AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sandal

Nümunənin reyestr kodu : DA0203040008

XVII əsrin əvvəllərində Xəzər dənizində kolaz, bərə, kirjim, sandal kimi müxtəlif gəmi növləri geniş yayılmışdır. Yelkənlə təchiz olunan, quruluşca kirjimdən o qədər də fərqlənməyən sandal səmt küləyinin gücü ilə hərəkət edirdi. O, taxta və dəmir hissələrindən hazırlanırdı. Sandal tək dirəkli (tək dorlu), eni 15-28 fut və daha çox, uzunluğu 25-45 fut olur, 1-2 fut suyun dərinliyinə bataraq 30-40 pud yükü daşıyırdı.

Sandal kirjimdən bir qədər böyük olub təknəvari, yastıdibli formada inşa edilirdi. Həm də kirjimdən fərqli olaraq, onun alt təknəsi üzərində “göyərtə” adlanan üst meydança da düzəldilirdi. Yüklər sandalın “anbar” adlanan alt təknəsində, sərnişinlər isə onun göyərtəsində yerləşdirilirdi. Sandalın tikintisində əsasən qara söyüd, palıd, ceviz ağac materiallarından istifadə olunurdu. Gəminin döşəməsi möhkəm ağac materiallarından taxtalarla bağlanır, üzərinə qır çəkilirdi. Bir qayda olaraq, sandalın ortasına dor ağacı bərkidilirdi. Adətən, orta və kiçik ölçülü sandallar tək dorlu, böyük sandallar isə iki dorlu düzəldilirdi. Sandal suda həm avar, həm də yelkən vasitəsilə hərəkət etdirilə bilirdi. Yelkən vasitəsilə sandalın hərəkət sürəti səmt küləyinin əsməsindən asılı idi. Təcrübəli dənizçilər səmt küləyinin əsmə məqamını, gilavar və ya xəzrinin nə vaxt əsəcəyini, nə qədər davam edəcəyini empirik bilik əsasında dəqiq müəyyənləşdirə bilir və işlərini bu məcrada qururdular. Yelkənin açılıb yığılması dor ağacı vasitəsi ilə tənzimlənirdi.

Azərbaycanda tarixən çay nəqliyyatının təkmilləşməsi sahəsində baş verən irəliləyişlər öz növbəsində böyük yük tutumuna malik olan və daha uzaq məsafələri qət edə bilən dəniz nəqliyyatı vasitələrinin – kirjim, sandal, yelkənli gəmi və s. yaranmasına təkan vermişdir. Xüsusilə, qurama qayıqların meydana gəlməsi və onların sonrakı təkamülü bu işdə həlledici rol oynamışdır.

Sandallar yük götürmə qabiliyyətinə görə rus ticarət gəmilərindən çox geridə qalırdılar. XVIII əsrin 70-ci illərində Azərbaycanda olmuş S.Qemgilin yazdığına görə, belə gəmilərlə 50-100 adam daşımaq olardı. Texniki cəhətdən çox sadə olan bu gəmilər əsasən Bakı-Dərbənd, Bakı-Salyan, Bakı-Lənkəran və Bakı-Ənzəli marşrutları ilə səfərlərə çıxırdılar. Bu dövrdə Azərbaycanda gəmiqayırmanın əsas mərkəzi Bakı hesab olunurdu. Hələ XVIII əsrin ikinci yarısında sandal və kirjim inşa etmək ucun Bakıda gəmi tərsanəsi olmuşdur.

XVIII əsrin 70-ci illərində Bakı xanı rus konsuluna müraciət edərək ondan özünün tikilməkdə olan gəmiləri üçün Rusiyadan lazımı materialların gətirilməsinə icazə verməyi xahiş etmişdir. O zaman yalnız xanların deyil, ayrı-ayrı imkanlı adamların da öz gəmiləri var idi. Dövrün rus mənbələrinin birində göstərilirdi ki, “Bakı limanı yerli əhaliyə məxsus olan ticarət gəmilərinə malikdir. Onların əsas ticarəti İranın Xəzər dənizindəki bütün limanlarına göndərilən əncir, duz və zəfərandan ibarətdir”.

Çar Rusiyasının qadağalarına və təzyiqinə baxmayaraq Azərbaycanın və İranın Xəzərsahili vilayətlərində gəmiqayırmanın inkişafının qarşısını almaq mümkün olmadı. XIX əsrin əvvəllərində Xəzər dənizində quruluşuna və böyüklüyünə görə rus ticarət gəmilərinə bənzəyən üç gəminin üzməsi də bu faktı təsdiqləyir. Bu gəmilər Ənzəli sakini Zərbəliyə, Lənkəran sakini Seyid Həsənə və Bakı sakini Məlikə məxsus olmuşdur. Lakin Rus imperiyasının daim müstəmləkəçilik xarakterli xarici siyasəti Xəzərsahili ölkələr arasında əlaqələrin inkişafına mənfi təsir göstərirdi. Belə ki, rus hökuməti Xəzər dənizində digər ölkələrə məxsus gəmilərin tikintisinə imkan vermirdi. Çar hökuməti Xəzər dənizində Azərbaycan xanlarına məxsus sandalların üzməsinə hər vasitə ilə mane olan rəsmi qərarlar da qəbul etmişdir.

Çar hökumətinin 1802-ci ildə qəbul etdiyi qərardan sonra Azərbaycanın Xəzərsahili vilayətlərində gəmiçiliyin inkişafı bir qədər intensiv xarakter almışdır. Artıq XIX əsrin 30-cu illərində Bakıda gəmi tərsanəsi fəaliyyət göstərirdi. Gəmilərin ümumi sayı da xeyli artmışdı. Həmin dövrdə 54 nəfər Bakı sakininin yükgötürmə qabiliyyəti 120 min pud olan təxminən 60 gəmisi var idi. Texniki cəhətdən daha təkmil olan bu gəmilər Xəzər dənizinin bütün limanlarında yükdaşımalarla məşğul olurdular.