AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

İribuynuzlu heyvan nəqliyyatı

Nümunənin reyestr kodu : DA0203020004

Qədimdən Azərbaycan əhalisi iribuynuzlu heyvanlardan (kəl, öküz, zebu) minik-yük nəqliyyatı vasitəsi kimi geniş istifadə etmişdir. Bu heyvanların qoşqu qüvvəsi kimi istifadə olunması əkinçilikdə ciddi dəyişikliklərə, məhsuldarlığın artmasına gətirib çıxarmış, eləcə də onların minik-yük qüvvəsi üçün istifadəsinə zəmin və təcrübə yaratmışdır.

İribuynuzlu heyvanları yükləməmişdən qabaq onların belinə alıq qoyulurdu. Alıq keyvənd və çuldan ibarət idi. Keyvəndi hanada toxunmuş ensiz palazdan düzəldir, içinə küləş, yun və s. doldururdular. Öküzün belini əzməsin deyə keyvənd, “xurcuntayı” formasında düzəldilirdi. Maraqlıdır ki, İsmayıllı rayonu ərazisində Keyvənd adlanan yaşayış məntəqəsi mövcuddur. Ehtimal ki, qədimdə bu kənddə keyvənd hazırlanması geniş yayılmışdır.

Öküz çulu çalaya oxşar iki hissədən ibarət olub, bir tərəfində bəzək məqsədilə saçaqlar düzəldilirdi. Sonra həmin hissələr çuva iynəsi (çuvaldız) ilə bir-birinə tikilir, saçaqlı tərəfi arxada olmaqla öküzün belinə örtülürdü. Öküz çullandıqdan sonra hazırlanmış yüklər bir-birinin belinə çatılaraq onun belinə aşırılır, bir neçə yerdən sarınıb möhkəmləndirilirdi.

Azərbaycanda tarixən arabaların 3 tipi – öküz və ya kəl arabası, at arabası, uzunqulaq arabası olmuşdur. Qoşqu üsulundan asılı olaraq, ikitəkərli arabaların “haça qollu” və “əskeşli” olmaqla, iki əsas tipi təşəkkül tapmışdır. Üçbucaqlı formaya malik olan boyunduruqlu arabaya, bir qayda olaraq, öküz və ya kəl qoşulduğundan o, həmin adla “öküz”, yaxud “kəl arabası” kimi də tanınırdı. Kəl arabasının banı öküz arabasına nisbətən bir qədər böyük düzəldilirdi. Bu arabalar haçaqollu qoşqu üsuluna görə “boyunduruqlu” araba, iri tutumlu bana görə “qara araba”, “taytəkər”, “qarasaqqal arabası”, hərəkət zamanı oxun qollara sürtünməsindən alınan səslərə görə “cır-cır araba” da adlandırılırdı. Yalnız Lənkəran zonasının dağlıq ərazisində rast gəlinən zebu çox az hallarda minik və qoşqu qüvvəsi kimi istifadə edilirdi. Kəl arabası kimi zebu qoşulan arabanın da banı öküz arabasına nisbətən böyük olurdu.

Öküz, kəl arabalarının çardağı üçbucaq şəklində baş-başa qoyulmuş iki ədəd yoğun və uzun (4-5metr) qol üzərində qurulurdu. Arabanın çardağını qurmaq üçün qollar üzərində cağ (Şirvanda “daraq”, Qubada isə “laşar” adlanır) deşikləri, qollara üfüqi olaraq isə döşəmə və alt cağlar üçün deşiklər açılırdı. Araba çardağının qabaq və dal döşəmələrini tamamlayan bağlama ağaclar (“qabaq” və “dal yasdıq”, Müşkür arabalarında “tapan”) nisbətən qalın və enli yonulub düzəldilirdi. Arabanın çardağı qollara şaquli olaraq bərkidilmiş cağlara tar (“üst qol”, və ya “kiçik qol” ) keçirdikdən sonra hazır olurdu. Arabanın oxu qollar üzərində irəli-geri sürüşməsin deyə, onu hər iki tərəfdən “ayı” adlanan çivlə bərkidirdilər. Oxla yasdığın arasına sabun məhlulu sürtmək və mazut çəkmək üçün arabanın hər birində sabun dolu buynuz və ya yağ (mazut) daqqası olurdu.

Arabalar qoşqu heyvanına boyunduruq vasitəsilə qoşulurdu. Boyundurğun iki forması –tək və çənəli boyunduruq mövcud idi. Tək boyunduruq uzunluğu 2 metrə çatan ağacdan yonulub düzəldilir və ucları aşağıya doğru əyilmiş olurdu. Onun kənar uclarında bir-birindən təxminən 25-35 sm aralı bir cüt deşik açılır, həmin deşiklərdən samı keçirilirdi. Qoşqu heyvanı boyunduruğa qoşulduqdan sonra samıbağı vasitəsilə samıların ucları heyvanın boğazının altına bağlanırdı. Belə boyunduruq dişləyə iki cür: kağan və işkil vasitəsilə birləşdirilirdi. Birinci halda boyunduruğun ortasında bir-birindən 10-12 sm aralı iki ədəd “modux” adlanan çiv çalınır, kağan bu çivlərin arasından keçməklə boyunduruğu dişləyə birləşdirirdi. İkinci halda isə boyunduruqdan və dişlədən aşılmış işkil deşiyindən işkil (“qılınc”) keçirməklə bu işi başa çatdırırdılar. Boyunduruq iş heyvanın boynunu sürtməsin deyə, onun samılar arasında qalan hisəsinə dərindən və ya parçadan “yasdıq” adlanan xüsusi dolaq dolayırdılar.

Qafqazda və Ön Asiyada əsas iş heyvanı hesab edilən öküz və kəllər maldar tayfalar və əkinçilər tərəfindən yüksək qiymətləndirilmiş və nəhayət, sitayiş obyektlərindən birinə çevrilmişdir. Qədim Mingəçevirdən tapılan heyvan fiqurunun təsdiqi göstərir ki, m.ə. I minillikdə öküzlərdən yük heyvanı kimi istifadə etmişlər. Cüt əkinçiliyin və köçmə maldarlığın inkişafı ilə müxtəlif formalı ikitəkərli arabalar yarmağa başlamışdır. Belə arabalardan bəziləri cüzi dəyişikliklərə XX əsrin əvvəllərinə qədər istifadə edilmişdir.

İribuynuzlu heyvanlardan yükdaşıma vasitəsi kimi köçmə maldarlıqla məşğul olan əhali daha çox istifadə edirdi. Xüsusilə arandan yaylağa uzanan köç yollarında ev müxəlləfatı və barxana doldurulmuş məfrəşləri iribuynuzlu heyvanlara yükləyir, qadın və uşaqları da onun üstünə mindirirdilər. Təsərrüfat məşğuliyyəti, eləcə də ölkə ərazisinin dağlıq və düzənliklərdən ibarət olan mürəkkəb relyefi ilə əlaqədar olaraq, XX əsrin ortalarınadək ənənəvi iribuynuzlu heyvanlardan minik-yük nəqliyyatı kimi istifadə əməli əhəmiyyətini itirməmişdir.