AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kirjim

Nümunənin reyestr kodu : DA0203040006

XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda dəniz gəmiçiliyi inkişaf etmişdir. Bunun ən mühüm səbəbi Xəzər dənizində ticarətin daha da genişlənməsi idi. XVIII əsrə nisbətən neft quyularının sayının artması ilk növbədə neft satışını intensivləşdirmişdi. Ticarət gəmiləri Bakı-Həştərxan, Bakı-Lənkaran, Bakı-Ənzəli, eləcə də dənizin şərq və qərb limanları arasında əlaqəni genişləndirmişdi. Ticarətin artması, Xəzər dənizinin Çar Rusiyasının təsiri altına düşməsi, hərbi maraqların kəskinləşməsi müxtəlif gəmi növlərinin ortaya çıxmasına səbəb olmuşdur.

XIX əsrdə Xəzər dənizində üzən müxtəlif gəmi növlərindən biri “kirjim” idi. Hələ XVIII əsrdən məlum olan kirjim quruluşca tək dirəkli (tək dorlu), eni 15-28 fut və daha çox, uzunluğu 21-41 fut idi, gəmi 1-2 fut suyun dərinliyinə bataraq 28-30 pud yükü daşıyırdı.

Kirjim Xəzər dənizinin qərbində Bakı, Lənkəran, Astrabad körfəzlərində, şərqdə isə Türkmənistanın cənubundakı Həsənqulu körfəzindəki tərsanələrdə tikilirdi. Bu gəminin tikintisində əsasən qara söyüd, palıd, ceviz ağac materiallarından istifadə olunurdu. Gəminin döşəməsi möhkəm ağac materiallarından taxtalarla bağlanır, üzərinə qır çəkilirdi. Nisbətən kiçik ölçülü gəmilərin döşəməsi uzun tirlərdən oyulurdu, lövbər isə 4 pud ağırlığında yan (gövdə) çəngəlindən ibarət idi.

Kirjim – yastıdibli gəmi idi, bu nəqliyyat vasitəsi ən çox Xəzər dənizində işlədilmişdir. Kirjimdən əsasən dənizin dayaz yerlərində limana yan ala bilməyən gəmilərin yükünü sahilə daşımaq üçün istifadə edilirdi, bəzən kirjimlə uzaq səfərlərə də çıxırdılar. Sahilboyu üzən, avarla idarə olunan kirjim sahillərə yaxın ticarət şəhərləri arasında yük daşınması ilə məşğul olurdu. Bu gəmilər Xəzər dənizində sahilboyu üzməklə yanaşı, daha kiçik həcmli kirjimlər Kür çayına daxil ola bilirdi.

Yerli ustaların hazırladığı kirjimlə orta hesabla 200-400 tuluq neft daşımaq mümkün idi, hər tuluq isə 20-30 litr maye tuturdu. Tədricən hərbi təyinatı arxa plana keçən kirjimlə balıqçılıq məhsulları, neft, duz və s. yüklər daşınırdı. Dənizdə üzən bəzi kirjimlərin uzunluğu 35-40 fut (1 fut 30-31 sm) olurdu. Yük daşınması üçün əsasən iki yelkənli kirjimlərdən istifadə edilirdi. Sahilboyu balıqçılıqla məşğul olan əhali də kirjimə üstünlük verirdi.

Gəmi tikintisində ən yaxşı material kimi xüsusi becərilən qara söyüd ağacına üstünlük verilirdi. Digər söyüd növləri qara söyüddən aşağı keyfiyyətli sayılırdı. Uzunluğu 24-25 göz (təxminən 22 metr), eni 8 göz (7,5 metr) olan kümənin (gəminin karkası) tikintisində 200 dirək istifadə olunurdu. Belə böyük gəminin tikintisində ən azı 5 usta və 5 şagird 40 gün-2 ay ərzində çalışırdı, XIX əsrdə belə gəminin tikintisi 240-320 gümüş sikkəyə başa gəlirdi.

Kirjimlər təkcə ticarət məqsədi ilə deyil, hərbi məqsədlərlə də istifadə olunmuşdur. Ağa Məhəmməd şahın Gilandan göndərdiyi 60 kirjimlə Çar Rusiyasının gəmiləri arasında Lənkəran sahillərində döyüşün baş verməsi tarixdən məlumdur. Rusiya-İran müharibəsi illərində (1826-1828-ci illər) Təbriz istiqamətində hərəkət edən çar ordusu üçün lazımi ərzaq və digər ərzaq yükləri kirjimlə Xəzər dənizindən Kür çayı vasitəsilə Zərdaba qədər daşınmışdır.

700 pudadək yük götürən, asan idarə olunan kirjimlər dəniz ticarəti üçün əlverişli idi. XIX əsrin əvvəllərində Bakının məşhur Mansuroğulları (Mansurzadələr) nəslindən olan Ağa Hüseyn bəy Ağa Hacı Mansur xan oğlunun böyük oğulları Məşədi Məlik və Məşədi Süleyman gəmiçiliklə məşğul idilər, bununla da babaları Ağa Hacı Kərim bəyin yolunu davam etdirirdilər. Qardaşların bir neçə kirjimi və şkout gəmiləri vardı. Hündür bortlu, düz yelkənli, avarlı kirjimlərlə Xəzərin cənubunda balıqçılıqla məşğul olur, sahil boyu yük daşınması ilə məşğul olurdular. Müxtəlif ölçülərdə olan ticarət kirjimləri 4,5-8,5 metr uzunluğunda, 4-5 ekipaj üzvündən ibarət idi. Xəzər dənizi ilə üzən kirjimlər Kür və Volqa çaylarına da daxil olurdular.