AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kəndirbaz oyunu

Nümunənin reyestr kodu : FO0202000003

Kəndirbaz oyunu, bir qayda olaraq kənddə-obada tarla işləri başlamazdan əvvəl və məhsul mövsümü başa çatdıqda, həmçinin toylarda və kütləvi el bayramlarında göstərilir. Oyun şəhər və ya kənd meydanlarında münasib görülən bir ərazidə oynanılır. Burada iki və ya üç şalban bir-birinə çatılıb iki dirək hazırlanır, həmin dirəklər yerdən 3-4 metr (bəzən 5-6 m) hündürlüyə qaldırılıb bir-birindən 10-15 metr aralı, haçalanmış və maili vəziyyətdə yerə basdırılır. Bundan sonra hər iki dirəyin yuxarıdakı haçalarına "canbaz ipi" və ya "kanat" adlanan ip dolanır, onu tarım çəkəndən sonra dirəklərə möhkəm bağlanılır. Ardınca kəndirin hər iki ucu torpağa bərkidilir. Beləliklə "dar", "çarmıx" və ya "karxana" adlanan qurğu hazırlanır.

Kəndirbaz oyunda kəndirbaz dəstəsi – canbaz pəhləvan, yalançı pəhləvan, gözətçi və zurnaçılar iştirak edirlər. Qurğu hazır olduqdan sonra zurna-nağara səsi ətrafı bürüyür, tamaşaçılar meydana toplaşırlar. Xeyli camaat toplaşdıqdan sonra kəndirbaz meydan ətrafında dövrə vurub əyləşmiş tamaşaçılara ehtiramla təzim etdikdən sonra üzünü qibləyə tutub Allaha, peyğəmbərə və müqəddəs imamlara müraciətlə dua oxuyub onlardan kömək, güc-qüvvət diləyir. Daha sonra əlinə “ləngər” və ya “pərdi” adlanan müvazinət ağacını alaraq cəldliklə karxana üzərinə qalxır. Ləngərin uclarına çox vaxt torpaqla dolu kiçik torbalar və əskilər bağlanır. Bu zaman aşağıda, kəndir altında oyunun ikinci ifaçısı, yalançı pəhləvan – "keçəpapaq" öz rolunu ifa edir. O, müxtəlif məzəli hərəkətlər edərək tamaşaçıların diqqətini cəlb edir, gah heyvan, gah quş səsləri çıxarır, pəhləvanın ifa edəcəyi hərəkətləri aşağıda yöndəmsiz şəkildə göstərməyə çalışır. Daha sonra yalançı pəhləvan tamaşaçılardan pul toplayaraq, onların sifarişlərini məzəli tərzdə canbaz pəhləvana çatdırır. O da zurnaçıların müşayiəti ilə ipin üzərində bir-birinin ardınca müxtəlif hərəkətlər icra edir, ayrı-ayrı tamaşaçıların şərəfinə şıdırğı rəqs oynayır.

Canbazlar çıxışlarını nisbətən sadə tryuklarla başlayıb get-gedə daha mürəkkəb hərəkətlər ifa edirlər. Məsələn, onlar böyük bir mis qazanın üstündə və ya içərisində dayanaraq, tarım kəndir üzərində sürüşür, başı üzərinə qaynar samovar qaldıraraq, kəndir üzərində yeriyir. Bəzi pəhləvanlar ayaqlarına bir neçə iti xəncər bağlayıb kəndirdə gəzinir. Bir para ustad kəndirbazlar gözlərini bağlayıb, çiyninə kiçik bir oğlan uşağı qaldırır və sonra uşaq ilə birlikdə əlindəki təbili çalaraq ip üzərində atılıb-düşür. Bəzən ipdə oynayanlar kəndirin düz ortasında dayanıb əlindəki ox-kamanla uzaqda qoyulmuş hədəfə sərrast ox atırlar. Bu hərəkətlərin icrası zamanı yalançı pəhləvan da müxtəlif replikalarla, dəhşət, qorxu ifadə edən səslərlə oyunun dramatikliyini, həyəcanını artırır. Tryuklar arasında məzəli hərəkətlərlə tamaşaçıların diqqətini cəlb edir, bununla həm pəhləvanın dincəlməsinə, həm gözətçinin qurğunun möhkəmliyini yoxlamasına, həm də bir daha pul toplamasına şərait yaradır.

Kəndirbazlar Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərsələr də, yurdumuzun şimal bölgələrində onların sayı daha çoxdur.

Avropalı səyyah Jan Şarden hələ 17-ci əsrdə Azərbaycanda gördüyü kəndirbazlar haqqında yazırdı ki, bu ölkədə məharətli kəndirbazlar, kukla teatrı göstərənlər, şəbədəbaz məzhəkəçilər vardır. Onlar dünyanın başqa ölkələrində olduğu kimi fəaliyyət göstərirlər. Səfəvi kəndirbazları ayaqyalın oynayırlar. 30 və ya 40 zər (ölçü vahidi) ölçüdə olan bir bürcün yuxarısından bir kəndiri aşağı sallayırlar, sonra bu bəndlə yuxarı qalxırlar, aşağı enirlər. Amma bu hərəkətləri başqa yerlərdəki kimi kəndir üzərində yerinə yetirmirlər. Ayağın barmağına istinad edərək çox da qalın olmayan kəndir üzərində oynayırlar. Onlar avropalı kəndirbazlar kimi kəndir üstündə birbaşa rəqs etmir, kəndir üstündə məzhəkə, oyun çıxarır, tullanır, fırlanırlar. Bu kəndirbazların ən böyük fəndi kəndir üstündə iki ədəd məcməyini üst-üstə yerləşdirib onun üstündə oturmaqdır. Kəndirbaz məcməyidə oturmuş vəziyyətdə iki dəfə irəli və geri fırlanır. Kəndirbazların bəziləri zəncirdən istifadə edirlər və onun üzərində oyun çıxardırlar (A.Baxşəliyev).

Bakıda peşəkar sirk sənətinin vüsət aldığı, peşəkar kəndirbazların stasionar sirklərdə çıxış etdiyi vaxtlarda belə ənənəvi kəndirbazlıq sənətinə maraq azalmamışdı. Bu gün də bu oyun həm sirk tamaşalarının, həm də el-oba şənliklərinin ən populyar janrı kimi təqdim edilir.