AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dəvə nəqliyyatı

Nümunənin reyestr kodu : DA0203020003

Dəvə uzaq məsafəyə yük daşımaqda nəqliyyat heyvanlarından ən dözümlüsü sayılır. Dəvənin bu keyfıyyəti “Dəvə asta gedər, çox gedər” məsəlində də öz əksini tapmışdır. Dəvələr tam öyrədiləndən sonra karvana qoşulurlar. Karvan sıralanarkən işlək, yola bələd dəvə birinci olurdu. Dəvələr işləkliyinə görə bir-birinin arxasına bağlanırdı. Maldarların “qatar” adlanan karvanında 7 dəvə, çarvadarların karvanında isə adətən 15-25 dəvə olurdu.

Tarixən Azərbaycanda iki dəvə cinsi mövcud olmuşdur. Onlardan biri ikihürgüclü – “baktirian” (camelus bactrianus), digəri birhürgüclü “dromedary” (camelus dromedarus) adlanır. Hər iki cins Azərbaycanın düzən rayonlarında yayılmışdı. İkihürgüclü dəvənin erkəyi “buğur”, dişisi “haça maya” adlanır. Birhürgüclü lök müstəqil cins, nər isə mələz mənşəlidir. Nərin dişisi bütöv maya, balxının dişisi “maya göyün” və ya “carcar maya”, lökün dişisi “arvana” adlanır. İkihürgüclü dəvənin bədəni nisbətən uzun, ayaqları gödək olur. Təkhürgüclü dəvə ilə müqayisədə o, soyuğa davamlıdır. Öyrədilməsi, adama uyğunlaşması cəhətcə “baktirian” dəvə təkhürgüclü ilə müqayisədə mülayimdir. Təkhürgüclü nər, ikihürgüclü buğurla müqayisədə daha qüvvətlidir. Nər 35-40 puda qədər yük götürə bildiyi halda, buğur cəmi 12-15 pud yük götürür.

Əsas yük heyvanı kimi bir dəvənin yükü 2-3 at yükünə bərabər idi. Yüklü dəvə bir gündə fasiləsiz olaraq 30-35 km, fasilə ilə isə 50 km-ə qədər yol gedə bilirdi. Azərbaycanda istehsal olunan məhsullar istər daxili, istərsə də xarici bazarlara dəvə karvanları ilə daşınırdı. Dəvə ilə yük daşımaq üçün xüsusi dəvə çuvalından, sandıqlardan, səbətlərdən, tuluqlardan istifadə edilirdi. Dəvəni yükləmək üçün onların birhürgüclülərini cahazlayır, ikihürgüclülərini isə alıqlayırdılar.

Azərbaycanda dəvəçiliyin tarixi m.ə. II minilliyin sonu-I minilliyin əvvəllərinə aid edilir. Bunu Mingəçevir qazıntılarından tapılan dəvə sümüyü və Füzuli rayonu ərazisindən tapılan dəvə skeleti təsdiqləyir. Qədim Azərbaycan dövlətlərindən olan Mannada ikihürgüclü dəvə cinsi bəslənirdi. VII əsrdə ərəblərin işğalı ilə Azərbaycan beynəlxalq ticarətə daha geniş daxil olmuşdur ki, bu da əsas nəqliyyat vasitəsi kimi dəvəçiliyin inkişafına xeyli təsir göstərmişdir. Qobustan qayaları üzərində eramızın XV-XVI əsrlərinə aid dəvə karvanının əksi diqqəti çəkir. Həmin rəsmdə iki nəfərin arxasında sıra ilə düzülmüş dəvələr təsvir edilmişdir. Dəvələrin hürgüclü və hürgücsüz olmaları aydın nəzərə çarpır.

Maldarlığın xüsusi sahəsi olan dəvəçiliklə, əsasən, Şirvan, Muğan, Mil və Qarabağ düzənliklərində yaşayan maldar əhali məşğul olurdu. Dəvələri olan kəndlilərin bir qrupu çarvadarlıqla məşğul olurdu. Çarvadarlar dəvələrlə kənd-kənd gəzərək müxtəlif təsərrüfat məhsulu gətirərək yerli əhaliyə satırdılar.

Dəvəçiliyin XIX əsrin ortalarından inkişafı ticarət əlaqələrinin canlanması ilə əlaqədar olmuşdur, dəvənin daha çox yük götürməsi ona olan tələbatı artırırdı. XIX əsrin ikinci yarısında dəvəçiliyin Bakı quberniyasında daha çox inkişaf etdiyini bir sıra statistik məlumatlar da təsdiqləyir. Əgər 1860-cı ildə Bakı quberniyasında 11259 baş dəvə var idisə, 1867-ci ildə onların sayı 13163 başa çatdırılmışdı. Abşeronda dəvə Corat, Qobu, Maştağa, Saray, Fatmayı, Xırdalan, Zabrat, Qala, Güzdək, Novxanı və başqa kəndlərdə daha çox saxlanırdı.

Dəvəçiliyin tənəzzülü XX əsrin əvvəllərində özünü açıq şəkildə göstərir. Dəmir yolu, şosse yollarının çəkilməsi karvanları sıradan çıxarmışdır. XX əsrin əvvəllərində dəvəçilik İran sərhədi boyu ticarətlə məşğul olan əhali, həm də düzən rayonlarda maldarlıqla, xüsusilə qoyunçuluqla məşğul olan əhali arasında daha çox yayılmışdı, hətta bəzi kolxoz və sovxozların nəzdində xüsusi dəvəçilik fermaları olmuşdur. Həmin fermalardakı dəvələrdən, əsasən, yaylaq və qışlağa köç zamanı əhəmiyyətli nəqliyyat vasitəsi kimi istifadə edilirdi.