Xəzərdə üzən köhnə yelkənli gəmilər çıxdaş edilmiş, onların əvəzinə yeni şxunlar yaradılmışdır. Xəzərdə 1866-cı ildə 16, 1868-ci ildə isə 40 şxun üzürdü. Belə gəmilərin sürəti yüksək, yükgötürmə qabiliyyəti çox olduğundan sərfəli nəqliyyat vasitəsi sayılırdı.

İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları ortaya çıxmışdır. Yelkən təchizatına görə şxunlar “qafel”, “bermud”, “staksel”, “marsel”, “bramsel” gəmilər kimi tanınır.

Şxun (Holland dilində: Schoener) – ən az iki dirəkli və yelkənləri dirəklərə doğru açılmış yelkənli gəmi növüdür. Şxunların kiçik göyərtəsi var idi, bu da dayaz sularda üzməyə imkan verirdi. Səmt küləyinə qarşı və öndən əsən küləyə qarşı sürətlə üzən şxun geniş yelkənlərə malik gəmilərlə müqayisədə sadə təchizata və azsaylı şəxsi heyətlə malik idi. Yelkənlər göyərtədən idarə olunurdu, yelkənləri açmaq və qaldırmaq üçün ekipaj üzvləri dorlara, dirəklərə qalxırdı. Müxtəlif mexanizmlər dənizçilərin işini xeyli asanlaşdırırdı, buna görə də ən böyük şxunlarda yelkənləri cəmi 16 nəfər idarə edirdi. Müsbət tərəflərinə baxmayaraq, səmt küləyi əsən zaman şxun düz yelkənli gəmilərlə müqayisədə az sürətli olurdu.

XIX əsrin sonu-XX əsrin əvvəlləri şxunlar sayca artmışdır. Gəmi sahibləri yük daşınması xərclərini azaltmaq və rəqabətə davam gətirmək üçün az heyəti olan şxunlardan geniş istifadə etmişlər. Həmin dövrdə məhz şxunların təsiri ilə böyük yelkənli paraxodlar tikilmişdir. Yüngül idarə olunan və az heyətli (cəmi 16 nəfər) şxunların mühərriki yox idi, buxarla işləyən sükan, buxar vinçləri, elektrik sistemi və telefon şəbəkəsi ilə təchiz edilirdi. XX əsrdə şxun daxili yanma muhərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün olmuşdur.

Şxunların Xəzərdə yayılması XIX əsrin ikinci yarısına aiddir. Yüksək sürəti, yükgötürmə qabiliyyətinin çox olması, az ekipaj üzvünün çalışması şxunlara marağı artırırdı. Xəzər dənizində XIX əsrin sonu-XX əsrin əvvəllərində “Opıt” (1855-1858-ci illər), “Abşeron” (1876-1906-cı illər), “Nəsrəddin şah” (1855-1899-cu illər) və s. üzürdü.

İkinci dünya müharibəsi illərində Xəzər hövzəsi üçün ağac və dəmir-beton gəmilər hazırlanması istiqamətdə işlər görülmüşdür. “Sturua” adına gəmiqayırma zavodu 100 ton yükgötürmə qabiliyyətinə malik 11 dəmir-beton şxun hazırlamış, istismara vermişdir.

Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında istifadə edilir. Bütün dorları eyni hündürlükdə olan, çəp yelkənli, iki və daha artıq dorlu olan şxun gəmi ön dor (fok-dor), arxa dordan (qrot-dor) ibarətdir. Şxun gəmilərinin “Şxun-Bark”, “Şxun-Briq”, “Marsel” (dördkünclü, düzyelkənli) növləri vardır.