AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dəyirmançı

Nümunənin reyestr kodu : DA0104000025

“Dəyirman” qədim türk dilində hərəkət etmək, fırlanmaq anlamına gələn “tərmən” sözünün fonetik dəyişikliyə uğramış şəklidir. Dəyirmançı peşəsi isə su dəyirmanlarının ortaya çıxması ilə yaranmışdır. Bir istehsal tikilisi kimi dəyirman, eləcə də dəyirmançı peşəsi Azərbaycan xalqının təsərrüfat həyatında, maddi və mənəvi mədəniyyətində mühüm yer tutmuşdur. Dəyirmanlar adətən bolsulu çaylar üzərində və kəndlərarası yollar ətrafında yerləşirdi və ondan bir neçə kəndin əhalisi yararlanırdı. Su dəyirmanları, adətən, çayların yatağından bir qədər kənarda, sel tutmayan yerlərdə, suyun səviyyəsindən aşağıda tikilərdi. Dəyirmanın tikilməsi kifayət qədər ağır və düzgün ölçmə tələb edən iş idi. Bütün işləri dəyirmançının iştirakı və rəhbərliyi ilə dülgər, bənna, dəmirçi peşəsinə sahib ustalar, eləcə də “iməci”yə qoşulmuş kənd əhalisi yerinə yetirirdi.

Dəyirmanların ayrı-ayrı hissələrinin hazırlanması xüsusi mərhələlərlə həyata keçirilirdi: arxlar düzəldilir, suyun arxdan nova axdığı yerdə “qaytarağac” qurulur, dəyirman üçün ikimərtəbəli bina inşa edilir, çarx və dəyirman daşları hazırlanırdı. Suyun dəyirmanlara çatdırılması, dəyirman çarxını fırladan gur su buraxılması üçün əhali “iməci” keçirir, torpaq bənd şəklində möhkəmləndirilir, dəyirmandan yüksəkdə yerləşən “ənbərdə” hazırlanırdı. Çaylardan gələn qolların qarşısı ənbərdə (kiçik göl) vasitəsi ilə kəsilir, gur su yüksəkdən nov vasitəsi ilə dəyirman çarxının üstünə axıdılırdı. Yüksəkdən tökülən su ağac topa keçirilmiş pərləri hərəkət etdirməklə çarxı oxu ətrafında fırladırdı. Topun içərisindən keçən oxun yuxarı ucu dəyirmanın alt daşının ortasından keçərək üst daşın alt hissəsindəki “təvərə” adlanan dəmir hissəyə bərkidilirdi.

Taxılın tökülməsi üçün “dənlik”, unun tökülməsi üçün “unluq”, dənin eyni miqdarda tökülməsi üçün novça və çax-çax, üyütməni tənzim edən “qulaq”, alt daşın içindən keçərək üst daşa bərkidilən, onu hərlədən dəmir ox və çarx hazırlanırdı. Dənin üyüdülməsinin sürəti suyun gurluğundan, dən daşlarının diametrindən asılı idi. Suyun novda təzyiqi gücləndikcə su pəri daşın fırlanma sürətini artırırdı. Uzun müddət dən üyüdüldükdə daşların çopurları (dişləri) kütləşir, yeyilir və üyütmə prosesi çətinləşirdi. Ona görə də dəyirmançı vaxtaşırı daşı düşürüb dişəyərdi ki, daş dəni yaxşı üyütsün.

Dəyirmanlar ya ayrı-ayrı şəxslərə, ya da bir nəslə məxsus olurdu. Dəyirmançı həmişə dəyirmanda olmalı, onun işləməsinə, növbənin gözlənilməsinə, üyüdülmək üçün gətirilmiş taxılın təmiz və quru olmasına nəzarət edərdi. Gördüyü işin müqabilində dəyirmançının zəhmət haqqı pul və ya natural şəkildə ödənilirdi.

Dəyirmanda taxıl üyütmək üçün növbə tutulardı. Bəzən 1 çərək (4 kq), 1 batman (8 kq), 1 pud (16 kq), yaxud bir dağarcıq (15-20 kq) dən gətirənə növbə verilərdi. Dəyirmançılar müəyyən günlərdə “ağnağar” elan edərək, az dəni olanların dənini pulsuz üyüdərdilər. Payız vaxtı dən daha çox üyüdülürdü, buna “qışlıq” deyirdilər. “Qışlıq” üyüdülməsinin əsas səbəbi bəzən qış aylarında dağ çayının donması və ya suyunun azalması ilə əlaqədar dəyirmanların işləməməsi idi. Digər səbəb isə qışda gediş-gəlişin çətinləşməsi idi. Ona görə də bəzən adamlar dəyirmanda gecələməli olur, dənlərinin üyüdülməsini gözləyirdilər.

Azərbaycan ərazisində tapılmış arxeoloji materiallar göstərir ki, burada taxılın, çəltiyin üyüdülməsi üsulları sadədən mürəkkəbə doğru inkişaf etmişdir. İbtidai insanlar hələ Neolit dövründən başlayaraq dən daşlarından istifadə etmiş, əkinçiliyin inkişafı nəticəsində dən daşları ilə yanaşı əl dəyirmanları – kirkirələr geniş yayılmışdır. Arxeoloji qazıntılar zamanı qədim Qəbələ şəhərinin yaxınlığındakı Yaloylutəpədə əl dəyirmanlarının tapılması hələ miladdan əvvəl I minillikdə burada kirkirədən geniş istifadə edildiyini göstərir. Mahiyyətcə kirkirələrin işini görən su dəyirmanlarının ortaya çıxması isə əkinçilikdə növbəti, daha inkişaf etmiş mərhələnin başlanğıcı, eyni zamanda əkinçilikdə ənənələrin varislik yolu ilə ötürülməsinin təsdiqi idi. Taxılçılığın daha geniş miqyas alması nəticəsində kirkirə ilə yanaşı, su, yel dəyirmanları, qoşqu, daha sonralar buxar mühərriki ilə hərəkətə gətirilən dəyirmanlardan istifadə edilmişdir.

Orta əsrlərdə Azərbaycanda su dəyirmanları geniş yayılmışdı. Bu dəyirmanlarla bağlı məlumat dəyirmançı peşəsinin Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi yer tutduğunu göstərir. Mənbələrdə Beyləqan şəhərində dəyirmanlardan istifadə olunması haqqında məlumat verilir. XIII-XIV əsrlərində Təbriz kəhrizlərindən su dəyirmanlarının işlədilməsi üçün istifadə edilmişdir.

XVIII əsrin sonu-XIX əsrin birinci yarısına dair məlumata görə, Şəki xanlığında 29 dəyirmançı fəaliyyət göstərirdi. Məhəmmədhəsən xanın Şəkinin özündə 4 və ətrafında 6 dəyirmanı var idi. Xanın vergilər barədə “Dəstur ül-əməli” qanunlarında müxtəlif vergilərlə yanaşı, “dəyirman pulu” vergisi də əksini tapmışdır. XVIII əsrin birinci yarısında Azərbaycanda beş yüzdən çox dəyirman işlədilirdi. XIX əsrin ikinci yarısında Quba qəzasında 154, Göyçay qəzasında isə 170 dəyirman və su dingi vardı. XX yüzilliyin ortalarınadək taxıl başlıca olaraq su dəyirmanlarında üyüdülürdü.

Kiçik Qafqaz və Böyük Qafqazdan axan bol sulu dağ çaylar bir çox yerlərdə dəyirmanların tikilməsinə imkan vermişdir. Arxeoloji qazıntılar zamanı su dəyirmanlarının az tapılması hər şeydən əvvəl onun əsas yaşayış yerlərindən bir qədər aralı, münasib yerlərdə qurulması və sıradan çıxdıqca yerinin itməsi ilə izah edilir.