AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Od çərşənbəsi

Nümunənin reyestr kodu : DB0204010010

İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında üskü çərşənbə, üskü gecəsi də deyilir. Od yaşamaq, yaşatmaq rəmzidir. Od-ocaq işıqlı sabahdır, xeyir-bərəkətdir. Həyatda hər şeyi od təmizləyir, od insana sağlamlıq, paklıq və gözəllik gətirir. Od qüdrət, qüvvət, işıq, Günəş, azadlıq, ucalıq rəmzidir.

Od çərşənbəsi əski görüşlərlə bağlı olub, Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranmışdır. Qədim azərbaycanlılar Günəşi, odu-ocağı həyat verən tanrı sayıblar, ona sitayiş ediblər. Od dünyanın xeyirxah qüvvələrinin başlanğıcı, himayəçisi kimi də təsəvvür olunur.

Bu çərşənbədə tonqalçatma mərasimi o biri çərşənbələrə nisbətən olduqca maraqlı və canlı keçir. Çünki bu çərşənbədə təbiət və cəmiyyətdə dirilmə, oyanma baş verir. Tonqal hər tərəfdən görünən hündür bir yerdə, adətən təpədə yandırılır. Odunlar çatıltı ilə yandıqca odun-ocağın şərəfinə nəğmələr, alqışlar, andlar, müdrik sözlər deyilir, onun müqəddəsliyi tərənnüm edilir. Bu çərşənbənin təbiətinə uyğun mərasimlər keçirir, tonqalın ətrafında müxtəlif oyunlarla əylənirlər. Böyükdən kiçiyədək hamı yeddi dəfə tonqalın alovu üstündən tullanır. “Ağrım-uğrum, azarım-bezarım üstümdən burada qalsın” – deyirlər. Alov səngiyəndə ağsaqqal babalar, ağbirçək nənələr də odun üstündən keçir. Bələkdə olan körpəni də tonqalın üstündən keçirirlər ki, çilədə qalmasın.

Bu çərşənbə axşamında bütün aləm nura, od-alova qərq olur, qonşular təziyəli olanların həyətlərində də tonqal yandırıb həmin ailəni yasdan çıxarır, evlərdə ailə üzvlərinin sayına görə şam yandırırlar. Azərbaycanlılar oda-ocağa azarı-bezarı məhv edən, şər ruhları qovan, il boyu yığılıb qalmış suçlardan, ağırlıqlardan təmizləyən, çətinlikləri azaldan qüvvə kimi də inanırlar:

Ağırlığımı yer götürsün,

Ruzumu göy gətirsin...

Od çərşənbəsində sübh tezdən Günəşə qurban aparıblar. Qədim etiqadlara görə, insan odu-ocağı, Günəşi nə qədər əzizləsə, təbiət bir o qədər tez isinər, canlanar, torpaq oyanar, sular qızar, buzlar əriyər, küləyə ilıq nəfəs gələr. İstiliyin bu mühüm mənbəyi adamlara böyük sevinc, xoşbəxtlik və bayram gətirər.

Babalarımızın ən qədim andı Günəş idi, od-ocaq idi. And içəndə deyirlər: “Günəş haqqı”, “Od haqqı”, “Bu Günəşə kor baxım”, “Ocağın sönməsin”, “O işığa, o ocağa and olsun” sözləri azərbaycanlıların ən böyük alqışı, andı, xeyir-duasıdır. Alqış edəndə deyirlər: “Ağ gün görəsən”, “İşıqlığa çıxasan”, “Üstünə nur çilənsin”, “Üzünüzə yaz günəşi doğsun” və s.

Ulularımız od-ocaq qarşısında səcdəyə durmuşlar, əyilib ocaqdan od almışlar, ətrafında ayinlər, oyun və əyləncələr icra etmişlər. Qobustan qayaüstü rəsmləri arasında aşkar olunmuş “Yallı” rəqsinin od ətrafında ifa edilməsi buna misaldır.

Od, insanı yaşadığı yerə-yurda, el-obaya bağlayıb. Babalarımız da insanın məskən saldığı yerə “ocaq” deyib. Azərbaycanın ən qədim sakininin özü də, əsil-nəsəbi də, yurd-yuvası da həmin ocaqla, od duyğusu ilə tanınır.

Odsevər əcdadlarımız ta qədim zamanlardan bütün el şənliklərini, toy və bayramlarını alovla-tonqalla rövnəqləndirmiş, küçələrdə, meydanlarda tonqallar, evlərdə, eyvanlarda şamlar, çıraqlar yandırmışlar. Xalqımızın uzaq keçmişindən yadıgar qalan bu adət və ənənələr bu gün də yaşayır.