AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sumqayıt şəhər Mədəniyyət Mərkəzi

Mədəniyyət mərkəzinin binası 1954-cü ildə “Azərdövlətarxivlayihə" tərəfindən hazırlanmış layihə-smeta sənədləri əsasında inşa edilərək Sumqayıt şəhər sakinlərinin istifadəsinə verilmişdir. Mərkəzdə 226 yerlik tamaşa zalı və əməkdaşların fəaliyyəti üçün 15 iş otağı var. Bina dövlət tərəfindən qorunan yerli əhəmiyyətli memarlıq abidəsidir. Mədəniyyət mərkəzinin binası keçmiş Sumqayıt Alüminium zavodunun balansında olmuş, 1999-cu ildə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin balansına verilmişdir. Müəssisə fəaliyyətini geniş və əhatəli qurmuşdur. Belə ki, bədii özfəaliyyət kollektivləri keçmiş SSRİ-nin Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, Rusiyanın Arxangelsk vilayətində inşaatçılar qarşısında çıxış etmişdir. 1985-ci ilədək burada müxtəlif sahələr üzrə 18 bədii özfəaliyyət kollektivi fəaliyyətdə olub. Həmin kollektivlər dəfələrlə müxtəlif xalq yaradıcılığı festivallarında çıxış edərək diplomlarla təltif olunmuş, laureat adına layiq görülmüşlər. Hazırda Mədəniyyət mərkəzində 15 adda kurs və 4 bədii özfəaliyyət kollektivi “Pöhrə” aşıqlar ansamblı, ”Segah” muğam qrupu, ”Rövşən” ritm qrupu və "Dəcəllər" rəqs qrupu fəaliyyət göstərir.
 
Kurslara üzv olmaq üçün hər il xeyli sayda uşaq, yeniyetmə və gənc Mədəniyyət mərkəzinə müraciət edir. "Pöhrə" aşıqlar ansamblı 1975-ci ildə aşıq Sədi Abbasovun rəhbərliyi ilə təşkil olunub. Hazırda ansambla istedadlı gənc aşıq Elməddin Məmmədov rəhbərlik edir. Elməddin Məmmədov 2008-ci ilin sentyabrında Qazaxıstanda keçirilən Xəzəryanı dövlətlərin “Xəzər dostluq dənizidir” folklor festivalında çıxış etmiş və diploma layiq görülmüşdür. "Dünya" Müstəqil Teleradio Şirkəti tərəfindən keçirilən "Saz-söz dünyası" aşıq müsabiqəsində ansamblın üzvləri Aynel İsmayılova l, Yusif Qarayev ll yerə layiq görülmüşdür. Elməddin Məmmədov 2007-ci ilin may ayında Türkiyədə keçirilən “Kültür və sanat” festivalında iştirak etmiş, diploma layiq görülmüşdür. 2015-ci ilin aprel ayında Sumqayıt şəhər bələdiyyəsinin xətti ilə Ankara Keçiörən bələdiyyəsinin təşkil etdiyi "Sumqayıt günləri"ndə "Segah" muğam qrupu iştirak etmişdir. Qrup həmin bələdiyyənin təşkilatçılığı ilə 2016 və 2017-ci illərdə keçirilən VII və VIII Beynəlxalq Ramazan Festivalında da çıxış etmişdir.

"Rövşən" ritm qrupu 2015, 2016, 2017-ci illərdə Samarada keçirilən Beynəlxalq Ritm Festivalında Azərbaycanı təmsil edib. Bədii özfəaliyyət kollektivləri qeyri-maddi mədəni irsin qorunması, xalq yaradıcılığının inkişafı və təbliği ilə əlaqədar şəhər və beynəlxalq miqyasda keçirilən bir sıra tədbirlərdə iştirak edib, televiziya kanallarında yayımlanan müxtəlif verilişlərin qonağı olub. “Dəcəllər” rəqs qrupunun üzvləri, əsasən, azyaşlılardan ibarətdir. Kollektivin repertuarını başlıca olaraq milli rəqslər təşkil edir. Üzvlərə Azərbaycan milli rəqslərinin sirləri sevə-sevə öyrədilir.
 
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair" Dövlət Proqramına əsasən Mədəniyyət mərkəzində 2017-ci ilin sentyabr ayından başlayaraq filmlər nümayiş olunur.

Əlaqəli nümunələr