Dəyə
Nümunənin reyestr kodu : DA0204000026
Azərbaycan əhalisinin yaşayış evləri mahiyyətinə, məzmununa, istifadə olunan tikinti materiallarına görə bir-birindən ciddi fərqlənməmiş və bu prosesdə yüzillərdən gələn tikinti təcrübəsi, təsərrüfat məişəti, inşaat materialları, eləcə də dünyagörüşü, inanclar mühüm rol oynamışdır. Daimi yaşayış evləri əsasən oturaq təsərrüfatla əlaqədar idisə, müvəqqəti yaşayış evləri yaylaq-qışlaq maldarlıq forması ilə bağlı idi. Maldarlığın, o cümlədən köçmə maldarlığın inkişafı üçün əlverişli təbii-coğrafi şəraitə, flora və faunaya malik Azərbaycanda müvəqqəti yaşayış evləri kifayət qədər sadə quruluşa malik olsa da, qədim tarixə malikdir.
Yaylaq və qışlaq arasında mütəmadi surətdə hərəkətdə olan maldarların səyyar məişət tərzi üçün çubuq konstruksiyalı evlər yüngül, asan və tez başa gələn olduğundan onlar sonralar da istifadədən düşməmiş, daha da təkmilləşmişdir. Quruluş və forma etibarı ilə onların bir-birindən fərqlənən müxtəlif tipoloji növləri – alaçıq, dəyə, muxur, qara keçə, çadır və s. yaranmışdır. Azərbaycanın müxtəlif etnoqrafik bölgələrində elat yaşayış evlərinin bu və ya digər nümunəsi yaxın zamanlaradək qalmaqda idi. Köçmə və ya yaylaq-qışlaq maldarlıq forması ilə sıx bağlı olan müvəqqəti yaşayış evləri təbii-coğrafi şəraitə, tikinti materiallarına uyğun formalaşmış, xalqımızın maddi və mənəvi mədəniyyətində xüsusi yer tutmuşdur.
Azərbaycanda maldar elatların istifadəsində olan müvəqqəti yaşayış evlərinin müxtəlif variantları içərisində dəyə (qarakeçə) üstünlük təşkil etmişdir. Alaçıqdan kiçik olan dəyə, möhkəmliyinə görə ondan geri qalırdı. Belə fərqli xüsusiyyətlərinə baxmayaraq əslində alaçıq və dəyə eyni bir müvəqqəti yaşayış evinin iki müxtəlif növüdür. Müvəqqəti yaşayış evləri keçəsi ilə seçilirdi. Keçə alaçıq və ya dəyənin tikintisində mühüm material idi. Maldar əhali yayda sərinlik yaradan, yağışdan qoruyan keçədən yaylaqlarda geniş istifadə edirdi.
Dəyə yüngül kostruksiyaya malik olduğundan quruluşca çox sadə idi. Lazımi ölçüdə çubuqları kəsib uclarını rəndələdikdən sonra onları dəyə tikilməsi üçün nəzərdə tutulmuş yeri dairəvi şəkildə, bir-birindən 40-50 sm aralı basdırırdılar. Qarşı-qarşıya duran çubuqların uclarını əyərək yundan toxunmuş “örəmə” adlanan qotazlı ip vasitəsilə bir-birinə bağladıqdan sonra dəyənin gövdəsi hazır olurdu. Dəyənin üstünü örtmək üçün əvvəlcə çubuqların çöl tərəfdən ətrafına hündürlüyü 80-100 sm olan qarğıdan hörülmüş çətən (çitəmə, çığ) çəkirdilər. Çətən (çığ) giriş yolunu bağlamırdı. Bundan sonra dəyənin başı dörd hissə keçədən ibarət olub, dairəvi və dördkünc formada bir-birinə tikilən “baş qəlib” ilə örtülürdü. Dəyənin yanları isə, üç hissə keçədən ibarət olan və aşağıya doğru getdikcə enlənən “yan qəlibləri” ilə bağlanırdı. Qəlibləri külək atmasın deyə, uclarındakı iplər vasitəsilə ya çəkib dəyə çubuqlarına bağlayır, ya da kənarlarından ağac, daş və s. asırdılar. Dəyənin möhkəmliyini artırmaq məqsədilə onun üstünü iplə (sicimlə) möhkəm çəkir və “yellik” düzəldirdilər. Bir qayda olaraq, dəyənin qapısı gündoğana baxırdı, lakin nadir hallarda, xüsusilə oba quzeydə yerləşdikdə dəyənin baxar səmti günbatana tərəf olurdu. Qapı, adətən, bir-birindən 70-80 sm aralı basdırılmış iki yoğun çubuqdan düzəldilirdi. Giriş yolu həsirlə, palazla və yaxud məhz bu məqsəd üçün toxunmuş “qapılıq” adlanan kilimlə tutulurdu. Günəşli günlərdə dəyənin qapılığı çimərlənib yuxarıda ip (köşə) vasitəsilə bağlanırdı. Dəyənin ölçülərindən asılı olaraq onu tikmək üçün 30-50 arası çubuq, 4-6 arası keçə (qəlib) işlənirdi.
Dəyənin içərisində “nəmi”, yaxud “bucaq” deyilən xüsusi yer düzəldilir, burada heyvandarlıq məhsulları və ərzaq saxlanılırdı. Nəminin döşəməsi yastı çay daşları ilə döşənir, olacaq yerindən çətən arakəsmə və ya 30-50 sm hündürlüyündə daşqura divarla ayrılırdı. Ev müxəlləfatı (barxana, məfrəş və s.) künclərin birində daş ayaqaltı üzərinə taxta qoyulmaqla qurulan yük yerinə yığılırdı. Ev-məişət avadınlığı olan cəhrə, daraq və digər alətlər üçün də evdə xüsusi bir yer ayrılırdı. Alaçıq və dəyələrdə nazik və yüngül toxunması ilə digər kilim növlərindən fərqlənən, yun cecimi xatırladan “vərni”dən divar bəzəyi kimi istifadə edilirdi. Orta əsrlərdə varlı zümrələrə məxsus çadır və alaçıq örtükləri “qondarma” (oturtma) texniki üsulu ilə bəzədilirdi. XVII əsrdə Azərbaycanda olmuş əcnəbi səyyahlar (A.Oleari, İ.Streys) yol qeydlərində bu barədə heyranlıqla bəhs etmişlər.
Kür-Аrаz mәdәniyyәtinә аid аrхеоlоji аbidәlәrin tədqiqi göstərir ki, İlk Tunc dövründә Аzәrbаycаn әrаzisindә әһаlinin sаyı хеyli аrtmışdır. İlk Tunc dövrü yaşayış məskənlərində tikinti işində Eneolit dövrü ənənələri davam etdirilirdi. Dairəvi və ya düzbucaqlı evlər çiy kərpic və möhrə ilə tikilmiş, tikililərin özülü çox vaxt daşdan inşa edilmiş, bəzi otaqların divarları çubuqla hörülüb suvanmışdır. M.ə III minilliyin әvvәllәrindәn еtibаrən mаldаrlıq sürәtlә inkişаf еtmәyә bаşlаmışdır. Mаldаrlığın әsаs tәsәrrüfаt sаһәsi kimi inkişaf еtmәsi m.ә. III minillikdә yаylаqlаrdаn gеniş istifаdə еtmәyә imkаn vеrmiş, bu isә dаğlıq yеrlәrdә müvәqqәti yаşаyış mәskәnlәrinin mеydаnа gәlmәsinә sәbәb оlmuşdur. Məhz İlk Tunc dövrünə aid dairəvi evlər yaylaq maldarlığında geniş istifadə edilmiş, əhali müvəqqəti yaşayış evi kimi əvvəlki evtikmə təcrübəsini davam etdirmişdir. Maraqlıdır ki, Оrtа Tunc dövründə çiy kәrpicdәn dördkünc fоrmаlı еvlәrin tikintisi yayılmış, artıq dairəvi evlərin yerinə düz planlı, dördkünc, çoxotaqlı evlər inşa edilməsinə keçilmişdi.
Belə bir nəticəyə gəlmək olar ki, uzun əsrlər boyu maldar əhalinin müvəqqəti yaşayış evi kimi istifadə etdiyi dairəvi formalı dəyələr və ya alaçıqlar İlk Tunc dövründə meydana çıxmışdır. Düzbucaqlı formalı müvəqqəti yaşayış evləri isə nisbətən sonrakı dövrdə – Orta Tunc dövründən istifadə olunmağa başlamışdır. Həm dairəvi, həm də düzbucaqlı formalı, yüngül quruluşlu müvəqqəti yaşayış evləri insanların ilk evtikmə təcrübəsinin minillər boyu yaşamasının sübutudur. Son Tunc (m.ə XIV-XII əsrlər) və Erkən Dəmir (m.ə. XI-VIII əsrlər) dövründə köçmə maldarlığın da təsərrüfatda əsas yer tutması ilə ənənəvi müvəqqəti yaşayış evləri tikmək təcrübəsinin sonrakı minilliklərdə davam etməsinə gətirib çıxarmışdır. Müasir dövrdə də qoyunçuluq təsərrüfatı ilə məşğul olan əhali yaylaq və qışlaq şəraitində müvəqqəti yaşayış evlərindən geniş şəkildə istifadə edir.
-
Xalq yaşayış məskənləri və evləri
Fəzail Vəliyev
2009
- Tərtibçi və biblioqrafiya
-
Сельские поселения и крестьянские жилища...
М.Н.Насирли
1959