Qayıq
Nümunənin reyestr kodu : DA0203040003
“Qayıq” sözü əksər türk dillərində “qayıq”, “kayık” şəklindədir. Sözün kökündə “kaymak”, yəni “sürüşmək” sözü durur, su üzərində sürüşən, üzən mənasına gəlir. Dünyanın müxtəlif bölgələrindən tapılan arxeoloji materiallar hələ 9 min il əvvəl ibtidai insanların qayıqlardan istifadə etdiyini təsdiqləyir. İnsanlar təkərli arabaları kəşf etməmişdən əvvəl avar və kürəklə idarə etdikləri qayıqlarla çaylarda, açıq dənizlərdə üzmüşlər. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin hələ m.ə. XIII-X minilliklərdə qayıqdan istifadə etdiyini göstərir.
Müasir dövrdə “qayıq” adı altında kiçik ölçülü, göyərtəsiz üzmə vasitələri nəzərdə tutulur. Qayıqlar yelkənli, yelkənsiz, motorlu və motorsuz (avarlı), dəniz və çay qayıqları, idman qayıqları və s. şəkildə qruplaşdırılır. Hazırda qayıqdan, əsasən, balıqçılıqda, idman və s. sahələrdə istifadə olunur.
Qayıq düzəltmək üçün yoğun və nisbətən uzun ağac gövdəsinin içərisini balta, kərki, əydi, iskənə, küşdərə və başqa alətlərlə çıxarıb dərinləşdirir, sonra ağacın alt hissəsini yonub yastı hala salır və suda üzmək üçün hamarlayırdılar. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq üçün onun qabaq tərəfini nazildir və itiləşdirirlər. Yonma üsulu ilə hazılanmış qayığın arxa tərəfi enli olur və orada qayığı idarə edən üçün oturacaq düzəldilir.
İri qayıqları idarə etmək üçün, adətən, iki və daha çox adam lazım olur. Onlardan biri arxada duraraq qayığı istiqamətləndirmək üçün çəp vurur, digəri isə avar çəkir. Çəp vuran qayığın arxa hissəsində durur, çəp vasitəsilə qayığı suya salır, onu istiqamətləndirir və yeri gəldikcə irəliyə doğru itələyir. Avar çəkən isə qabaq yerdə oturaraq qayığın istiqamətinin əksinə suyu kürəkləməklə onu hərəkətə gətirir.
Qayaüstü rəsmlər, arxeoloji araşdırmalar Xəzərdə Neolit dövründən gəmiçiliyin mövcud olduğunu təsdiqləyir. Dövrümüzə gəlib çatmış qayıq rəsmlərinin tədqiqi göstərir ki, bu motivlər Qobustan mədəniyyətinin ilk mərhələlərində meydana gəlmişdir. Burada qayıq rəsmləri xətlə çəkilmiş siluet və hörmə qayıqlar şəklindədir. Ən qədim qayıqlar Orta Daş dövrünə – Mezolit mərhələsinə (m.ə. 10-8-ci minillik) aid edilir. Ən qədim qayıq təsvirləri iki-altı nəfər daşımaq üçün nəzərdə tutulan kiçik qayıq rəsmləridir. İkinci növ burnunda günəş rəsmi olan qayıq təsvirləridir. Üçuncu növ çarpaz xətli qayıqlar aypara formalıdır, bu qayıqların bəzilərində 40 və ya daha çox insan təsvir olunmuşdur. Kiçikdaş dağının ətəyində, Firuz düşərgəsinin qədim sakinlərinin əsas məşğuliyyəti balıqçılıq idi. Qəbirlərin yanındakı qayalardakı qayıq təsvirləri və Firuz düşərgəsində mədəni təbəqələrdən tapılmış ağırlıq daşları Qobustanın ilkin gəmiçilik mərkəzi olması qənaətinə gəlməyə imkan verir.
Bilgəhdən tapılan, Antik dövrdən Orta əsrlərə qədər istifadə olunan lövbərlər gəmiçiliyin daha da intensiv xarakter aldığını təsdiqləyir. Şirvanşahların hakimiyyəti dövründə Xəzər vasitəsilə dəniz ticarətinin böyük vüsət alması da tarixi mənbələrdə öz təsdiqini tapır. O dövrdə Genuya və Venesiya tacirlərinin Xəzər vasitəsilə ticarət əlaqələri qurması barədə məlumatlar var. 1293-cü ildə İranda və indiki Cənubi Azərbaycan ərazisində olmuş məşhur venesiyalı tacir və səyyah Marko Polo “Dünyanın müxtəlifliyi haqqında kitab”ında Şirvan şəhərlərini təsvir etmiş, genuyalıların Xəzər vasitəsilə ipək daşıdıqlarını xatırlatmışdır. Elxanilərin sarayında yüksək vəzifə tutmuş şair, tarixçi və coğrafiyaşünas Həmdullah Qəzvini Xəzər dənizində gəmiçiliyin inkişafı və Bakı limanı haqqında məlumat vermişdir. XIV-XVI əsrlərdə Xəzərdə üzən gəmilərdə dördbuynuzlu dəmir lövbərlərdən istifadə olunmuş, ağır tonnajlı gəmilər də üzmüşdür. Ümumiyyətlə, dənizin dibindən tapılan XVIII-XIX əsrlərə aid müxtəlif ölçüdə lövbər zəncirləri burada gəmiçiliyin inkişaf dinamikasını izləməyə imkan verir.
Keçmişdə Azərbaycanın maldarlıqla məşğul olan hər bir bölgəsində müxtəlif istiqamətlərdə gedən çoxlu köç yolları olmuşdur. Qərb bölgəsində mövcud olan köç yolları Kür çayı üstündəki keçidlərdən başlayır, düzən yerlərdə çox vaxt kəndlərarası torpaq yollarla (bəzən hətta magistral yollarla) qovuşur, yaylaqlara yaxınlaşdıqca isə dağ cığırları ilə əvəz olunurdu. Azərbaycanın digər bölgələrində olan köç yollarından fərqli olaraq, Qərb bölgəsinin köç yolları bolsulu Kür çayından keçirdi. İri körpülərin olmaması üzündən mal-qara və qoyun sürülərini çaydan kiçik qayıqlar vasitəsilə keçirmək lazım gəlirdi. Bunun üçün Kür üstündəki keçidlərdə xüsusi səriştəli qayıqçılar olurdu və sürü sahibləri onların köməyindən istifadə edirdi.
Qədim su nəqliyyatı vasitələrinin bir çoxu aradan çıxsa da, onlardan bəziləri indiyədək gəlib çatmışdır. Müxtəlif formalı motorlu və avarlı qayıqlar və s. su nəqliyyatı vasitələri Xəzər dənizində, Kür və Araz çaylarının sahil kəndlərinin əhalisi tərəfindən işlədilir, əsasən, balıqçılıq üçün istifadə olunur.
-
Azərbaycanda gəmiçilik: sənədli tarix
M.Həsənov
2018
-
Nəqliyyat vasitələri
F.Vəliyev, T.Kərimov
2007
- Tərtibçi və biblioqrafiya