AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qatır və uzunqulaq nəqliyyatı

Nümunənin reyestr kodu : DA0203020005

Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan uzunqulaq və qatırdan istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yolları üçün daha münasibliyi, aclığa və susuzluğa davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevirmişdir. Uzunqulaq əkinçilikdə, maldarlıqda, nəqliyyatda minik və qoşqu qüvvəsi qüvvəsi kimi istifadə olunmuşdur. Müxtəlif yüklərin (odun, ot və s.) daşınmasında, yaxın və uzaq yolların qət edilməsində ona üstünlük verilmiş, əhalinin aztəminatlı hissəsinin məişətində əlçatan minik vasitəsi sayılmışdır. Təsadüfi deyil ki, uzunqulaq (eşşək) şifahi xalq yaradıcılığında, xüsusi ilə lətifələrdə obrazlı şəkildə təqdim olunur və ya alleqorik təmsillərin obrazlarından biridir. Uzunqulağın üstündə gəzib gülməli, müdrik sözləri ilə insanları düşünməyə vadar edən Molla Nəsrəddin lətifələri indi də məşhurdur. “Acmış eşşək qatırdan yeyin gedər”, “Ağlını eşşək ağlına verərsən, çəkər arpa zəmisinə”, “Axsaq eşşəyin kor nalbəndi olar”, “Allah eşşəyə buynuz versə idi, dünyanı dağıdardı”, “Anqıran eşşəyin başına vurarlar”, “At meydanında eşşək anqırmaz” və s., “At qatır dоğub, nəsli pоzulub”, “At təpər, qatır təpər, arada eşşək ölər”, “Atı atası ilə tanıyarlar, qatırı anası ilə”, “Dəvə irağa baхar, qatır dırnağa”, “Eşşək aldım, qatır çıxdı”, “Qatır atasını görməsəydi, özünü xanzada bilərdi” və s. atalar sözləri uzunqulağın və qatırın yük və nəqliyyat vasitəsi kimi geniş istifadəsinin təsdiqidir.

Uzunqulağı, qatırı yükləmək üçün belinə palan vurulurdu. Bəzən nisbətən ağır yükləri uzaq məsafəyə aparmaq üçün palanın altına tərlik əvəzinə, köhnə palazı dairəvi formada tikərək içinə pambıq, yun və küləş doldurulmuş loru qoyulurdu. İki ədəd belə yastılanmış mütəkkəyə oxşayan loru taylarını iki-üç yerdən qayışla bir-birinə bənd edərk iş heyvanının belinə aşırırdılar. Bəzən dağ kəndlərində uzunqulaqla odun daşıdıqda palanın üstünə “kıxı” adlanan ağac qaş da qoyulurdu. Bir sıra hallarda qatıra yəhər də vurulurdu. Qatır da aclığa və susuzluğa qarşı dözümlüdür, yük daşımaqda at və uzunqulaqla müqayisədə daha güclü və sabitdir. Qatır təxminən 200 kq-dək yük götürür, səs-küydən hürküb sahibini belindən atmır. Qatır sürətinə görə atdan geri qalsa da, dağlıq ərazidə yük daşımaqda ondan çox üstündür.

Qədimdən çətin keçilən dağ yollarında uzunqulaq, qatır nəqliyyat vasitəsi olmuşdur. Dağ şəraitinə yaxşı bələd olan, təhlükəyə qarşı həssas olan uzunqulaq və qatırdan maldar elatları daha çox istifadə edirdilər. Yaxşı yaddaşı olan uzuqulaq və qatır bir dəfə keçdiyi təhlükəli yoldan ikinci dəfə keçməzdi. Qoyun sürüləri yaylağa qalxdıqda və arana endikdə çobanların yükünü uzunqulaq daşıyır, sürü ilə ayaqlaşırdı. Bir qayda olaraq, hər sürüdə 4-8 baş uzunqulaq olardı. Çobanlar öz barxanalarını, hətta axsaq düşən və xəstələnən qoyunu uzunqulağa yükləyirdilər. Müxtəlif məişət əşyaları, neft, su,

Təsərrüfat məşğuliyyəti, eləcə də ölkə ərazisinin dağlıq və düzənliklərdən ibarət olan mürəkkəb relyefi ilə əlaqədar olaraq, yüzillər ərzində ənənəvi minik-yük nəqliyyatı əməli əhəmiyyətini itirməmişdir. Keçmişdə düzənlik ərazilərdə yağmurlu vaxtlarda aran yolları keçilməz hala düşürdü. Belə şəraitdə yol getmək və yük daşımaq üçün minik-yük heyvanları yeganə sərfəli nəqliyyat növünə çevrilirdi. Minik və yükdaşıma məqsədi ilə, əsasən, at, qatır, dəvə, uzunqulaq, qismən isə kəl və öküzdən istifadə olunurdu. Uzunqulaq və qatır, əsasən, qoşaqollu, ikitəkərli arabaya boynuna salınan xamıt vasitəsi ilə qoşulmuşdur. Uzunqulaq və qatır arabası at arabası ilə müqayisədə kiçik ölçülü olsa da, nəqliyyаt və dаşımа vаsitəsi kimi xüsusi ilə kəndlilərin gündəlik həyatında və kənd təsərrüfatı işlərinin görülməsində əvəzsiz rоl оynayırdı.

Yük heyvanı kimi uzunqulaq Tunc dövrdən məlumdur. XIII əsr coğrafiyaşünas-səyyah Zəkəriyyə Qəzvini yazırdı ki, əgər dumanlı havada çarvadar yolu itirərdisə, onda qabağa uzunqulağı buraxardı. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, “burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir”. Bərdədə yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdı ki, onları Xorasan, Suriya və başqa ölkələrə aparırdılar. XIII əsrin digər məşhur səyyahı Marko Polo məlumat verirdi ki, Azərbaycanda möhkəm, aclığa və suzuluğa davamlı uzunqulaq yetişdirilir ki, onların hər biri 30 markaya satılır. Avropalı səyyah L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aparılırdı.

XIX-XX əsrlərin əvvəllərində də Azərbaycanda qatır və uzunqulaqdan geniş istifadə olunurdu. XIX əsrin 50-ci illərində Şamaxı, Nuxa, Şuşa və Lənkəranda 18 min baş, həmin əsrin 60-cı illərində isə 32500-dən çox qatır və uzunqulaq olmuşdur. Qatır yetişdirmək çətin olduğundan, onları baha qiymətə satırdılar. XIX əsrin sonlarında Yelizavetpol quberniyasında yetişdirilən iri və güclü qatırların hər biri 200-300 rubla satılırdı.