AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şüvəlan qəsəbə Mədəniyyət evi

Şüvəlan qəsəbə Mədəniyyət evi 1957-ci ildə Şimal DRES-də tikilən standart tipli mədəniyyət evidir. 2001-ci ilədək Azərenerji Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən mədəniyyət evi, 2001-ci ildən etibarən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyinə keçmişdir. 2008-ci ildə Şüvəlan qəsəbə Mədəniyyət evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmiş və qəsəbə sakinlərinin ixtiyarına verilmişdir. Şüvəlan qəsəbə Mədəniyyət evi bu gün gənclərin və yeniyetmələrin, eyni zamanda şagirdlərin və azyaşlı uşaqların asudə vaxtlarını səmərəli və məzmunlu keçirmələri, dərsdən kənar vaxtlarda öz dünyagörüşlərini artırmaları, peşəyönümlü kurslarda öz fəaliyyətlərini genişləndirmələri üçün böyük əhəmiyyətə malik işlərin həyata keçirilməsini təmin edir. Bu baxımdan, mədəniyyət evində qəsəbə sakinlərinin arzu və istəkləri nəzərə alınaraq müxtəlif kurs və dərnəklər fəaliyyət göstərir. Milli rəqs, fortepiano, sintezator, saz, nağara, rəsm, məktəbəqədər hazırlıq, ingilis dili, karate, poeziya, kukla teatrı kimi kurs və dərnəklərdə gənclər böyük həvəs və maraqla bunlardan bəhrələnir, keçirilən mədəni-kütləvi tədbirlərdə, sərgi və müsabiqələrdə fəallıq göstərirlər.
 
Mədəniyyət evinin fəaliyyəti təkcə kurs və dərnəklərə dinləyiciləri cəlb etmək deyil, eyni zamanda bu müəssisədə müxtəlif istiqamətli tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etməkdir. Vətənpərvərlik, fiziki və estetik tərbiyə mövzusunda keçirilən bir çox tədbirlər, xüsusilə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin anım və yubiley mərasimlərinin, xatirə gecələrinin, sərgilərin, musiqi alətlərində ifa üzrə müsabiqələrin keçirilməsi, el bayramları və mərasimlərinin təşkil edilməsi mədəniyyət evinin əsas vəzifələrindən biridir. Şüvəlan qəsəbə Mədəniyyət evində fəaliyyət göstərən və qızlardan ibarət “Məşəl” rəqs kollektivi öz repertuarını xeyli zənginləşdirmiş və onların Mədəniyyət evindəki tədbirlərdə, rayon və şəhər əhəmiyyətli tədbirlərdəki maraqlı və yaddaqalan çıxışları hər kəsin diqqətini çəkməkdədir. Gənclərdən təşkil olunmuş “Gənclik” instrumental ansamblı da öz repertuarı ilə həmişə qəsəbə sakinlərinin rəğbətini qazanmışdır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı