AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sal (ağac kötükləri, tuluq, pələ, kələk)

Nümunənin reyestr kodu : DA0203040002

Qədim su nəqliyyatı vasitələrinin bir çoxu aradan çıxmış olsa da, onlardan bəziləri XX əsrə qədər gəlib çatmışdır. Kötük, sal, tuluq, pələ, kələk kimi arxaik su nəqliyyatı vasitələri yaxın vaxtlaradək Kür və Araz çaylarının sahil kəndlərinin əhalisi tərəfindən işlədilmişdir. Çayın bir sahilindən başqa sahilinə keçmək və bəzən də müəyyən yerlərə getmək üçün ağac kötükləri suya salıb ondan tutur və yaxud üstünə minib üzürdülər. Bu məqsədlə içərisinə hava ilə doldurulmuş tuluqdan da istifadə edilirdi. Tikinti, yanacaq və s. üçün çay kənarı meşələrdən qırılmış ağacları kəndir və yaxud tənək çubuqları ilə bir-birinə çatır, çayın axarı istiqamətində hərəkət etdirərək istənilən sahilə çıxarırdılar.

Ağac materiallarının su ilə axıdılması xalq arasında sal adlanırdı. Yan-yana bağlanmış taxta və şalbanlardan ibarət olan saldan çay və göldə üzmək, yaxud su səthində qalmaq üçün istifadə edilmişdir. Salı çayın dayaz və burulğan yerlərindən keçirmək üçün üzgüçülər onun qabaq tərəfindən tutub çəkir, istiqamətini dəyişdirir, arxadan qabağa doğru itələyirdilər. Sakit axınlı çaylarda isə salın arxa tərəfində, onun üstünə dayanaraq “çəp”i (təxminən 2, 5- 3 metr uzunluğunda ucu iti ağac) suyun dibinə toxundurmaqla istiqamətini lazımi səmtə yönəldirdilər. Salın kənarları açıq idi, yelkəni olmurdu, bəzən avar çəkilərək, yaxud sahilə bağlanmış kəndirdən tutub dartmaqla hərəkətə gətirilirdi. Hazırlanmasında balta, ip, kəndir, məftil kimi əmək alətləri və ləvazimatdan istifadə olunan bu üzmə vasitələri ən sadə qayıq sayılır, gövdələrinin yalın (düz) olması ilə seçilirdi. Müasir dövrdə sal hazırlanması üçün politilien, plastik materiallardan istifadə edilir. Şişmə sallar (“rafting” idmanında) çoxqatlı dözümlü kauçuk materillardan və ya pantonlardan hazırlanır.

Bir nəfərin üzməsi üçün, yaxud üstünə xüsusi hazırlanmış qarğı, ağac çubuqlar döşəməklə (bir-birinə bağlamaqla) istifadə edilən tuluqlar əsasən qaramal gönündən hazırlanırdı. Qədimdən bəri məişətdə ərzaq saxlanması və daşınmasında tuluqdan geniş istifadə edilmişdir. Abşeronda tuluqlar suiti dərisindən də hazırlanmışdır. Bu haqda XIV-XV əsrlərdə yaşamış Əbd ər Rəşid Bakivi məlumat vermişdir. Onun yazdığına görə Bakı yaxınlığındakı adada suiti ovlayırlar, onların dərisindən tuluqlar hazırlayır, neftlə doldurub gəmilərdə başqa ölkələrə daşıyırdılar. Sonralar tuluqlar neftçıxarma və kankançılıq sahəsində də istifadə olunurdu. Dəri tuluqla uzaq yaşayış məntəqələrinə su daşınır, hava ilə doldurulmuş tuluq su nəqliyyatı vasitəsi olan “kələk”in əsas hissəsini təşkil edirdi.

XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən “pələ” və “kələk” belə su nəqliyyatı vasitələrindəndir. Maraqlıdır ki, Dəclə çayında da yük daşınmasında istifadə olunan sallara “kələk” deyilir. Quruluşuna və təyinatına görə hər iki su nəqliyyat vasitəsi oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyyətinə görə “pələ” kiçik, “kələk” isə nisbətən iri ölçüdə hazırlanırdı. “Pələ”ni hazırlamaq üçün 15-20 sm diametrli və 2,2-2,5 m uzunluğunda ağacları bir-birinə paralel qoyur, baş, orta və ayaq hissələrinə isə köndələn şəkildə üç ağac bərkidirdilər. Beləliklə, ağacların arasında əmələ gələn kvadratşəkilli sahələrə qoyun və keçi dərisindən hazırlanmış, içərisinə hava ilə doldurulmuş tuluqlar bağlanırdı. Bundan sonra pələnin üstünə çubuq çəpərə salınırdı. Pələ” xüsusi çəp vasitəsi ilə hərəkətə gətirilir, kiçikhəcmli yüklərin və 2-3 sərnişinin digər sahilə keçirilməsi üçün nəzərdə tutulurdu.

“Kələk” isə həcminə görə pələdən üç-dörd dəfə iri düzəldilirdi. Adətən bir kələyin düzəldilməsi üçün 5-6 m uzunluğunda beş ədəd ağac, təxminən bir o qədər də atmalar gərək olurudu. Kələyə bağlanmış tuluqların sayı isə 12-16 ədədə çatırdı. Kələk də çəp vasitəsilə idarə olunurdu və təxminən 150-170 puda qədər yük götürə bilirdi. Culfanın Yaycı kəndi ərazisində “Kələkişləyən yer” adlanan sahə indi də məlumdur, buradan suya salınan kələk Üçtəpədə digər sahilə çıxırdı.

Azərbaycanın qədim əhalisi adi ağac gövdəsindən, ağac kötüklərindən düzəltdikləri sadə saldan su üzərində gediş-gəliş və yük daşımaq üçün istifadə etməklə su hövzələrinin bir-birindən ayırdığı quru ərazilər arasında əlaqə yaratmışlar. Üzmək, yük daşımaq üçün yeni növ sallar hazırlamışlar. Bu sadə su nəqliyyatı vasitələri ağac kötük və dirəklərdən, qarğı, qamış və dəridən (tuluq şəklində) hazırlanmış, bəzi bölgələrdə fərqli şəkildə adlandırılsa da, salın növləri hesab olunmuşdur.