AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Heybə və xurcun

Nümunənin reyestr kodu : DA0203030005

Qədimdən Azərbaycan əhalisinin məişətində müxtəlif məmulatlardan hörülmüş və toxunmuş vasitələr mühüm yer tutmuşdur. Yerli əhali yundan keçə, xalça, parça ilə yanaşı, xurcun və heybə toxuyurdu. Xurcun və heybə xovsuz xalça məmulatı olmaqla xalçaçılıq məhsulları arasında təlabat duyulan məhsullardan idi. Xovsuz məmulatlar daha az xammal məsrəf etməklə yanaşı, tez toxunub başa gəlirdi və iqtisadi baxımdan sərfəli sayılırdı.

Xurcun və heybə palaz məmulatı sayılır. Palaz məmulatı xovsuz olub, əriş və arğac iplərinin müəyyən qaydada çarpazlaşdırılıb bir-birilərinin arasından keçirilməsi yolu ilə toxunub hazırlanırdı. Bütün xovsuz məmulatlar kimi xurcun və heybə toxunarkən əriş düzümü seyrək, ilməsiz, bir qədər də boş olurdu, xovlu xalçalarla müqayisədə çox az boyaq məsrəfləri tələb edirdi.

Xurcun iki gözdən, onları birləşdirən hissədən ibarət olurdu. Heybə xurcuna bənzəyir, lakin ondan iki dəfə kiçik idi. Xurcun, heybə, çuval, məfrəş, duz torbası və s. kimi toxuma qabların ağzı ucu qotazlı gözək ipi ilə bağlanırdı. Xurcunun və heybənin gözəklərinə ucu qotazlı xurcunbağı keçirərdilər. Xurcun və heybələr rəngbərəng boyanmış keci və ya yun ipdən toxunmaqla üzərinə müxtəlif növ naxışlar salınardı.Bir sıra hallarda əhali köhnəlmiş palazı tullamır, ondan xurcun hazırlayırdı. XIX-XX əsrin əvvəllərində keçədən heybə də hazırlanmışdır. Keçmiş ev məişətində cecim toxunuşlu parçalara tələbat böyük idi. Bir sıra geyim növləri, habelə heybə və s. cecimdən toxunurdu, belə heybənin ağız hissəsi bədii tikmələr, bafta və s. ilə bəzədilirdi.

Xüsusi ilə heybə təsərrüfat məişətində geniş istifadə olunmuşdur. Taxıl səpini zamanı “toxum döşlüyü”ndən, bəzən də heybədən istifadə edilərdi. Əkinçi toxumu sağ əli ilə götürərək sahənin aşağı başından yuxarıya doğru qablama ilə (vərlə) səpirdi. Pambığı da əl ilə yığıb ya çiyinlərində olan heybələrə, ya da bellərinə bağlanmış önlüyə tökürdülər.

Azərbaycanda xurcun və heybənin tarixi xovlu-xovsuz xalça məmulatının tarixi qədər qədimdir. Yun məmulatından sonadək səmərəli istifadə etməyə çalışan toxucu heybə, xurcun və s. hazırlamaqla yüksək gəlir əldə etməyə çalışırdı. Tarixən Azərbaycanda ticarət karvanlarında bir sıra yükdaşıma vasitələri ilə yanaşı, xurcundan istifadə olunmuş, çaparlar, qasidlər heybələrlə yol qət etmişlər. Bu peşə sahiblərinin çoxu piyada hərəkət etmiş, onların bir qisminin xüsusi yükdaşıma vasitələri (hambal palanı, heybə, çanta və s.) olmuşdur. Keçmişdə qonşu kəndlərə, yaxud şəhərlərə müxtəlif yükləri daşımaq üçün onu xurcun, yaxud heybəyə doldurub çiyindən aşırırdılar. Səfər zamanı atın belinə qoyulan xurcunda, çiyində gəzdirilən heybədə azuqə, ərzaq və s. məhsullar daşınardı. Keçmişdə arşınmalçı, baftaçı, çərçi və xalça-palaz satan digər alverçi təbəqələri satış mallarını xalça məmulatlarından hazırlanmış kisə və boxçalara doldurub bellərinə alır, yaxud xurcun və ya heybələrə yığıb çiyinlərində daşıyırdılar.

Azərbaycanın bütün xalçaçılıq mərkəzlərində xovlu, xovsuz xalça-palazla yanaşı, xurcun, heybə hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Məsələn, XIX əsrin 30-cu illərində Quba qəzasının bütün kəndlərində xurcun və heybə toxunurdu. Quba qəzası rəisinin 1841-ci il hesabatında qəzada toxunan yun məmulatları arasında, xalça, palaz, məfrəş, şal, corab və s. ilə yanaşı, xurcun və heybənin adı çəkilir. Qəzanda xalçaçılıq məmulatları üzrə müəyyən ixtisaslaşma getdiyi nəzərə çarpır. Xalça bütün kəndlərdə toxunurdu. Sumax başlıca olaraq Hil, Yasab, Həzrə, Cibir, İmamqulu, Çiçi, Alpan, Ləcət və Zeyxurda, palaz Hil, Yasab, Həzrə, Ləcət, Çiçi, Pirəbədil, Xudat və Alpanda, xurcun isə ən çox Cimi kəndində, qismən isə Yasab, Həzhrə, Qonaqkənd və Cibirdə istehsal olunurdu. Quba qəzasında kəndir lifindən əyirilmiş sapdan “sigəzi” adlanan kobud kətan parçadan ev məişətində gərək olan bir sıra zəruri məişət və təsərrüfat ləvazimatı, o cümlədən xurcun hazırlanırdı.

Lənkəran qəzasında xalçaçılıq qoyunçuluqla məşğul olan dağ və dağətəyi mahallarda (Səbircan, Zuvand, Dırıq), qismən isə düzənlik ərazidəki Ərkivanda yaxşı inkişaf etmişdi. Qəzada qadınlar yundan xalça, palaz, kilim, cecim (nazik palaz), şal, çadır, örkən, sicim, məfrəş, xurcun, çul, corab toxuyurdular. Şamaxı və Göyçay qəzalarında da hər bir kənddə xalça, gəbə, cecim, sumax, çuval, xurcun, mafraş toxunur, çatı, cidar hazırlanırdı.

Mil-Qarabağ düzənliyinin əhalisi bol yun ehtiyatına malik olduğundan burada müxtəlif növ yun məmulatı istehsalı geniş yayılmışdı. Burada yundan ən çox xalça, palaz, mahud (şal), habelə xurcun, mafraş, çuval, corab, cecim, örkən toxunur, sicim hörülürdü. Qarabağ maldarları arasında “gözək” adı ilə tanınan çubuq ipinin hər iki ucu al-əlvan boyalı iplərdən düzəldilmiş qotaz ilə tamamlanırdı. Çuval, xurcun, heybə, məfrəş, duz torbası və s. kimi toxuma qabların ağzı ucu qotazlı gözək ipi ilə bağlanırdı.