AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qalayçı

Nümunənin reyestr kodu : DA0104000046

Azərbaycanda misgər dükanlarında texnoloji əməliyyatlar əsrlər boyu sadə əritmə və isti döymə üsulları ilə görülmüşdür. İstehsal proseslərinin tələbinə müvafiq olaraq misgər emeletxanalarında müxtəlif növ tutucu, kəsici, tapdayıcı, deşici, sıxıcı, hamarlayıcı alətlərdən istifadə olunurdu. Misəritmə prosesində qoşa körüklü xüsusi kürə, müxtəlif ölçülü gil qəliblər, ərintini qəliblərə tökmək üçün böyük və kiçik ölçülü çömçə, ərintini kənar qatışıqdan təmizləmək üçün uzun dəstəkli ödrəngdən istifadə olunurdu.

Ənənəvi misgərlik sənətində qalay, qurğuşun və duzdan hazırlanmış “qaraqaynaq”, sink, bürünc və tənəkardan ibarət “misqaynaq” adlanan iki cür lehim işlədilmişdir. Qalaylama əməliyyatına təkcə təzə hazırlanmış mis məmulatı deyil, paxırı üzə çıxmış köhnə qablar da məruz qalırdı. Ona görə də qalayçılıq mis qabların pas atmaması üçün qalaylayan müstəqil peşə növünə çevrilmışdir. Qalayçılar paxırlanmış mis qabları kürədə qızdırdıqdan sonra naşatır tozu – ammonium-xloridlə sürtüb üstündən qalay çəkirdilər.

“Qaraqaynaq” daha möhkəm və etibarlı lehim növü olub dərin qabların calğa hissələrinin qaynaq edilib calanmasında tətbiq olunurdu. Kürədə qızdırılarkən hərarət nəticəsində lehim əriyib calğa dəndələrinin aralarındakı boşluqları örtür və onların bir-birinə möhkəm yapışmasını təmin edirdi.

Calğaları misqaynaq üsulu ilə lehimləmək üçün calğa yerini isladıb üzərinə sink-bürünc ərintisindən ibarət lehim sürtəndən sonra üstünə tənəkar tozu səpirdilər. Məmulat kürədə qızdırılan zaman misqaynaq lehim əriyib calğa dəndələrinin aralarını tutur və onları bir-birinə möhkəm qaynaq edirdi. Lehimləmə əməliyyatından sonra mis məmulatının bir qismi çarxa verilərək onların səthində qalan çəkic izləri itirilib hamarlanırdı. Mis məmulatının bu qrupu “çarxı” qab, çarxa verilməyən qablar isə “qaratapdaq” adlanırdı.

Həm xara, həm də izafə qablar paxır verməsin deyə, qalaylanırdı. Güyüm və səhəngin içərisi qalay əvəzinə bəzən ərinmış mum ilə örtülürdü. Qalay müəyyən mənada filtir rolu oynayır, paxırların qarşısını alır, çöküntülərə imkan vermir. Bu baxımdan qalaylanmış mis qablarda yemək bişirmək, saxlamaq təhlükəsiz olduğundan əhali belə qabları daim yüksək qiymətləndirmişdir. Sənətkarlar mis, mis-qurğuşun, mis-latun qarışığından hazırlanmış qabların qalaylanmasına xüsusi diqqət və ehtiyatla yanaşırdılar.

Qalayçılıq peşəsinə zərurətin olmasının səbəbi əhalinin məişətində mis qab-qaşığın, samovarın geniş istifadəsi idi. Mis qazanlar, qablar, samovarlar gəlinlərin cehizi olardı, uzun illər istifadə edilərdi. Şifahi xalq yaradıcılığında “Qalayçı Qasım qardaş qazanı qalaylaya-qalaylaya qaldırıb qoyur” yanıltmacı qalayçılıq peşəsinin əhalinin dünyagörüşündə tutduğu yerin bir təzahürüdür.

Qalayçılar təkcə misgərlik, qalayçı emelatxanalarında deyil, səyyar şəkildə də fəaliyyət göstərirdilər. Bunun üçün kəndbəkənd düşüb qalaylanmağa ehtiyacı olan qabları yığır, yəni sifariş götürürdülər. Təxminən 7-10 gündən sonra qabları qalaylı şəkildə sahibinə qaytararaq zəhmət haqqı alırdılar. Yaxud da, yüngül qalaylanmağa ehtiyacı olan qablar səyyar alətlər vasitəsi ilə təmir olunur, qalanları əsasən Lahıcda yerləşən emalatxanalara aparılırdı.

Misgərliyin müstəqil sənət növü kimi formalaşması qədim zamanlardan qab istehsalı ilə üzvi surətdə bağlı olmuşdur. Orta əsr feodal məişətinin artan tələbləri ilə əlaqədar olaraq, qədim misgərlik ənənələri daha da inkişaf etmişdir. Bu dövrdə mis məmulatı istehsalı başlıca olaraq, sənət və ticarət mərkəzlərinə çevrilmiş feodal şəhərlərində cəmləşmişdi. Orta əsrlərdə Təbriz, Ərdəbil, Marağa, Səlmas, Bərdə, Beyləqan, Dərbənd, Şamaxı, Şəki, Gəncə, Bakı, Naxçıvan, bir qədər sonralar isə Quba və Şuşa şəhərləri mis məmulatı istehsalının başlıca mərkəzlərinə çevrilmişlər. Bunlarla yanaşı, Azərbaycanın mis məmulatı istehsalında Lahıc kəndi görkəmli yer tuturdu.

XIX əsrdə Lahıc təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda misgərliyin başlıca mərkəzi sayılırdı. Lahıcın min sakini misgərlik və onunla bağlı peşələrlə (kömürbasma, çarvadarlıq və s.) məşğul olurdu. XIX əsrin 30-cu illərində Lahıcda 52 misgər dükanı olmuşdur. Bu dövrdə Şamaxı və Gəncə şəhərlərinin hər birində 6, Bakıda isə 2 nəfər misgər işləyirdi. Bununla yanaşı, Şəki, Quba və Lənkəran şəhərlərində və misgər dükanlar fəaliyyət göstərirdi.

XIX əsrin ortalarında Azərbaycanın bəzi şəhərlərində misgərxanaların sayı artmışdı; 1850-ci illərin sonlarında Gəncədə 20, Şuşada 11 nəfər misgər işləyirdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakıda mis qab istehsal edən müəssisələrin sayı 2-3 dəfə artmışdı. Bakıda mis məmulatına əhalinin tələbatının artması bu məsələdə həlledici rol oynamışdır.

Mis qab istehsalının yerli koloriti əks etdirən spesifikliyi və sənaye rəqabəti ilə gec qarşılaşması üzündən qalayçılıq Azərbaycanın bir sıra sənət mərkəzlərində uzun müddət davam etmişdir. Hazırda Bakı, Quba, Şəki, Gəncə, Naxçıvan, Şamaxı və Lahıcda qalayçılar fəaliyyət göstərir, bəzi şəhər və rayonlarda qalayçı emalatxanaları mövcuddur.