AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Maştağa Mədəniyyət evi

Maştağa Mədəniyyət evi 1921-ci ildə fəhlə-kəndli klubu adı ilə təşkil edilmişdir. Klubunun qarşısına kəndliləri kluba cəlb etmək, onlar arasında siyasi-maarif işini aparmaq məqsədi qoyulmuşdur. Buna görə də həmin dövrdə klubda təşkil edilən dram dərnəyi vasitəsilə təkcə Maştağada deyil, həm də onun ətrafında yerləşən Bilgəh, Nardaran, Buzovna və Mərdəkan kəndlərində müxtəlif tamaşalar verilmiş, kənd əhalisi arasında geniş təbliğat, mədəni-maarif işi aparılmışdır. Maştağa fəhlə-kəndli klubu sonralar öz fəaliyyətini genişləndirmiş və Maştağa Mədəniyyət evi adlanmışdır. Ömrünün əlli ildən çoxunu teatr sənətinə həsr etmiş Hacıməmməd Qafqazlı mədəniyyət evinin əsasını qoyanlardan biri və sənət ocağının ilk rəsmi rejissoru olmuşdur.
 
Maştağa Mədəniyyət evinin nəzdindəki dram dərnəyində SSRİ Xalq artisti, görkəmli səhnə ustası Hökumə Qurbanova da çıxış etmişdir. Respublikanın xalq artistləri Həsənağa Salayev, Gülxar Həsənova və Şirzad Hüseynov Maştağa Mədəniyyət evinin səhnəsində müxtəlif tamaşalarda dəfələrlə iştirak etmişlər. 1922-ci ildə Maştağa Mədəniyyət evində yaradılmış ”Meyxana folklor teatrı“ öz dəst-xətti ilə başqa özfəaliyyət teatrlarından xeyli fərqlənmişdir. Mədəniyyət evinin fəxr etdiyi kollektivlərdən biri də “İstedad” xalq çalğı alətləri ansamblıdır. Bu ansamblın yaradılmasında Novruz Aydəmirovun böyük rolu olub. Sonradan ansambla Mirzə Nəbiyev rəhbərlik edib.
 
Maştağa Mədəniyyət evi hazırda görkəmli səhnə ustası Hacıağa Abbasovun adını daşıyır. 2014-cü ildə Dövlət Proqramı çərçivəsində yenidən tikilməyə başlamış Mədəniyyət evinin binası 2017-ci ilin dekabr ayında istifadəyə verilmişdir. Mədəniyyət evinin yeni binasında kitabxana da daxil olmaqla 310 nəfərlik tamaşa zalı, 88 nəfərlik konfrans zalı, 50 nəfərlik kino zalı, inzibati otaqlar, rəssam otağı, rəsm, rəqs zalı, heykəltaraşlıq, evdarlıq, ədəbiyyat otaqları vardır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Boz ay

Qışın fevralın 21-dən martın 21-nə qədər davam edən sonuncu mərhələsinin xalq arasındakı adı. Bu dövrün belə adlanması onun isti, soyuq, buludlu, yağışlı, küləkli keçməsi ilə bağlıdır. Boz ayın şıltaq təbiəti “boz ay bozara-bozara keçər” deyimində də qorunub saxlanmışdır. Həmin qeyri-müəyyənliyinə görə xalq onu boz ay, alaçalpo, ağlar-gülər, boş qış adlandırmışdır. Havanın Boz ayda b...

Ətraflı