Barj
Nümunənin reyestr kodu : DA0203040005
Barj dedikdə əsasən motorsuz, düz dibli (altlı) yük gəmiləri nəzərdə tutulur. Barj qoşqu (buksir) vasitəsi ilə hərəkət edir. Mühərriki olan barja isə “özügedən barj” deyilir. Məsələn, 1853-cü ildə “Knyaz Vorontsov” adlanan gəmi (dəmir gövdəli və 60 at gücündə mühərriki olan buxar gəmisi) Kür çayına gətirilmiş və o, iki barjla birlikdə Mingəçevirə, oradan isə geri – Salyana qədərə üzmüşdür. Barj yük-yedək gəmisi Azərbaycanda XIX əsrin ikinci yarısından yayılmışdır. O, taxta və dəmir hissələrindən hazırlanırdı. Barjın dəniz, göl, çay, kanalarda işlədilən müxtəlif formaları olmuşdur. Yük tutumu böyük olan və yaxşı materialdan hazırlanmış barjlar ən azı 20 il müddətində istifadə edilirdi. Barjlar, əsasən, çay, göl və su dəryaçalarında, bəzən isə dəniz sahillərində, körfəzlərdə yük daşımaq üçün istifadə olunur. Barjalar reyd, çay (artilleriya, minadaşıyan, kömür və s.) gəmiləri, desant barjı və s. kimi də qruplaşdırılır.
Müasir dövrdə çay barjları 9,2 min ton, dəniz barjları isə 16,5 min ton yük daşıya bilir, bəzi gəmilərin öz çəkisi isə 40 min tona çatır. Barjlar əsasən iki növə – quru yük (quru məhsullar üçün) və maye yük (neft və digər maye məhsulları üçün) daşıyan gəmilərə ayrılır. Quru yük barjları 4000 tona qədər, maye yük barjları isə 11000 tona qədər yük daşıyır. İritonnajlı yüklərin daşınmasını həyata keçirən “şalanda” (fr. chaland) adlanan barj özünün böyüklüyü ilə seçilirdi.
XIX əsrin 80-ci illərində yüklərin dəniz yolu ilə daşınmasında ciddi irəliləyişə səbəb olan barjların inşasına başlanılır. Bu yastıdibli nəqliyyat vasitələrində neftin daşınması buxar gəmilərinə nisbətən ucuz başa gəlirdi. Həmin dövrdə “Kavkaz i Merkuri”nin də dəmir barjlara üstünlük verməsi bununla bağlı idi. 1886-cı ildə cəmiyyətin Xəzərdə 11 nefdaşıyan dəmir barjı var idi. “Kavkaz i Merkuri” ağac korpuslu gəmilərini dəmir korpuslu gəmilərlə əvəz etməyə başlayır. Bu isə gəmilərin istismar müddətini artırmağa, yanğın təhlükəsini azaltmağa, təmir xərclərini minimuma endirməyə imkan verirdi.
1930-cu illərin sonunda Xəzər dənizində üç gəmiçilik idarəsi fəaliyyət göstərirdi. Bura 1938-ci ildən “Kaspflot” kimi ayrıca fəaliyyət göstərən Xəzər Quru Yük Donanması, “Kasptanker” adlanan Neftdaşıma Donanması və “Reydtanker” adlanan Həştərxan Donanması aid idi. İkinci dünya müharibəsi ərəfəsində bu üç gəmiçilik idarəsində 36 quru yük gəmisi və teploxodu, 58 dəniz tankeri, 64 yedək gəmisi və 120 neftdaşıma və quru yük barjı var idi.
XIX əsrin əvvəllərindən başlayaraq Xəzər dənizinin tədricən Çar Rusiyasının nəzarətinə keçməsi burada ənənəvi gəmi növləri ilə yanaşı, müxtəlif növ yelkənli və buxarla işləyən gəmilərin yayılmasını sürətləndirdi. Dünya dəniz və okeanlarına çıxışı olan Çar Rusiyası Xəzər dənizində daha iri həcmli, böyük yükgötürmə qabiliyyətinə malik hərbi gəmilərə sahib idi. Xəzərdə hərbi iştirakını gücləndirmək məqsədi ilə Çar Rusiyası 1867-ci ildə Bakı limanında hərbi baza yaratmışdır. Xəzər dənizində yeni növ gəmilərin yayılmasını şərtləndirən ikinci məsələ ticarətin (neft və qeyri-neft məhsulları) genişlənməsi və intensivləşməsi idi. XIX əsrin ikinci yarısında ticarətin və gəmiçiliyin inkişafı ilə əlaqədar olaraq iri cəmiyyətlərin yaradılması Xəzərdə yeni və müasir gəmi növlərinin yayılmasına təkan vermişdir.
1873-cü ildə dünyada və Xəzər dənizində ilk dəfə olaraq “Artyomov qardaşlarına” məxsus “Aleksandr” adlı neft daşıyan barj istismara verilmiş. 1878-ci ildə “Zərdüşt” dəmir tankeri Bakı limanına gətirilmişdir. Daxili yanma mühərriki ilə təchiz olunmuş “Vandal” 1903-cü ildə, bir il sonra iki riversiv mühərriklə təmin edilmiş “Delo” gəmisi yükdaşınmasına cəlb olunmuşdur.
Müasir dövrdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 98 gəmidən (34 tanker, 13 parom, 14 universal quru yük gəmisi, “Ro-Ro” tipli 2 gəmi, 35 texniki, təchizat, xidmət-yardımçı gəmi) ibarətdir. ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının balansında olan gəmilər vasitəsilə Xəzər dənizinin istənilən dərinliklərində tikinti-quraşdırma, nəqliyyat-yedək, geoloji-kəşfiyyat, təchizat və s. işləri həyata keçirmək mümkündür. Donanmanın balansında müxtəlif təyinatlı 257 gəmi var. Onlar 23 kran, 34 sərnişin, 22 təchizat, 5 yedək, 13 dalğıc, 10 mühəndis-geoloji və mühəndis-geofiziki, 6 sudaşıyan, 8 yanğınsöndürən, 2 sualtı borudüzən, 2 metanoldaşıyan, 7 liman-yedək, 3 yanacaq daşıyan, 5 barj və 117 müxtəlif təyinatlı kater və köməkçi gəmilərdir. ARDNŞ-ın “Barj 52-Parker Drilling” tipli barjından, əsas etibarilə, batmış gəmilərin çıxarılması üçün istifadə olunur. Barjın üzərində 100 ton və 63 ton yükqaldırma qabiliyyətinə malik olan iki kran quraşdırılmış, eyni zamanda 20 nəfər üçün yaşayış bloku inşa edilmişdir. Xəzərdə neft-qazçıxarma ilə məşğul olan firmaların sifarişlərini “Aura”, “Andoqa”, “Vadim Seyidov”, “Lutoqa”, “İlqar Poluyev”, “Ehram Xalıqov”, “Nerça”, “Nefteqaz-58” və s. təchizat, ”İsrafil Hüseynov” sualtı borudüzən, “General Şıxlinski” və “Ramiz Hacıyev” kran, “Zöhrab Vəliyev” geoloji-kəşfiyyat gəmiləri və TMİ - 6 barjı yerinə yetirir.
Hazırda Xəzər dənizində ən böyük barj ARDNŞ-a məxsus STB-1 özüboşaldan barjdır. Yükgötürmə qabiliyyəti 18 min ton olan barj neft platformalarını inşaat meydançasından dənizdəki quraşdırılma nöqtəsinə daşıyır, yüklərin göyərtəyə qaldırılması və kranın iştirakı olmadan açıq dənizdə boşaldılması üçün nəzərdə tutulmuş hidravlik idarə edilən dartıcı qurğularla təchiz edilmişdir.
-
Azərbaycanda gəmiçilik: sənədli tarix
M.Həsənov
2018
-
Nəqliyyat vasitələri
F.Vəliyev, T.Kərimov
2007
- Tərtibçi və biblioqrafiya